Sinqapur-2023: Karlos Sayns ardıcıl ikinci dəfə poulda, Red Bull büdrədi

Ferrari komandasının sürücüsü Karlos Sayns Sinqapurda poul alaraq, bu il ardıcıl ikinci dəfə bu uğura nail olub.

F-1.az bildirir ki, Marina Bay trasında bu il bəzi dəyişikliklər olub və bununla da tras 10 saniyə sürətlənib. Süni işıqlar altında gecə keçirilən sıralanma turunda maraqlı mübarizə olub və sonda poulu Ferrari-dən Karlos Sayns qazanıb.

Sıralanma turunun ilk sessiyasının sonlarında Lən Stroll qəza edərək, qırmızı bayraqların çıxmasına səbəb olub. Qəza zamanı bariyerlər zədələnib və bariyerləri düzəldənə qədər 30 dəqiqə vaxt keçib. Qırmızı bayraqlar çıxan zaman Valtteri Bottas, Oskar Piastri, Loqan Sarcent, Quanyu Çjou və qəza edən Ləns Stroll 15-liyə düşə bilməmişdilər. Beləliklə bu 5 sürücü Sinqapurdakı sıralanma turunda mübarizəni elə ilk sessiyadaca dayandırıblar.

Ləns  Strollun zədəlkədiyi bariyerlər düzəldiləndən sonra ikinci sessiyaya start verilib. Bu sessiyada mübarizə daha da qızışıb və sürücülər son sessiyaya qalmaq üçün əllərindən gələni ediblər. Karlos Sayns burada hamıdan üstün olub. Corc Rassell ikinci, Fernando Alonso üçüncü yeri tutub.

Haas komandası burada iki sürücü ilə birdən son sessiyaya qalıb – Maqnussen 4-cü, Hülkenberq 6-cı olub. Şarl Lekler 7-ci yeri tutub. Həmilton, Okon və Louson onluğu tamamlayıblar.

Həftəsonunun ən böyük sensasiyası isə Maks Ferstappenin Louson tərəfindən onluqdan kənara çıxarılması olub. Maks 11-ci olaraq, son sessiyaya qala bilməyib. Red Bull komandasının digər sürücüsü Serxio Peres isə son cəhdində yerində fırlanıb və 13-cü yerlə kifayətlənməli olub. Beləliklə, Sinqapurda çempionluğu təmin etməyi planlaşdıran Red Bull komandası pis sürprizlə qarşılaşıb.

Maks Ferstappen son sessiyaya qala bilməyəndən sonra çox qəzəblənib və pitə gəldikdən sonra bolid boksa çəkilmədən kokpiti tərk edib.

Son sessiya isə çox maraqlı alınıb. Karlos Sayns ilk cəhdlərdən sonra ən yaxın rəqibi Leklerdən 0.25 saniyə öndə olsa da, son cəhdlərdə həm Sayns, həm də Lekler səhvə yol veriblər. Buna baxmayaraq, ispaniyalı sürücü poul qazana bilib. Lekler isə bu səhvinə görə Corc Rasselin də arxasına düşərək, 3-cü olub. Norris 4-cü, Həmilton 5-ci yerləri tutublar. Maqnussen 6-cı, Alonso 7-ci, Okon 8-ci, Hülkenberq 9-cu, Louson isə 10-cu yerlərdə qərarlaşıblar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*