Oliveyra yağışlı Tailandda qələbə qazanıb

Bu gün MotoGP çempionatında mövsümün 17-ci mərhələsi Tailand Qran Prisi baş tutub.

F-1.az xəbər verir ki, yarışın startı güclü yağış üzündən 1 saat təxirə salınıb. Dünən karyerasında ilk poulunu qazanan VR46 komandasının sürücüsü Marko Bezzekki startda liderliyini qorusa da, döngələrdən birini kəsdiyi üçün stüardlar tərəfindən cəzalandırılıb. Ona görə də italiyalı sürücü Ducati-dən Cək Milleri irəli buraxmalı olub.

Startda ən çox uduzan isə mövsümün lideri Yamaha-dan Fabio Kuartararo olub – fransalı sonuncu dünya çempionu bir neçə səhvə yol verib və nəticədə 17-ci yerə qədər geriləyib.

Tras quruduqca sürətlər artıb və bu vəziyyətdə KTM Red Bull komandasının sürücüsü Miqel Oliveyra üstünlük qazanıb. Portuqaliyalı sürücü əvvəlcə Bezzekini, daha sonra isə titula namizəd Françesko Banyayanı arxada qoyaraq Millerin arxasınca yollanıb.

Bir neçə dövrə sıx təqibdən sonra finişə 6 dövrə qalmış Miqel həlledici hücuma keçərək Cəki arxada qoyub və ondan uzaqlaşıb.

Yarışın ikinci yarısında Pramac-dan Joan Zarko trasda ən sürətli olub. Fransalı sürücüsü peletonun ortasından rəqiblərini bir-bir ötərək 4-cü yerə qədər gəlib və son dövrələrdə Banyaya da hücum edib. Lakin podiumun son pilləsi italiyalı sürücüyə qismət olub.

Bu podium sayəsində Françesko çempionatda vəziyyətini xeyli yaxşılaşdırıb. İki həftədən sonra Avstraliyada baş tutacaq növbəti mərhələyə liderlər ikixallıq fərqlə yollanıblar.

Mark Markes uzun müddət podiuma namizəd olsa da, yarışın sonunda təkərləri yeyildiyindən yalnız 5-ci yerlə kifayətlənib.

@motogp #motogp #motorcycle #Racing

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*