F.Massadan növbəti bloq yazısı: “Çətin həftəsonulardan sonra yaşadığımız problemlərə cavab axtarırıq”

F-1.az bildirir ki, Felipe Massa Motorsport.com saytındakı növbəti bloq yazısında çətin keçən son iki yarış barədə yazıb və Formula1-də radio danışıqlarla bağlı fikirlərini bölüşüb.

Felipe Massa: “Britaniyada gördüyüm işlərdən razı qaldım. Amma Williams Martini Racing komandası da, mən də fərqli Britaniya QP gözləyirdik. Bəzən yaxşı nəticələri rahatlıqla qazana bilirsiniz, bəzən isə maksimum gücünüzü qoymağınıza baxmayaraq, xalsız qala bilərsiniz. Mənim üçün bazar günü belə keçdi. Komanda yoldaşımdan sürətli idim, amma çətin idi. Fernando Alonso, Sebastyan Fettel və başqa sürücülərlə mübarizə apardım, amma sonda xalsız qaldım.

Həftəsonu barədə gözləntilərimiz yüksək olsa da, heç bir şey düşündüyümüz kimi getmədi. Mühəndislərimiz son iki yarışa yeni detallar gətirmək üçün çoxlu işlədilər. Amma Avstriya və Britaniyada yarışlarda gücümüzü göstərə bilmədik və gözləntilərin gerisində qaldıq. Komanda bu performans əskikliyinin səbəbini araşdırır. Ümid edirəm ki. yaxın zamanlarda layiq olduğumuz yerlərə qayıdarıq.

Arxa təkərlər çox yeyildiyi üçün sıralanma turunda çox çətinlik çəkdim və bütün performansımı ortaya qoya bilmədim. Valtteri sıralanma tempində mənə nisbətən az problem yaşadı, amma yarış tempinə görə ondan çox sürətli idim. Çətinliklərə baxmayaraq, xal uğrunda mübarizə apara bildim. Yarış mənə həzz vermədi, çünki sərt müdafiə olunan sürücülərlə mübarizə apardım.

Bəzi mübarizələrdə yaxşı idim. Fettel ilə apardığım mübarizədə insident yaşaya bilərdik. Radio vasitəsilə ondan şikayət etdim, çünki məni trasdan kənara çıxartdı. Amma yarışdan sonra televizorda Fettelin o hərəkətinə baxdım və gördüm ki, o manevri bilərəkdən etməyib. Amma yenə də trasdan kənara çıxarılmışdım və ona cəzanı mən vermirəm. Nəticədə bu insident yarışıma təsir etmədi və 11-ci yeri tutdum.

Bir həftə fasilədən sonra Budapeştə gedirik və bu tras iki ildir ki, bizim üçün çox uğursuz olub. Gözləntilərimiz yüksək olduğu yarışlarda istədiyimiz nəticələri ala bilmədik və buna görə də Macarıstanda nələrin olacağını bilmirik. Bəlkə də sürpriz olar.

Silverstoun yarışından sonra Niko Rosberq radio vasitəsilə kömək aldığı üçün 10 saniyə cəza aldı. Bu cəzadan sonra mühəndis və sürücü arasındakı radio danışıqlar barədə çoxlu müzakirələr getdi.

Avstriyada əyləc probleminə görə mübarizəni vaxtından əvvəl dayandırdım. Əgər mühəndislərlə bu vəziyyəti müzakirə edə bilsəydim, bəlkə də yarışı bitirərdim. Amma bunu etməyə icazə yoxdur. Rosberq sürət qutusu ilə bağlı problem yaşadı və mühəndislərindən kömək istəməyə çəkinmədi. Onlar problemi həll etdilər. Nəticədə cəza alsa da, bir yer itirdi, ancaq yenə də üçüncü yeri tutdu.

İndiki bolidlər əvvəlkilərə nisbətən mexaniki deyillər, ancaq artıq onlar hərəkət edən emalatxana kimidirlər və onları idarə etmək çətindir. Sükanda yüzlərlə əmr rejimi var və hamısını əzbərləmək mümkün deyil. Əgər hamısını bilsəydik, sürücü yox, yarış mühəndisi olardıq. Özü də çox yaxşı yarış mühəndisi!

Çoxlu əmr kombinasiyası var və önümüzdə çoxlu məlumat var. Nəticədə ən çox işlətdiyimiz əmr rejimlərini əzbərləyirik. Bütün kombinasiya və alternativləri bilən sürücü olduğunu zənn etmirəm. Özü də 300 km/saatla hərəkət etdiyiniz zaman diqqətinizi trasa fokuslamaqdansa, sükana fokuslanmaq heç də asan deyil”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*