İki sürücü uğursuzluğu ilə Red Bull-a qərar verməkdə köməklik edir

Artıq bir aydan çoxdur ki, Nik de Frizin nəticələrindən razı qalmayan Red Bull rəhbərliyi bunu tez-tez dilə gətirir. Son həftələrdə isə eyni söhbətlər Serxio Perezin ətrafında da cərəyan edir.

F-1.az olaraq xatırladırıq ki, biz keçmiş illərdə Red Bull rəhbərliyinin mövsümün ortasında sürücü heyətini dəyişmək qərarından heç də çəkinmədiyinin şahidi olmuşuq. 2016-cı ildə Daniil Kvyat qane etmədiyi üçün onun əvəzinə Maks Ferstappen əsas komandaya gətirilmiş və rus sürücü ikinci dərəcəli komandaya göndərilmişdisə, 2019-cu ildə Aleksander Elbonun Red Bull-a gətirilməsi üçün Pyer Qasli məyus edilmişdi.

Düzdür, ilk halda avstriyalı komandanın başında duranlar haqlı çıxmışdılar – Maks yeni komandasındakı elə ilk yarışındaca qələbə əldə etmişdi və aşağı komandaya göndərilən Daniil orada da heç nə ilə yadda qalmamışdı. Lakin Qasli komandanın necə yanıldığını göstərmişdi – Elbon Red Bull ilə həmin il podium üzü görmədiyi halda, Pyer Braziliyada bunu daha zəif maşınla bacarmışdı. Növbəti il də Aleksanderin iki podiumu Qaslinin Montsadakı zəfərinin yanında kölgədə qalmışdı.

Bu dəfə isə eyni anda iki sürücü ətrafında söhbətlər gedir və belə davam edərsə, Red Bull-dan istənilən addımı görmək sürpriz olmaz. Hər iki sürücünün bu mövsümdəki nəticələrini komanda yoldaşları ilə müqayisə edək:

SERXİO PERES

Yer Sürücü BHR. SƏU. AVS. AZƏ. MAY. MON İSP. KAN. Xal
1 Max Verstappen 1 2 1 23 1 1 1 1 195
2 Serxio Peres 2 1 5 11 2 16 4 6 126

Göründüyü kimi, meksikalı sürücü hər nə qədər ilk 4 yarışda komanda yoldaşı ilə başabaş mübarizə aparsa da, son 4 yarışda onun kölgəsində qalıb. Serxio Mayami Qran Prisinə qədər 6 xal geri qalırdısa, indi fərq 69 xala çatıb. İki arasında son 4 yarışdakı xal fərqi 102-39 olub. Hətta daha zəif maşında yarışan Alonso və Həmilton da ondan daha çox (müvafiq olaraq, 57 və 54) xal toplayıblar.

Serxionu hazırda komandada saxlayan yeganə nüans Mühəndislər Kubokundakı böyük xal fərqidir. Red Bull rəqibləri ilə yaxın mübarizədə olsaydı, bu qədər xal itirən bir pilotu çətin ki, mövsümün sonuna qədər saxlayardı. Üstəlik, əllərində Daniel Rikkardo kimi bir ehtiyat sürücü də varkən.

Peresdə bir hal son illərdə tez-tez müşahidə edilir – bir neçə qələbədən sonra artıq çempion olmaq istəyən pilot əhvalına girir, sonra davamını gətirə bilmədikdə isə ruhdan düşür və ardıcıl səhvlər edir. Peresin qarşısında iki yol var: ya titul uğrunda bir zamanlar Niko Rosberqin etdiyi kimi, sona qədər mübarizə aparmalı, bu təzyiqə mövsümün sonuna qədər tab gətirə bilməlidir, ya da ikinci pilot rolunu qəbul edərək başını aşağı salıb öz öhdəliyini yerinə yetirməlidir. İlk variant həm Çekonun xarakteri, həm də rəqibin Maks olması səbəbindən mümkün görünmür. O, ikinci yolu tutsa, daha çox xal, podium, hətta qələbə əldə edə bilər.

 

Nik de Friz

Yer Sürücü BHR. SƏU. AVS. AZƏ. MAY. MON İSP. KAN. Xal
17 Yuki Tsunoda 11 11 10 10 11 15 12 14 2
19 Nik de Friz 14 14 15 YTB* 18 12 14 18 0

* – yarışı tamamlaya bilməyib

Cari mövsümdə AlphaTauri komandası cəmi 2 xal qazanıb ki, bu da Yukinin hesabına olub. Nik isə bu mövsüm Loqan Sarcentlə birlikdə ilk 8 yarışda heç bir xal qazana bilməmiş 2 sürücüdən biridir. Nəzərə almaq lazımdır ki, Tsunoda ilk 5 yarışın üçüncü 11-ci sırada tamalayıb – yəni, xal zonasından cəmi bir pillə kənarda qalıb. Düzdür, son yarışlarda onun da nəticələri qənaətbəxş deyil və maşın da xal qazanmağa imkan vermir, lakin artıq niderlandlı sürücünün “adı çıxıb” və nə etsə də, deyəsən gecdir.

Lakin Helmut Markonun onu sıxışdırmasına Perez məsələsindəki qədər haqq vermək də olmur. Çünki de Frizin çempionatda ilk mövsümüdür və maşın da heç güclü deyil. Komandanın rəhbəri Frants Tost da məsələyə məhz bu nöqtədən yanaşaraq sürücüsünü müdafiə edir. Lakin deyilənlərə görə Helmut ən başdan onun komandaya gəlməsini dəstəkləməyib və hazırda onun üzərində təzyiq qurması üçün fürsət əldə edib. Lakin bu təzyiqin debutant sürücüyə heç bir xeyri yoxdur.

 

Hazırda Red Bull-un Nik de Frizin əvəzinə AlphaTauri-nin sükanı arxasında əyləşdirə biləcəyi hazır gənc sürücüsü yoxdur. Bir neçə istedad var ki, onların da növbəti illərdə F1-ə gələcəyi proqnozlaşdırılır.

Lakin həm Perezi, həm də de Frizi əvəzləyəcək təctübəli bir ad var ki, o da Daniel Rikkardodur. McLaren-dən ayrıldıqdan sonra doğma komandasına qayıdan avstraliyalı hər an əsas sürücü kimi sükan arxasında əyləşməyə hazırdır.

Çempionatda yay fasiləsinin başlamasına çox vaxt qalmayıb. Ona qədər sözügedən iki sürücü də nəticələrini düzəldə bilməzsə, çox güman ki, qocaman avstriyalı mütəxəssis hər iki komandada ciddi dəyişikliklər edə bilər…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*