Cankarlo Minardi: “Niderland Qran Prisi, xüsusilə də doğma azarkeşləri önündə yarışın ən parlaq iştirakçılarından birini mübarizədən kənarda qoyan Maksın gözlənilməz qəzası ilə başladı. Belə səviyyəli sürücünün bu cür səhvə yol verməsi kifayət qədər qəribə görünürdü, startdakı toqquşmanın hansısa nəticələrinin ola biləcəyi ilə bağlı şübhələr var. Maksın yarışı dayandırması istər potensial liderlərdən birinin olmaması, istərsə də komandaların strategiyasına təsir edən qırmızı bayraqlara görə yarışın gedişini qaçılmaz şəkildə dəyişdi.
Lando Norris yay fasiləsindən əvvəl McLaren-in göstərdiyi yaxşı nəticələri təsdiqləyərək, tam haqq edilmiş qələbə qazandı. Macarıstandakı uğurdan sonra Uokinq təmsilçisi daha bir addım irəli atdı və indi Mercedes-ə ingilis komandasının tərəqqisinə qarşı durmaq üçün ciddi yeniliklər lazımdır. Monzada Mercedes üzərində bəzi yeniliklər olacaq – onların nə dərəcədə effektiv alınacağını görmək maraqlıdır.
Andrea Kimi Antonelli yarışı əla keçirdi və titul uğrunda mübarizə baxımından vacib olan ikinci yeri tutdu. O, Norrisin üstün olduğu gündə mümkün olan ən yaxşı nəticəni əldə etdi və ən yaxın rəqibləri – Corc Rasselli və Lyuis Həmiltonu geridə qoyaraq finiş gördü.
Bir daha əmin olduq ki, Formula1-də qüvvələr nisbəti nə qədər kövrəkdir. Mövqelərin dəyişməsi çox sürətlə baş verə bilər. Hələ sıralanma turunda nəticələr arasındakı fərq minimal idi, buna görə də istənilən nəticəni qazanmaq üçün həftəsonunu ideal keçirmək vacibdir.
Strategiya baxımından Mercedes-də hər şeyi düzgün etdilər. Yarışın sonuna yaxın Antonellinin təkərləri Rassellin təkərləri ilə müqayisədə daha təzə idi və onun irəli buraxılması qərarı doğru idi. Bundan sonra Rassell ilə Həmilton arasında üçüncü yer uğrunda mübarizə daha bir maraqlı məqama çevrildi.
Qarşıda mövsümün həlledici hissəsi var. Mübarizə təkcə sürət baxımından deyil, texniki və strateji planda da sonadək amansız olacaq. Komandaların hazırlaya biləcəyi yeniliklər və mümkün cəzaları nəzərə alaraq güc qurğusunun komponentlərinin idarə olunması əsas rol oynayacaq. Artıq məlumdur ki, Antonelli Monzada belə bir cəza alacaq.
Biz elə bir məqama çatmışıq ki, komandalar qaçılmaz olaraq daxili iyerarxiya barədə düşünməyə başlayırlar, xüsusən də söhbət çempionluqdan gedirsə. Hər xal həlledici əhəmiyyət daşıya bilər və qarşıdakı yarışlarda komandaların hansı qərarlar verəcəyini izləmək maraqlı olacaq.
McLaren-də Oskar Piastri Norrislə müqayisədə daha çətin dövr yaşayır. Hətta Zandfortda da onlar fərqli strategiyalara üstünlük vermişdilər, amma hazırda məhz Lando maşının potensialını daha yaxşı üzə çıxara bilir.
Fernando Alonso alqışa layiqdir, o, növbəti dəfə imkanlarından maksimum yararlanaraq Aston Martin üçün vacib iki xal qazandı.
Biz Zandfortla vidalaşır və Monzaya hazırlaşırıq. Gözlənilir ki, Mercedes bəzi yeniliklər təqdim edəcək, McLaren əla formada gələcək, Ferrari isə doğma azarkeşləri önündə çıxış edəcək. Andrea Kimi Antonelli üçün bu, çempionatın lideri kimi ilk ev Qran Prisidir. Maraqlı həftəsonu üçün bütün komponentlər ortadadır!”





