Ferrari Leklerin müqaviləsini uzadıb

Şarl Leklerin ev yarışı olan Monako Qran Prisi ərəfəsində Ferrari onunla müqavilənin uzadıldığını elan edib. Monakolu pilot qarşıdakı illərdə də Skuderiyanın heyətində çıxış edəcək.

2024-cü ildə imzalanmış əvvəlki müqavilənin qeyri-rəsmi məlumata görə 2029-cu ilin sonuna qədər qüvvədə olduğu bildirilirdi. 28 yaşlı Şarl artıq Formula 1-də Ferrari tarixində start sayına görə ikinci pilotdur. O, poul mövqelərinin sayına görə də ikinci yerdə qərarlaşıb və yalnız Mixael Şumaxerə uduzur.

Şarl Lekler: “Ferrari ilə çıxışlarımı davam etdirəcəyim üçün çox xoşbəxtəm. Bu, mənim üçün sadəcə komanda deyil. Uşaqlıqdan çıxış etməyi arzuladığım yerdir və bütün bu illər ərzində mənim ikinci ailəm olub. Birlikdə həm qələbələr, həm də çətin anlar yaşamışıq. Bu komandaya əvvəlkindən daha çox inanıram və ümumi məqsədimizə – çempionluq titulunu Maranelloya qaytarmağa doğru çiyin-çiyinə irəliləməyə davam edəcəyimiz üçün dərin minnətdarlıq hissi keçirirəm.

Ferrari pilotu olmaq təkcə arzu deyil, həm də məsuliyyətdir. Maranellodakı hər kəs və xüsusilə də ehtirası Skuderiyanın uğurları olan tifozilər naminə bu komandanı aid olduğu yerə – zirvəyə qaytarmaq üçün əlimdən gələnin hamısını etməyə davam edəcəyəm”.

Frederik Vassyör: “Şarl uzun illərdir Ferrari ailəsinin bir hissəsidir və müqavilənin uzadılması tamamilə təbii addım idi. Bu illər ərzində o, təkcə Formula 1-in ən güclü pilotlarından birinə çevrilməyib, həm də komanda ilə tam şəkildə birləşib. Hazırda o, Ferrari-ni təcəssüm etdirir.

Biz onun istedadını və qətiyyətini yüksək qiymətləndiririk. Bu layihənin onun üçün nə qədər vacib olduğunu bilirik və ortaq məqsədlərimizə çatmaq üçün birlikdə işləməyə davam edəcəyimizə görə məmnunuq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*