Corc Rassell də güc qurğusunun dəyişdirilməsinə görə cəzalanacaq

Mercedes-in sürücüsü Corc Rasselli maşınında mövsüm ərzində icazə verilən limitdən artıq güc qurğusu komponentləri dəyişdirildiyi üçün startda yer itirmək cəzası gözləyir. Bu barədə komandanın rəhbər müavini Bredli Lord məlumat verib.

Daha əvvəl məlum olmuşdu ki, oxşar cəza Corcun komanda yoldaşı Kimi Antonellini da gözləyir. Şəxsi hesabda lider olan sürücünün güc qurğusu növbəti mərhələdə – Monzada dəyişdiriləcək.

“Hələ Corcun cəzanı hansı mərhələdə çəkəcəyinə qərar verməmişik, amma bu, hər iki sürücüyə aid olacaq, – deyə Lord Nu Silver Arrows Radio Show-da bildirib. – Corc Kanadada mübarizəni dayandırdı, Kimi Barselonada, Macarıstanda isə Corc sıralanma turunu vaxtından əvvəl başa vurmalı oldu. Bu yarışda baş versəydi, nəticələri daha ciddi ola bilərdi.

Mövsümün qalan mərhələlərindən elə istifadə etməliyik ki, hər iki maşın mövsümü güc qurğusunun mümkün qədər təzə və effektiv komponentləri ilə başa vursun. Daim böyük yürüşə malik hissələrdən istifadənin riski ilə startda alınacaq cəriməyə görə xal itirmək və daha sonra yarış ərzində mövqe qazanmaq zərurəti arasında balans tapmağa çalışırıq”.

Komandanın texniki direktoru Ceyms Əllison əlavə edib ki, komandada hər yarışdan sonra vəziyyət qiymətləndiriləcək və dəyişiklik hansı mərhələdə ediləcəyinə yalnız bundan sonra qərar veriləcək: “Hər yarış Mercedes komandası və müştəriləri üçün yeni təcrübə qazandırır, eyni zamanda komponentlərin yürüşünü artırır. Biz daim onların vəziyyətini yoxlayır və əvvəllər görülmüş tədbirlərin problemlərin səbəblərini aradan qaldırıb-qaldırmadığını dəyərləndiririk.

Bir neçə yarışdan sonra ola bilər ki, hazırda düşündüyümüzdən daha əmin olaq ki, güc qurğusu altıncı və ya yeddinci mərhələyə tab gətirə bilər. Buna görə də hər uik-enddən sonra planlarımızı yenidən nəzərdən keçiririk”.

,