Kanada-2022: Sıralanma turu

Jil Vilnöv adına trasda sıralanma turunun nəticələrinin çox da əhəmiyyətli olmadığı deyilir, lakin burada son 5 yarışın dördündə pouldan başlayan sürücü yekunda qələbəyə sevinib.

F-1.az xatırladır ki, dünənki məşqlərdə Maks Ferstappen hamıdan sürətli olub, bu gün yağışda baş tutan son məşqlərdə isə Fernando Alonso protokollara başçılıq edib.

Şarl Lekler yeni güc qurğusuna keçdiyi üçün yarışa eyni addımı atan Yuki Tsunoda ilə birlikdə son cərgədən başlayacaq.

Yağış yağsa da, tamaşaçılar tribunaları tərk etməyiblər.

İlk Sessiyada sürücülər yağış təkərləri ilə trasa çıxıblar. Bəzi hissələrdə gölməçələr olub. Sürücülər vəziyyətin daha da pisləşəcəyindən ehtiyat edərək nəticə göstərməyə tələsiblər. Yağış təkərləri trayektoriyadakı suyu kənara atıb, demək olar ki, hər növbəti nəticə əvvəlkindən daha yaxşı olub. Sessiya sakit keçib, sadəcə Sayns üçüncü döngədə təhlükəsizlik zonasına daxil olub. Lekler, Elbon və Sayns yavaş gedərək rəqiblərinə maneçilik törətdikləri üçün stüardlar tərəfindən çağrılıblar. Ferstappen 1:32.219 ilə əns ürətli olub, Tsunoda, Latifi, Stroll, Fettel və Qasli mübarizəni dayandırıb.

İkinci Sessiyada Albon, Maqnussen, Şumaxer, Alonso, Okon , Peres və Sayns keçid, qalan sürücülər isə yağış təkərləri ilə mübarizəyə başlayıblar. Lekler sükan arxasına keçməyib, çünki Tsunodanı üstələməsi sabah yarışa 19-cu yerdən başlaması üçün kifayət edib. Bəzi ərazilərdə su çox olub. Elbon 6-cı döngədə maşını maneəyə vursa da, zədə olmayıb və yoluna davam edib. Bir dəqiqə sonra isə eyni səhvə Peres 3-cü döngədə yol verib. Lakin onun bəxti Elbon kimi gətirməyib və sıralanma turunu yarımçıq saxlamalı olub. Sessiya qırmızı bayraqlarla dayandırılıb.

Fasilə 12 dəqiqə davam edib. Norris istədiyi nəticələri əldə edə bilməyib. Sürətli dövrələr bir-birini əvəzləyib, yekunda Ferstappen qırmızı bayrağa qədər ən sürətli olan Alonsonun nəticəsini təxminən 7 saniyə yaxşılaşdıraraq protokollara başçılıq edib – 1:23.746. Lekler, Norris və Pereslə yanaşı, Elbon və Bottas da ilk onluqdan kənarda qalıblar.

Son sessiyada hamı keçid təkərlərlə trasa üz tutub. Ferstappen ilk cəhdində lider olub. İkinci cəhdlərdə Rassell riskə gedərək Soft təkərə keçib, lakin bu heç də yaxşı nəticələnməyib və gənc britaniyalı sürücü idarəetməni itirərək otluğa çıxıb. Çjou 9-cu dövrədə trasdan çıxdıqdan sonra geriyə qayıdarkən yarışdirektorunun göstərişlərinə əməl etməyib və stüardların yanına dəvət olunub. Günün rəqibsiz sürücüsü Maks Ferstappen 1:21.299 ilə əlçatmaz olub.

Beləliklə, Maks Ferstappen mövsümdə ikinci, karyerasında isə 15-ci poulunu əldə edib. Fernando Alonso ikinci olaraq Alpine ilə ən yaxşı nəticəsini əldə edib və 2012-ci ildəki Almaniya Qran Prisindən sonra ilk dəfə yarışa ilk cərgədən başlayacaq. Üçüncü və dördüncü yerə isə müvafiq olaraq, Karlos Sayns və Lyuis Həmilton yiyələniblər.

Sabah yarış quru havada baş tutacaq və demək olar ki, heç bir nəticəni proqnozlaşdırmaq asan deyil…

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 1 Maks Ferstappen Red Bull 1 1:32.219 11 1 1:23.746 10 1:21.299 9
2 14 Fernando Alonso Alpine 2 1:32.277 11 2 1:24.848 10 1:21.944 8
3 55 Karlos Sayns Ferrari 3 1:32.781 10 4 1:25.197 10 1:22.096 9
4 44 Lyuis Həmilton Mercedes 12 1:33.841 11 5 1:25.543 11 1:22.891 9
5 20 Kevin Maqnussen Haas 4 1:32.957 12 9 1:26.254 11 1:22.960 8
6 47 Mik Şumaxer Haas 11 1:33.707 11 6 1:25.684 11 1:23.356 9
7 31 Esteban Okon Alpine 6 1:33.012 11 8 1:26.135 11 1:23.529 8
8 63 Corc Rassell Mercedes 7 1:33.160 11 3 1:24.950 11 1:23.557 8
9 3 Daniel Rikkardo McLaren 8 1:33.636 11 10 1:26.375 10 1:23.749 9
10 24 Quanyu Çjou Alfa Romeo 10 1:33.692 11 7 1:26.116 11 1:24.030 9
11 77 Valtteri Bottas Alfa Romeo 9 1:33.689 11 11 1:26.788 10
12 23 Aleksander Elbon Williams 14 1:34.047 11 12 1:26.858 10
13 11 Serxio Peres Red Bull 13 1:33.929 11 13 1:33.127 10
14 4 Lando Norris McLaren 15 1:34.066 11 14 3
15 16 Şarl Lekler Ferrari 5 1:33.008 10 15 0
16 10 Pyer Qasli AlphaTauri 16 1:34.492 11
17 5 Sebastyan Fettel Aston Martin 17 1:34.512 11
18 18 Ləns Stroll Aston Martin 18 1:35.532 12
19 6 Nikolas Latifi Williams 19 1:35.660 11
20 22 Yuki Tsunoda AlphaTauri 20 1:36.575 4
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*