K.Uilyams dördüncülüyə razı deyil

F-1.az xəbər verir ki, son 2 ildə Mühəndislər Kubokunda 3-cü olan Williams komandası cari mövsümdə hələ ki, 4-cü yerdədir və komandanın rəhbərinin köməkçisi Kler Uilyams bundan narazıdır.

Kler Uilyams: “Çempionatda 3-cü və ya 4-cü olmaqdan razı qala bilmərik. Biz belə komanda deyilik. Biz yarışmağı çox sevdiyimiz üçün yox, qalib gəlməyi çox sevdiyimiz üçün buradayıq. Rob Smedli ilə eyni fikirdəyəm. Daha da sürətli olmalıyıq. Biz keçmişdə qələbələr qazanan komanda olmuşuq. 2013-cü ildən etibarən yenidən qalib gəlmək üçün yeni dövr başlatdıq. Üçüncülüyü əldə etmək bizim çox vaxtımızı aldı. Bunu cəmi 2 il ərzində bacarmaq böyük işdir.

Amma biz qələbələr qazanan komanda olmaq istəyirik və bunu bacarmaq üçün görməli olduğumuz çox iş var. Komandada kimisə günhalandırmaq istəmirəm. Çünki çətinliklərimiz çoxdur və hamı bunlarla mübarizə aparır. Bizim Mercedes AMG, Red Bull qədər büdcəmiz yoxdur. Böyük bir mübarizənin içərisindəyik, amma daha yaxşısını əldə etməliyik. Hamı bizim bunu nə qədər çox istədiyimizdən əmin olmalıdır. İndiki nəticələr bizi qane etmir”.

Xatırladaq ki, Formula1-in ən titullu komandalarından olan Williams Mühəndislər Kubokunu sonuncu dəfə 1997-ci ildə qazanıb. Son 10 ildə cəmi 1 dəfə – 2012-ci ildə İspaniya Qran Prisində Pastor Maldonado ilə qalib gələn komandanın sonuncu poulu da 2014-cü ildə Avstriya Qran Prisində Felipe Massa ilə əldə edilib.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*