Norris: Digər komandalar da mənə maraq göstərirdilər

Lando Norris etiraf edib ki, onunla əməkdaşlıqda Formula1-in başqa komandaları da maraqlı olublar, lakin o, gələcəyini yalnız McLaren-lə bağlayır.

Şənbə günü Uokinqdəki McLaren Texnologiya Mərkəzində keçirilən “Açıq qapılar günü” zamanı hazırkı dünya çempionu şəxsən elan edib ki, ən azı 2030-cu ilin sonuna qədər bu komandada qalacaq. Üstəlik, onun yeni müqaviləsində uzadılma opsionu da nəzərdə tutulub.

“Digər komandalar da müəyyən maraq göstərirdilər, – deyə Lando BBC Sport-a müsahibəsində bildirib. – Amma mən heç yerə keçmək istəmirəm, başqa komandada yarışmaq və başqa insanlarla vaxt keçirmək istəmirəm. Yəqin elə buna görə də bu qərar Formula1 karyeram boyunca verdiyim ən asan qərarlardan biri oldu.

Müqavilə danışıqları dörd aydan çox əvvəl başlamışdı, amma qapalı qapılar arxasında və çox sakit şəraitdə keçdi. Mən uzun illərdir McLaren-də çıxış edirəm və birlikdə xeyli uğur qazanmışıq. Əlbəttə, hiss edirəm ki, komanda hələ də mənə inanır, mən də ona inanıram.

Bu isə McLaren-də çalışan bütün insanlar arasında çox sıx bağlar yaradır. İstəyirəm inanım ki, bu bağlar mən Formula1-də karyeramı həqiqətən başa vurana qədər eyni dərəcədə möhkəm qalacaq. Bilirəm ki, buna hələ çox var və ümumiyyətlə, bu barədə düşünmək belə istəmirəm.

Mövsümün çətin başlanğıcına baxmayaraq, inanıram ki, komanda əla formadadır və birlikdə istənilən çətinliyin öhdəsindən gələ bilərik”.