Emiliya Romanya-2021: Yarış

İştirakçılar Bəhreyndəki mövsümöncəsi sınaqlardan və isti havada baş tutan yarışdan sonra sərin İmolaya gəliblər. Lakin hava şəraitindəki bu kəskin fərq güc nisbətlərinə təsir etməyib.

F-1.az xatırladır ki, cümə günü baş tutan hər iki məşqdə Bottas hamıdan sürətli olub, dünənki məşq sessiyasında isə Ferstappen öz adını birinci yerə yazdırıb. Sıralanma turu kifayət qədər maraqlı və sıx mübarizəyə səhnə olub, Həmilton cüzi üstünlüklə 99-cu poulunu rəsmiləşdirib.

Pirelli ilk yarışda olduğu kimi, buraya da orta üçlüyü – C2, C3 və C4 təkərlərini gətirib. Sərin havada köhnə asfalt üzərində aşınma az olub, İmolada pit-stop üçün itirilən vaxt kifayət qədər çox, təxmini 30 saniyə hesablanıb. Hər kəs yarışı tək pit-stopla başa vurmağı planlaşdırsa da, yağış bu planın üzərindən xətt çəkib.

Yarışa ilk cərgədən Həmilton və Peres, ikinci cərgədən Ferstappen və Lekler, üçüncü cərgədən Qasli və Rikkardo başlayıblar. İsinmə dövrəsində Alonso qəza edib, lakin startda öz yerini ala bilib. Arxa əyləclərdə problemlə qarşılaşan Fettel isə yarışa pit yolundan başlamalı olub. Lakin təkərləri vaxtında taxılmadığı üçün yarışın gedişində 10 saniyəlik Stop&Go cəzası alıb.

Qasli Okon, Şumaxer və Mazepin yağış, yerdə qalan sürücülər isə keçid təkərləri ilə yarışa başlayıblar.

Startda Ferstappen həm Peresi, həm də Həmiltonu qabaqlayaraq liderliyə yüksəlib. Lyuisin ön qanadı zədələnib, 14-cü döngəyə çatdıqda isə Lekler Peresi keçərək üçüncü olub. Latifi qəza edib və Təhlükəsizlik Maşını (TM) trasa daxil olub. Yağış təkərləri ilə xeyli itirən Qasli dərhal keçid təkərləri üçün pitə gəlib. 2-ci dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Lekler – Peres – Rikkardo – Qasli – Stroll – Sayns – Norris – Bottas.

Fettel 3-cü dövrədə təkərlərini dəyişib, Şumaxer pit yolunun çıxışnda qəza edib və ön qanadını itirib. Qırıntılara görə pit yoluna giriş bağlanıb və Mik yalnız növbəti dövrədə qanadını dəyişdirə bilib. Peres yoldan çıxaraq iki yer itirib, lakin dərhal yerini bərpa edib və buna görə də 10 saniyəlik cəza alıb.

Restart 6-cı dövrədə verilib. Lyuis Maksa hücuma cəhd etsə də, alınmayıb. Niderlandlı sürücü sürətlə uzaqlaşıb. Həmilton isə Leklerin həmlələrinə cavab verməli olub. Sayns iki mövqe qazanıb. Qasli Norrisi üstələyib, lakin Lando yerini qaytarıb. Qaslini bir qədər sonra Sayns da geridə qoyub.

Alosno Okon və Fetteli irəli buraxmalı olub, Sayns çınqıllığa çıxsa da, qayıda bilib. Stroll Qaslini üstələyib. Yağış dayanıb və tras qurumağa başlayıb. Daha yaxşı templə davam edən Norris komanda yoldaşı Rikkardoya çatıb, ondan mövqelərini dəyişmələrini xahiş ediblər və Daniel bunu müsbət qarşılayıb. Norris irəli keçdikdən sonra sürətlə ondan uzaqlaşıb.

Sliklərə keşən ilk sürücü 22-ci dövrədə Fettel olub, Şumaxer də bir dövrə sonra eyni addımı atıb. 24-cü dövrədən sonra ilk onluq: Ferstappen – Həmilton – Lekler – Peres – Norris – Rikkardo – Sayns – Stroll – Bottas – Rassell.

Fettel cəriməsini ödəmək üçün boksa gəlib, Sayns Rikkardonu qabaqlayıb. 27-ci dövrədə Tsunoda, Rassel və Rəykkönenlə yanaşı, yarışın lideri Ferstappen də təkərlərini dəyişib. Həmilton isə tempini artırıb və növbəti dövrədə pit-stop edib. Onunla eyni vaxtda Qasli, Sayns, Rikkardo, Stroll, Lekler, Peres və Norris də yeni təkərlərə keçiblər. Lyuis pitdə bir qədər gecikdirilib. Bottas və Alonso da təkərlərini dəyişib və beləliklə, bütün sürücülər sliklərə keçib.

