Birmandan Bakıda ardıcıl ikinci qələbə

Gənc sürücülərin Formula2 çempionatında Bakı həftəsonuna əsas yarışla yekun vurulub. Şənbə günü olduğu kimi, bu dəfə də qələbəyə Prema komandasının britaniyalı sürücüsü Oliver Birman sevinib.

F-1.az xəbər verir ki, hələ cümə günü poul qazanmış Oliver dünən sprint yarışda da fürsəti əldən verməyərək qarşısında sürücülərin problem və qəzalarından fərasətlə yararlanıb. Bu həftəsonu Formula2-də ilk poulunu qazanan sürücü dünən ilk sprint, bu gün isə ilk böyük qələbəsini bayram edib.

Yarışın ilk dövrələrində ikinci yerdən start alan ART GP komandasının sürücüsü Teo Purşer daha sürətli olsa da, Oliver uzun düzlükdə fransalı sürücünü üstələyib və bundan sonra yalnız məcburi pitdən sonra boksa getməyən sürücülərin arxasında olub.

Tədricən liderdən geri qalmağa başlayan Purşer yarışın sonunda Enzo Fittipaldini də irəli buraxıb, amma komanda yoldaşı Viktor Marteni arxasında saxlaya bilib.

Əgər bu gün Oliver sürətli dövrəni də öz adında saxlaya bilsəydi, Bakı həftəsonundan maksimum xalla ayrıla bilərdi. Amma ardıcıl ikinci qələbəsindən sonra Ferrari Akademiyasının gənc dinləyicisi ilk beşliyə yüksəlib. Purşer bugünkü üçüncülük sayəsində yenidən Ayumu İvasanı qabaqlayaraq çempionatda liderliyi özünə qaytarıb.

Çempionat iştirakçıları 3 həftədən sonra İmolada mübarizəni davam etdirəcəklər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*