Renault-dan etiraf: Zərər edirik, amma Alpine Formula1-də qalacaq

Bu gün Fransanın paytaxtında 91-ci Paris Avtosalonu öz qapılarını açacaq, dünən isə xüsusi olaraq mətbuat üçün ayrılmış gün olub və toplaşanlar qarşısında Renault Group-un icraçı direktoru Fransua Provo da çıxış edib.

Renault uzun illərdir ki, Formula1-də öz zavod komandası olan yeganə Fransa avtomobil istehsalçısı olaraq qalır – Alpine. Bu gün Fransua Provo bu məsələyə də toxunub və gizlətməyib ki, hələlik dünya çempionatındakı iştirak şirkətə yalnız zərər gətirir.

“Bu investisiyaların tam mənada özünü doğrultması üçün maşınlarımız Formula1 yayımı zamanı ekranda ilk üçlükdə və ya dördlükdə görünməlidir, – deyə o, BFM TV-yə müsahibəsində bildirib. – Yalnız o zaman bunun real təsirini görəcəyik.

Formula1 dünyada ən populyar idman növlərindən biri olaraq qalır və bu çempionatda yalnız bir Fransa brendi təmsil olunur – bu, Alpine-dir. Üstəlik, maşınlardan birini fransalı sürücü idarə edir.

Məhz buna görə biz bu proqramı davam etdiririk və Alpine komandası F1-də qalır. Əlbəttə, biz pul itiririk və bizə asan deyil, amma qulaq asın – qarşıya həqiqətən iddialı hədəflər qoymaq lazımdır!”

, ,