DRS aktiv ediləndən dərhal sonra Stroll Bottası ötüb. 31-dövrədə Həmilton dövrəvi sürücü olan Rasselli keçmək istəyərkən səhvə yol verib və çınqıllığa düşüb, həm də ön qanadı qırılıb. Lakin maşını trasa qaytara bilib. Məhz bu anda Bottas və ona hücum edən Rassellin təması ciddi qəzaya səbəb olub. Sonradan yarışi insidenti kimi dəyərləndirilən qəza TM-nın trasa çıxmasına səbəb olub. Qırıntılar çox olduğundan, yarış 33-cü dövrədə qırmızı bayraqlarla dayandırılıb.

Restart yarım saat sonra verilib və TM arxasında baş tutub. Dövrəvi sürücülər irəli buraxılıb və bu da Lyuis üçün böyük şans olub. Ferstappen və Rəykkönen yerində fırlanıblar. Maks mövqeyini qoruya bilib. Lakin iki yer itirən Kimi yerini vaxtından əvvəl qaytardığı üçün sonradan 30 saniyəlik cəza verilib.

Ferstappen restartda yerini qoruyub, Norris isə Lekleri keçərək ikinciliyə yüksəlib. Peres çınqıllığa çıxıb. Maşın zədələnməsə də, bu səhv ona bir neçə yer itirməkl bahasına başa gəlib. Həmilton Strollu üstələyərək altıncı olub. 42-ci dövrədə isə Rikkardo ilə beşincilik mübarizəsindən qalib ayrılıb. Qasli 45-ci dövrədə Rəykköneni geridə qoyub və 8-ci olub. İki dövrə sonra Həmiltonun növbəti “qurbanı” Sayns olub. Lyuisin yüksəlişi davam edib və Lekleri də ötüb.

Qasli çınqıllığa çıxsa da, yarışa davam edə bilib. Lyuis gözlənildiyi kimi, Norrisi də geridə qoyub və qırmızı bayraqlardan sonra mümkün olanın maksimumunu edərək ikinciliyə qalxıb. Fettelə ötürmələr qutusundakı problemə görə yarışı dayandırmaq tapşırılıb.

Maks Ferstappen bu mövsüm ilk, karyerasında isə 11-ci qələbəsini əldə edib. Lyuis Həmilton ikinci olmaqla yanaşı, ən sürətli dövrəni də vurub və bunun nəticəsində qazandığı əlavə 1 xalla çempionatdakı liderliyini davam etdirib. Lando Norris karyerasında ikinci dəfə podiuma yüksəlib.

Çempionat 2 həftə sonra Portimaoda davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 33 Maks Ferstappen Red Bull 2:02:34.598 2
2 44 Lyuis Həmilton Mercedes AMG + 0:22.000 2
3 4 Lando Norris McLaren + 0:23.702 2
4 16 Şarl Lekler Ferrari + 0:25.579 1
5 55 Karlos Sayns Ferrari + 0:27.036 1
6 3 Daniel Rikkardo McLaren + 0:51.220 2
7 10 Pyer Qasli AlphaTauri + 0:52.818 2
8 18 Ləns Stroll** Aston Martin + 0:56.909 1
9 31 Esteban Okon Alpine + 1:05.704 4
10 14 Fernando Alonso Alpine + 1:06.561 1
11 11 Serxio Peres Red Bull + 1:07.151 2
12 22 Yuki Tsunoda* AlphaTauri + 1:13.184 2
13 7 Kimi Rəykkönen*** Alfa Romeo + 1:34.773 1
14 99 Antonio Covinatsi Alfa Romeo +1 dövrə 1
15 5 Sebastyan Fettel Aston Martin +1 dövrə 3
16 47 Mik Şumaxer Haas +2 dövrə 3
17 9 Nikita Mazepin Haas +2 dövrə 3

 

* – Trasın hüdudlarını pozduğu üçün nəticəsinə 5 saniyə əlavə edilib.

** – Trasın xaricindən ötmə etdiyi üçün nəticəsinə 5 saniyə əlavə edilib.

*** – Restart prosedurlarını pozduğu üçün nəticəsinə 30 saniyə əlavə edilib.

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:16.702 (60-cı dövrə, 230.403 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Valtteri Bottas Mercedes AMG 31 qəza
Corc Rassell Williams 31 qəza
Nikolas Latifi Williams 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 44
2 33 Maks Ferstappen Red Bull Racing 43
3 4 Lando Norris McLaren Racing 27
4 16 Şarl Lekler Scuderia Ferrari Mission Winnow 20
5 77 Valtteri Bottas Mercedes-AMG Petronas F1 Team 16
6 55 Karlos Sayns Scuderia Ferrari Mission Winnow 14
7 3 Daniel Rikkardo McLaren Racing 14
8 11 Serxio Peres Red Bull Racing 10
9 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 6
10 18 Ləns Stroll Aston Martin Cognizant F1 Team 5
11 22 Yuki Tsunoda Scuderia AlphaTauri Honda 2
12 31 Esteban Okon Alpine F1 Team 2
13 14 Fernando Alonso Alpine F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 60
2 Red Bull Racing Honda 53
3 McLaren Racing Mercedes 41
4 Scuderia Ferrari Mission Winnow Ferrari 34
5 Scuderia AlphaTauri Honda Honda 8
6 Aston Martin Cognizant F1 Team Mercedes 5
7 Alpine F1 Team Renault 3

 

, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*