Həmiltondan Fransada inamlı qələbə

Mövsümün 8-ci yarışı az öncə Fransanın Pol Rikar trasında başa çatıb. Mercedes komandası və Həmilton həftəsonu boyu davam edən üstünlüyü qələbəyə çeviriblər.

F-1.az xəbər verir ki, 10 illik fasilədən sonra Fransada baş tutan yarışın startı kifayət qədər maraqlı alınıb – ikincilik mübarizəsində Fettel Bottasla toqquşub və maşının ön qanadını zədələyib. Finlandiyalı sürücünün maşınının isə arxa təkəri partlayıb. Hər iki sürücü pit-stop etməli olublar və peletonun arxasına düşüblər.

Həmilton yarışın əvvəlindən sonuna qədər ikinci yerdəki Ferstappenə yaxınlaşmaq şansı verməyib. SuperSoft təkərlərlə yarışın sonunda daha sürətli olan Rəykkönen əvvəlcə komanda yoldaşı Fetteli üstələyib, daha sonra isə podiumun son pilləsi uğrunda mübarizədə Rikkardonu keçib. Startdakı insidentə görə 5 saniyəlik cəza alan Fettel yarışı beşinci, Bottas isə yeddinci yerdə tamamlayıb.

Həmilton mövsümdə üçüncü, karyerasında 65-ci qələbəsini qazanaraq çempionatda yenidən liderliyə yüksəlib. Mercedes komandası isə Mühəndislər Kubokunda Ferrari ilə fərqi bir qədər də artırıb.

Yarış barədə geniş məlumat saytımız tərəfindən bir qədər sonra veriləcək…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*