Oliver Börman: “Son altı ayda çox şey dəyişib. Lyuisin azarkeşi kimi onun hansı səviyyədə çıxış etdiyini görmək mənim üçün böyük zövqdür. Onu Barselonada podiumun ən yüksək pilləsində görmək ümumilikdə Formula1 üçün xüsusi an idi.
Podiumda üç britaniyalı yer aldı, ən yaxşı britaniyalı sürücü və eyni zamanda bütün zamanların ən yaxşı sürücüsü birinci oldu. Bu həqiqətən xüsusi an idi, baxmayaraq ki, gələcəyim baxımından bu ən ideal variant deyil.
Mən hələ də gəncəm, cəmi 21 yaşım var. Heç yerə tələsmirəm və gələcəkdə Haas üçün çıxış etməyə davam etmək mənim üçün pis seçim deyil. Hiss edirəm ki, bu komandada hələ öyrənməli və etməli çox işim var.
Keçən il Meksikada və digər mərhələlərdə yaşadığımız o hissləri yenidən yaşamaq çox istəyirəm. Məncə, komanda doğru istiqamətdə gedir və bu yolun bir hissəsi olmaq məni məmnun edir.
İndi bizim üçün çətin dövrdür və bu, xarakteri möhkəmləndirən ciddi çağırışdır. Amma mən istəmirəm ki, məni ilk ili yaxşı keçən, sonra isə belə nəticələrə yenidən çata bilməyən bir komandanın sürücüsü kimi qiymətləndirsinlər. Buna görə ümid edirəm ki, sürətimizdə artım olacaq və yenidən çox xal toplayacağıq.
Təbii ki, hələ də Ferrari-yə və gələcək əməkdaşlığımıza ümid edirəm. Onlar məni ən başlanğıcdan, Formula3-ə gəldiyim vaxtdan dəstəkləyirlər və yalnız onların sayəsində indi burada olmuşam. Buna görə Ferrari-yə çox borcluyam və onlar mənim üçün xəyallarımın komandasıdır.
Bunu yalnız onların bir hissəsi olduğum üçün demirəm, həm də ona görə ki, bu, ehtimal ki, dünyanın ən tanınmış brendidir. Məqsədim hələ də bir gün Ferrari sürücüsü olmaqdır. Hazırda vəziyyət elədir, sonra isə görəcəyik ki, hadisələr necə inkişaf edəcək.
Əlbəttə, mən üç, dörd və ya beş il boş yerin açılmasını gözləmək istəmirəm, çünki heç bir zəmanət yoxdur və nəticədə karyeramın ən yaxşı illərini itirə bilərəm.
Əsas məqsədim bəlkə bir az eqoistdir və bu normaldır, çünki məhz buna görə mən Formula1-dəyəm – titul uğrunda mübarizə aparmaq istəyirəm. Ona görə də belə bir imkan harada olmasa-olsun, ondan yararlanacağam.
Əgər bu o deməkdirsə ki, mən Ferrari-dən ayrılmalı olacağam, çünki onlar mənə belə imkan verə bilməyəcəksə, deməli belədir. Bu mənim nəzarətimdə deyil. Təbii ki, mən qələbə və çempionluq uğrunda mübarizə aparmaq istəyirəm və əgər hansısa komandayla bunun mümkün olduğuna inansam, bu addımı atmağa hazır olacağam”.





