Tənakdan çox vacib qələbə

Dünya Ralli Çempionatında (WRC) mövsümün 9-cu mərhələsi Belçika Rallisi başa çatıb.

Şənbə günü Hyundai-nin yerli sürücüsü Tyerri Növill qəzaya uğradıqdan sonra liderliyə yüksələn komanda yoldaşı Ott Tənakın Toyota-dan Elfin Evansla mübarizəsi son metrə qədər davam edib. Yekunda iki həftə əvvəl Finlandiyada qələbəyə sevinən estoniyalı sürücü bu dəfə də 5 saniyə üstünlüklə çox vacib qələbə qazanıb.

Belə ki, mövsümün lideri Toyota-dan Kalle Rovanpera cümə günü mübarizəni dayandırdığı üçün minimum proqramla çıxış edərək son dopda qalib gələrək maksimum bal (5) toplayıb. Ott isə mərhələdə qələbə (25) və bonus dopdakı 4-cü nəticə ilə (2) hazırda çempionatda ikinciliyini möhkəmlədib. Son beş yarışda 3-cü qələbəsini qazanan 2019-cu ilin dünya çempionu bu qələbədən sonra Kalleyə 74 xal uduzur.

İki həftə əvvəl olduğu kimi, bu dəfə də podiumun son pilləsinə Toyota-dan Esapekka Lappi çıxıb. Hyundai-nin 20 yaşlı sürücüsü Oliver Solberq isə karyerasında ən yaxşı nəticəyə imza atıb – 4-cü yer. Toyota-dan Takamoto Katsuta uğurlu finiş seriyasını davam etdirib – yaponiyalı sürücü mövsümün ilk yarışından sonra ardıcıl 8-ci yarışını ilk altılıqda başa vurub: bu dəfə 5-ci yer.

Mövsümün sonuna isə 4 yarış qalır – 3 həftədən sonra iştirakçılar Yunanıstanda bir araya gələcəklər…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*