Hazırda Piastri tam fərqli vəziyyətdədir: o, 7-ci yeri tutur, halbuki Norris ardıcıl iki qələbə qazanıb və avstraliyalını 55 xal qabaqlayır. Lando hələlik şəxsi hesabda 4-cü pillədə qərarlaşsa da, sükan arxasında aşkar şəkildə daha inamlı görünür və onun tərəqqisi aydın sezilir.
Etiraf etmək lazımdır ki, bu il Oskarın bəxti çox vaxt gətirməyib və bu, ilk növbədə texniki problemlərlə bağlı olub. Ancaq onun geri qalmasını təkcə bununla izah etmək olmaz – bu fikri tanınmış britaniyalı jurnalist, hazırda The Race ilə əməkdaşlıq edən Mark Hyuz səsləndirib.
Mark Hyuz: “Mən görürəm ki, bu nəsil maşınları idarə etmək ona daha çətindir, xüsusən də ilişmənin aşağı olduğu şəraitdə. Yeri gəlmişkən, bunun müəyyən əlamətləri ötən mövsümün sonuna yaxın da vardı – ilişmənin bir qədər zəif olduğu traslarda keçirilən yarışlarda, xüsusən də Meksikada.
Bu maşınlar daha az asfaltayatma qüvvəsi yaradır, təkərlər də bu il ölçü baxımından kiçilib, üstəlik onlardakı təzyiq səviyyəsi də yüksəlib. Amma görünür, Piastri hələ də özünəməxsus üslubda sürməyə çalışır, yəni döngələrə gec girmək və sükanı daha böyük bucaq altında çevirmək istəyir – təxminən eyni hal Corc Rasselldə də müşahidə olunur. Ancaq məncə, Mercedes-in sürücüsü bunu anlamaqda bir qədər daha çox irəliləyib və bu yanaşmanı dəyişməyə çalışır.
Mən deyərdim ki, Norris daha çevik pilotaj üslubu ilə seçilir və bu, onun sükan arxasında necə işləməsindən görünür. Ona maşının ön hissəsinin döngəyə inamla girməsi lazımdır, amma Oskardan fərqli olaraq, o, ön təkərlərin dərhal trasla maksimum etibarlı ilişmə yaratmasını tələb etmir.
Bəzən elə vəziyyət yaranır ki, yetərsiz dönmə özünü göstərməyə başlayır və onda sürücü sükanı o qədər böyük bucaq altında çevirməyə məcbur olur ki, ön təkərlər nəhayət trası normal tutanda, bundan sonra arxa təkərlərin ilişməsi qəfil qırılır və maşın sürüşməyə meyllənir. Siz həm döngəyə girişdə, həm də çıxışda vaxt itirirsiniz.
Sonra siz bunu hansısa yolla yumşaltmağa çalışaraq şassinin sazlanmalarını təhlil etməyə başlayırsınız, amma bu zaman maşının davranışı ideal variantdan daha da uzaqlaşır və problem yalnız dərinləşir.
Biz Oskarın nə qədər yüksək səviyyədə çıxış edə bildiyini görmüşük və bu baxımdan heç nə dəyişməyib. Məsələ yalnız yenidən pilotaja optimal yanaşmanı tapmaq və maşının sazlanmalarını ona uyğunlaşdırmaqdır”.





