Sarcentdən gözlənilməz poul

Fransanın Le Kastelle şəhərindəki Pol Rikar trasında gənc sürücülərin Formula2 çempionatında mövsümün 9-cu mərhələsi başlayıb.

Səhər yarımsaatlıq məşqlərdə çalışan sürücülər sıralanma turunda poulun sahibini müəyyən ediblər. Asfalt örtüyünün temperaturunun 50 dərəcəni aşması həlledici məqam olub. Qızmar asfaltda yumşaq təkərlərlə ikinci ardıcıl sürətli dövrəni vurmaq çətin olub.

İlk cəhdlərdən sonra Cek Duhən protokollara başçılıq edib – 1:44.953. Avstraliyalı sürücünün maşını yavaş üçüncü sektora sazlandığı üçün Virtuosi komandasının sürücüsü bu hissədə hamıdan xeyli üstün olub.

Bir dövrə dincəldikdən sonra sürücülər yenidən mübarizəyə başlayıb – bu dəfə Duhən səhvə yol verib, onun nəticəsini isə 4 sürücü yaxşılaşdırıb və Loqan Sarcent zirvəyə yüksəlib – 1:44.599. Duhənin nəticəsini Ayumu İvasa, Teo Purşer və Riçard Fershor da yaxşılaşdırıblar.

Sessiyanın sonuna 10 dəqiqə qalmış sürücülər təzə təkərlərlə trasa qayıdıblar. Amma Dennis Hauqerin maşını 5-ci döngənin yaxınlığında trasda dayandığından sessiya dərhal qırmızı bayraqlarla dayandırılıb.

Təxminən yeddi dəqiqədən sonra trasda mübarizə canlanıb, sessiyanın sonuna 7 dəqiqə qaldığı üçün hamı yenə də 2 sürətli dövrə vurmağa ümid edib, amma bunu hamı edə bilməyib.

Mövsümün lideri Niderlandın istehsal etdiyi KROON OİL yağlarının dəstəklədiyi MP MotorSport komandasının sürücüsü Felipe Druqoviç peletona başçılıq etsə də, ilk sürətli dövrədən sonra Sarcenti Frederik Vesti və Teo Purşer üstələyiblər.

Düzdür, peletonun sonunda gələn Ayumu İvasa daha yaxşı nəticə göstərərək zirvəyə yüksəlib, amma ikinci sürətli dövrəyə onun zamanı qalmayıb.

DAMS komandasının yaponiyalı sürücüsünün nəticəsini yalnız bir sürücü üstələyə bilib – Carlin komandasının 21 yaşlı amerikalı sürücüsü Sarcent debüt mövsümündə ikinci dəfə poul qazanıb – 1:43.871 və İvasanı cəmi 0,006 saniyə qabaqlayıb.

Sabah reversiv qaydaya görə ilk cərgədən Cehan Daruvala və Liam Louson start alacaqlar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*