Əfsanəvi tras Çin Qran Prisini əvəzləyə bilər?

Əfsanəvi Entso və onun gənc yaşlarında vəfat etmiş oğlu Dino Ferrarinin adlarını daşıyan İmola trası 1980-ci ildə İtaliya Qran Prisini, 1981-ci ildən 2006-cı ilədək San Marino Qran Prisini qəbul etməklə təqvimdə yer alıb, amma infrastrukturu tədricən pisləşən, yenilənməyən tras müasir tələblərə cavab vermədiyi üçün təqvimdən çıxarılmışdı.

F-1.az bildirir ki, arxada qalan 15 il ərzində orada çox şey dəyişib, Hermann Tilkenin layihəsinə uyğun olaraq geniş yenidənqurma işləri aparılmış və keçən il FİA tras üçün 1-ci səviyyəli (GRADE 1) lisenziya verib, yəni bu trasda artıq Formula1 yarışlarını keçirmək mümkündür.

İtaliyada bu trasa Qran Prini qaytarmaq istəyi barədə çoxdan danışırdılar, amma son vaxtlara qədər bu planları ciddi adlandırmaq olmazdı. Lakin hazırkı vəziyyətdə, Çin Qran Prisinin koronavirusun yayılması səbəbindən qeyri-müəyyən vaxta təxirə salındığı bir zamanda trasın rəhbərliyi Şanxayın əvəzinə İmolada yarış keçirmək təklifi ilə çempionatın təşkilatçılarına müraciət edib.

“Biz həqiqətən FİA-ya və Formula1-ə Çin Qran Prisini (İmolada yarışla) əvəz etmək təklifi göndərmişik, – deyə avtodromun direktoru Roberto Maratsi bildirib. – Ancaq hələ cavab almamışıq. Aydın məsələdir ki, bütün bunları təşkil etməyin heç də asan olmayacağını dərk edirik”.

Nəzəri olaraq, belə bir əvəzləmənin reallaşması üçün çox sayda məsələni (təşkilati, texniki, maliyyə) həll etmək lazımdır. Bunu tez bir zamanda reallaşdırmaq mümkün deyil və istənilən halda sponsorların ciddi dəstəyini cəlb etmək lazımdır, çünki layihə böyük sərmayələr tələb edir.

Hazırda, İmolada bütün böyük beynəlxalq yarışlardan yalnız Superbike Dünya Çempionatının mərhələsi keçirilir, ancaq keçənilki yarışın iştirakçıları baryerlərin trasa təhlükəli yaxınlığından gileylənmişdilər. Avtodromun bütün zəruri FİA lisenziyalarına sahib olması, heç də Formula 1 komandalarının nə testlərin, nə də yarışların uzun müddət keçirilmədiyi trasda yarışmağa hazır olduqlarını ifadə etmir – komanda və sürücülərin trasın xüsusiyyətləri barədə etibarlı məlumatları belə yoxdur.

Hərçənd, məhz bu xüsusiyyəti İmola Qran Prisini çox maraqlı edə bilərdi, amma əvvəlcə onun həyata keçirilməsi barədə əlaqədar şəxs və qurumların razılaşması gərəkdir. Hələlik isə bu barədə yalnız xəyal etməliyik – əslində Entso və Dino Ferrari adına trasın rəhbərliyi də elə xayallarla yaşayır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*