İspaniya-2021: Yarış

İspaniya Qran Prisi ötmələr az olduğu üçün darıxdırıcı hesab edilir. Barselona trası hər nə qədər ötmələrə imkan verməsə də, buraya hər il bir çox yenilik gətirilir və qüvvələr nisbətini görmək üçün ideal trasdır.

F-1.az xatırladır ki, cümə günü Mercedes sürücüləri protokollarda öndə olsalar da, dünənki son məşqlərdə Maks Ferstappen üstün olub. Lakin niderlandlı sürücü sıralanma turunda Lyuis Həmiltona cüzi uduzaraq, onun 100-cü pouluna mane ola bilməyib.

Pirelli İspaniyaya C2, C3 və C4 tərkiblərini gətirib. Hard təkərlər çox sərt olduğundan, sürücülər digər iki tərkibə üstünlük veriblər.

Yarışa ilk cərgədən Həmilton və Ferstappen, ikinci cərgədən Bottas və Lekler, üçüncü cərgədən isə Okon və Sayns başlayıblar. Qasli öz yerindən bir qədər qabaqda dayandığı üçün yarışın gedişində 5 saniyə cəzalandırılıb.

Startda heç bir insident olmayıb. Ferstappen Həmiltonu üstələyərək liderliyə yüksəlib. Lekler Bottası qabaqlayıb, Sayns bir neçə yer itirib. 2-ci dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Lekler – Bottas – Rikkardo – Peres – Okon – Sayns – Norris – Alonso.

Tsunoda 8-ci dövrədə maşının güc qurğusu söndüyü üçün dayanmalı olub. TM trasa çıxıb. Covinatsi pit-stop edib, lakin yeni taxılacaq sol ön təkər zədəli olduğu üçün 35 saniyə itirib. Williams komandası cüt pit-stop edib. Restart 10-cu dövrədə verilib, Maks mövqeyini qoruyub, Stroll isə Alonsonu qabaqlayıb.

Həmilton ilk sektorda Ferstappenə yaxınlaşsa da, digər iki sektor onun əleyhinə olub. Qasli 19-cu dövrədə cəriməsini də ödəyərək təkərlərini dəyişib, 22-ci dövrədə Fettel və Alonso, 23-cü dövrədə Sayns, Stroll və Mazepin, 24-cü dövrədə Bottas, Okon, Norris və Şumaxer, 25-ci dövrədə isə Ferstappen pit-stop edib. Onlara 26-cı dövrədə Rikkardo, 28-ci dövrədə Peres və Latifi, 29-cu dövrədə isə Həmilton, Lekler və Rassell qoşulublar.

Alonso və Fettel 30-cu dövrədə Covinatsini keçiblər. Həmilton trasa liderdən 6 saniyə geridə qayıtsa da, fərqi sürətlə bağlayaraq DRS məsafəsinə düşüb, lakin hücum etmək imkanı olmayıb. Rəykkönen 38-ci dövrədə yeni təkərlərə keçib. 39-cu dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Bottas – Lekler – Rikkardo – Peres – Sayns – Okon – Stroll – Norris.

Lyuis 43-cü dövrədə ikinci dəfə pit-stop edib, önü açıq olub və fərqi azaltmağa tələsib. Red Bull isə tək pit-stop taktikasında davam etməyə qərar verib. Bu an iki sürücü arasındakı fərq 22 saniyə olub. Peres Rikkardonu ötərək 5-ci olub. Rikkardo və Sayns 47-ci dövrədə növbəti dəfə təkərlərini dəyişiblər, onları 2 dövrə sonra Qasli izləyib. Rikkardo və Sayns 50-ci dövrədə Norrisi ötüblər.

Həmilton 52-ci dövrədə komanda yoldaşını keçərək ikinci olub. Bottas 54-cü dövrədə pit-stopa yollanıb, Sayns isə Okonu geridə qoyub. Norris Russelli ötərək xal zonasına düşüb. Daha sonra isə Alonsonu da keçərək 9-cu yerə yüksəlib. Bottasın Leklerə hücumu da uğurla nəticələnib. Peres 58-ci, Lekler isə 59-cu dövrədə daha bir pit-stop edib.

Həmilton Ferstappenlə fərqi hər dövrədə demək olar ki, 2 saniyə bağlayaraq hücum məsafəsinə yaxınlaşıb. Yeni təkərlərin verdiyi üstünlüklə 60-cı dövrədə hücum edib və liderliyi ələ alıb. Maks 61-ci dövrədə pit-stop edərək Bottasın xeyli önündə trasa qayıdıb. Maks sürətli dövrəni əldə edib.

Lyuis Həmilton mövsümdə 3-cü, karyerasında isə 98-ci qələbəsini qazanıb. Onun Barselonadakı qələbə seriyası da 5-ə yüksəlib. Maks Ferstappen yarışı ikinci sırada, Valtteri Bottas isə üçüncü sırada başa vurub.

Mübarizə 2 həftə sonra knyazlığın dar küçələrində davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:33:07.680 2
2 33 Maks Ferstappen Red Bull + 0:15.841 2
3 77 Valtteri Bottas Mercedes AMG + 0:26.610 2
4 16 Şarl Lekler Ferrari + 0:54.616 2
5 11 Serxio Peres Red Bull + 1:03.671 2
6 3 Daniel Rikkardo McLaren + 1:13.768 2
7 55 Karlos Sayns Ferrari + 1:14.670 2
8 4 Lando Norris McLaren +1 dövrə 2
9 31 Esteban Okon Alpine +1 dövrə 1
10 10 Pyer Qasli AlphaTauri +1 dövrə 2
11 18 Ləns Stroll Aston Martin +1 dövrə 2
12 7 Kimi Rəykkönen Alfa Romeo +1 dövrə 1
13 5 Sebastyan Fettel Aston Martin +1 dövrə 2
14 63 Corc Rassell Williams +1 dövrə 2
15 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 2
16 6 Nikolas Latifi Williams +1 dövrə 3
17 14 Fernando Alonso Alpine +1 dövrə 2
18 47 Mik Şumaxer Haas +2 dövrə 2
19 9 Nikita Mazepin Haas +2 dövrə 2

 

Sürətli dövrə: Maks Ferstappen (Red Bull) – 1:18.149 (62-ci dövrə, 215.357 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRAN:

Sürücü Komanda Dövrə Səbəb
Yuki Tsunoda AlphaTauri 8 güc qurğusu

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 94
2 33 Maks Ferstappen Red Bull Racing 80
3 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 47
4 4 Lando Norris McLaren Racing 41
5 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 40
6 11 Serxio Peres Red Bull Racing 32
7 3 Daniel Rikkardo McLaren Racing 24
8 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 20
9 31 Esteban Okon Alpine F1 Team 10
10 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 8
11 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 5
12 14 Fernando Alonso Alpine F1 Team 5
13 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 2

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 141
2 Red Bull Racing Honda 112
3 McLaren Racing Mercedes 65
4 Scuderia Ferrari Mission Winnow Ferrari 60
5 Alpine F1 Team Renault 15
6 Scuderia AlphaTauri Honda Honda 10
7 Aston Martin Cognizant F1 Team Mercedes 5
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*