İtaliya mətbuatının yazdığına görə, yenilənmiş mühərrik artıq hazırdır, lakin komanda hələlik onu Şarl Lekler və Lyuis Hemiltonun maşınlarına Monzada qarşıdakı İtaliya Qran Prisində quraşdırıb-quraşdırmamaq barədə qərar verməyib. Bu, ilk növbədə mühərrikin stend sınaqlarının nəticələrinə əsasən komandanın daxili təsdiqini almalı olması ilə bağlıdır.
Yenilənmiş güc qurğusu 067/6 indeksini alıb və maşınlara quraşdırılmazdan əvvəl resurs və etibarlılıq baxımından stend sınaqlarından keçməlidir. Bu sınaqlar çərçivəsində mühərrik Qran Prinin altı məsafəsini problemsiz qət etməlidir.
Büdcə məhdudiyyətləri çərçivəsində sınaqların aparılması üçün Ferrari üçdən artıq stenddən istifadə edə bilməz, baxmayaraq ki, Skuderiyanın sərəncamında 21 stend var. Bu isə testlərin müddətini uzadır, etibarlılıqla bağlı problem aşkarlanarsa və hətta kiçik dəyişiklik etmək lazım gələrsə, bütün prosesi yenidən başlamaq tələb olunur.
Gözlənilir ki, yenilənmiş mühərrik təxminən 15 at qüvvəsi qazandıracaq. Onun modernləşdirilməsi çərçivəsində turbin və yanma kamerası yeni Shell yanacağı ilə daha səmərəli işləməsi üçün təkmilləşdirilib. Həmin yanacaq ilk dəfə məhz Monzada istifadə olunacaq.
Bununla belə, Ferrari yenilənmiş motorla belə Monzada favorit statusuna iddia etmir. trasın xarakteristikası nəzəri baxımdan SF-26-ya uyğun deyil, buna görə də Skuderiyada ümid edirlər ki, sıralanma turunda Mercedes-ə mümkün qədər yaxınlaşa biləcəklər.




