Le Manda TRİLLER: Qəzalar, cərimələr, çınqıllıqda dava – tarixin 1000-ci yarışını Bezzekki qazanıb

Fransanın əfsanəvi Le Man trasında motosikletçilərin MotoGP dünya çempionatının 5-ci mərhələsi bugünkü əsas yarışlar başa çatıb. Bugatti-nin zavod trası bu dəfə tarixin 1000-ci yarışına şahidlik edib.

F-1.az xəbər verir ki, mövsümün lideri Françesko Banyaya yenə də poulun üstünlüyündən yetərincə yararlana bilməyib – əvvəlcə Cək Miller, daha sonra Mark Markes onu arxada qoyublar. Geridə iki Pramac sürücüsünün təması Joan Zarkonun geriyə düşməsi ilə nəticələnib.

Bir neçə dövrədən sonra Maverik Vinyales gözəl ötmələrlə diqqət cəlb edib və onun Banyaya ilə mübarizəsi hər ikisi üçün çınqıllıqda başa çatıb. Sürücülər ayağa qalxan kimi söz mübadiləsi yumruq zərbələrinə keçib.

Fürsətdən Miller və Markes yararlanıblar, amma hiss olunub ki, həm KTM-in, həm də Honda-nın tempi yoxdur.

Tezliklə peleton qaçqınları haqlayıb. VR46 komandasının sürücülərinin sıx mübarizəsi isə Luka Marininin idarəetməni itirməsi ilə nəticələnib. Luka baykı qaldırmağa nail olsa da, arxadan gələn Aleks Markes ona çırpılıb və hər iki sürücü mübarizəni dayandırıb.

Komanda yoldaşını tibb mərkəzinə göndərən Marko Bezzekki isə əvvəlcə Xorxe Martini keçib, daha sonra qayda pozuntusu ilə Mark Markesi qabaqlayıb. Markes vaxt itirdiyi üçün Xorxe də onu keçib.

Bu zaman insidenti araşdıran stüardlar Bezzekkiyə bir mövqe qaytarmaq cəzası veriblər. Marko Xorxeni irəli buraxıb, amma bir neçə döngədən sonra onu yenidən keçib.

Növbəti dövrədə uzun düzlüyün sonunda Bezzekki liderliyi də ələ alıb – tempi aşağı düşmüş Milleri Markes və Martin də keçiblər. Miller isə bir neçə dövrədən sonra çınqıllıqda mübarizəni dayandırmalı olub.

Amma bundan əvvəl Millerin komanda yoldaşı Brəd Binderlə mübarizəsi ikincinin hakimlər tərəfindən cəzalandırılması ilə nəticələnib – KTM sürücüsü döngəyə “uzun yol”la girməli olub.

Bezzekki Markeslə fərqi 2 saniyəyə çatdırıb. Arxada Markes əvvəlcə bir saniyəlik üstünlük qursa da, bir neçə səhvi üzündən Martin fərqi azaldıb və finişə 2 dövrə qalmış irəli çıxıb. Bir neçə döngə sonra isə asfaltla ilişməni itrmiş Markes yıxılıb və yerli azarkeşlərin sevimlisi, ilk dövrədə geri düşmüş Joan Zarko 3-cü yerə yüksəlib.

Sürücülər elə bu ardıcıllıqla da finiş görüblər – tarixin 1000-ci yarışı Ducati-nin törəmə komandalarının podiumu ilə başa çatıb.

Karyerasında və mövsümdə 2-ci qələbəsini qazanan VR46 komandasının sürücüsü Marko Bezzekki çempionatda Banyaya ilə fərqi 1 xala endirib. Pramac komandasının sürücüləri Xorxe Martin və Joan Zarko 1000-ci yarışın mükafatçıları olublar.

Qeyd edək ki, finişə cəmi 13 sürücü çatıb – Honda-nın digər sürücüləri Xoan Mir və Aleks Rins də yıxılıblar.

Növbəti dəfə çempionat iştirakçıları bir aydan sonra Mucelloda bir araya gələcəklər…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*