Antonelli: Sükan arxasında mən tamam başqa insana çevrilirəm

Kimi Antonelli mövsümün 12 mərhələsindən sonra dünya çempionatına Corc Rassell üzərində 59 xallıq üstünlüklə başçılıq edir. Onun Mercedes-dən olan komanda yoldaşı geridə qalıb, amma komanda, təbii ki, Mühəndislər Kubokunun turnir cədvəlinə başçılıq edir.

Bir həftədən də az əvvəl 20 yaşını qeyd etmiş italiyalı sürücünün inkişafını hamı etiraf edir. O, debüt mövsümünü fərdi hesabda 7-ci yerdə başa vurmuşdu, bu il isə artıq altı qələbə qazanıb və titula əsas namizədlərindən biri sayılır.

“Təcrübə çox vacib rol oynayır, – deyə Antonelli çempionatın rəsmi saytına müsahibəsində bildirib. – Əlbəttə, onu toplamaq üçün hələ uzun yol keçməliyəm, amma düşünürəm ki, ötən ilin bütün uğursuzluqlarına və çətin dövrlərinə baxmayaraq mənə öyrətdikləri də zəruri idi. Çünki peşəkar baxımdan bu, gözlədiyimdən daha sürətli inkişaf etməyimə kömək etdi. Psixoloji cəhətdən də məni möhkəmləndirdi”.

Kimi, demək olar ki, dərhal paddokun ən populyar simalarından birinə çevrilib və azarkeşlərin ona marağı son dərəcə böyükdür, amma bu onu yalnız sevindirir: “Mən bundan maksimum həzz almağa çalışıram. Təəssüf ki, əlbəttə, elə anlar olur ki, hamını sevindirə bilmirsən, amma mən bundan mümkün qədər çox zövq almağa çalışıram və hər uik-end əlimdən gələni edirəm, çünki azarkeşlər bizim idmanda çox vacib rol oynayırlar. Ümumiyyətlə, təbii ki, onların coşqusunu görmək və dəstəyini hiss etmək həmişə çox xoşdur.

Əlbəttə, yarış həftəsonlarında iş tempimiz həmişə çox gərgin olur, amma buna baxmayaraq, sükan arxasında olmadığım vaxt təkcə növbəti günün tapşırıqlarına köklənmirəm, həm də mexaniklərimizlə birlikdə gülməyə çalışıram və bunun üçün ən uyğun gün cümə axşamıdır.

Buna görə də hər cümə axşamı mütləq boksa baş çəkir və bütün mexaniklərlə yarım saat keçirirəm – hər mövzudan danışırıq. Bu mənim çox xoşuma gəlir, çünki bir qədər rahatlamağa və psixoloji yükü azaltmağa kömək edir. Amma sükan arxasına keçəndə başqa insana çevrilirəm.

Yarışların zövq verməli olduğunu dərk edəndə bu, daha rahat sürməyə, maşını daha yaxşı hiss etməyə kömək edir – və o zaman yüksək nəticələr qazanmaq da xeyli asan olur. Əlbəttə, bununla yanaşı, özün olaraq qalmalı, həmişə məqsədə çatmağa köklənməli və işlər yaxşı getməsə belə, müsbət məqamları görməyə çalışmalısan. Bu da inkişaf etməyə kömək edir”.