23 Avqust 2019, Cümə - 13:21

Dünya çempionları: Qrəhəm Hill

Dünya çempionları: Qrəhəm Hill

Müəllif: Elçin Zodorov, redaktor

10:13 - 19 Fevral, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına bir ay qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: Avtoidmanın Üç Tacının (Triple Crown of Motorsport) sahibi, yəni 24 saatlıq Le Man marafonunda, İndianapolis 500 yarışında və Monako Qran Prisində qalib gələn yeganə sürücü – Norman Qrəhəm Hill!

Qrəhəm Hill 1929-cu il fevralın 15-də Londonda anadan olub. Hendon Texniki Kollecində təhsil alıb və klassik avtomobillərin qiymətləndirilməsi ilə məşğul olan Smiths İnstruments şirkiətində mühəndis şagirdi kimi fəaliyyətə başlayır. Uğurlu hərbi xidmət keçdikdən sonra yenidən şirkətə qayıdır.

Qrəhəm 24 yaşına qədər özünün sürücülük qabiliyyətlərini test etməyib. İlk vaxtlar motosikletlərə marağı olan Qrəhəm 1954-cü ildə Universal Motor Racing Club-ın elanını görür. Elanda müəyyən məbləğ qarşılığında Brənds Hətçdə dövrələr vurmaq təklif edilirdi. Lotus komandasına müxanik kimi qoşulan Hill Formula1 yolunda addımlar atmağa başlayır. Lotus-un Formula1-ə gəlməsi isə onun 1958-ci ildə Monako Qran Prisində debüt etməsinə şərait yaradır.

FORMULA1 KARYERASI

Qrəhəm Hill

 

Statistika
Yarışdığı illər1958-1975
Yarışdığı komandalarLotus, BRM, Brabham, Hill
İştirak (Start)179(176)
Çempionluq2 (1962, 1968)
Qələbə14
Podium36
Xal270 (289) *
Poul13
Sürətli dövrə10
İlk yarışıMonako Qran Prisi, 1958-ci il
İlk qələbəsiHollandiya Qran Prisi, 1960-cı il
Son qələbəsiMonako Qran Prisi, 1969-cu il
Son yarışıMonako Qran Prisi, 1975-ci il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

Debüt ili britaniyalı üçün heç də yaxşı keçmir. İlk yeddi yarışında finiş görə bilmir və mövsümü xalsız başa vurur. 1959-cu il də eyni ssenari ilə davam edir. 1960-cı ildə BRM-ə keçir və Hollandiyada ilk dəfə podiuma yüksəlir. 1961-ci il də “sakit” keçir və nəhayət ki, onun ili gəlir. BRM Qrəhəmə çempionluq uğrunda mübarizə apara biləcəyi maşın verir, o da bu vəzifənin öhdəsindən yaxşı gəlir. Hollandiya, Almaniya, İtaliya və Cənubi Afrika Respublikasında qələbələr qazanır və Cim Klarkı xeyli üstələyərək ilk titulunu əldə edir. Növbəti mövsüm Monako və ABŞ-da qələbələrlə yanaşı, bir neçə dəfə də podiuma çıxmasına baxmayaraq, Cim Klark bir il əvvəlki məğlubiyyətin qisasını layiqincə alaraq çempion olur.

İki böyük çempion: Cim Klark və Qrəhəm Hill

1964-cü ildə isə bəxt ondan üz döndərir. Keçilməz olduğu Monakoda, mövsümün sonunda isə ABŞ-da qalib gəlir. Çempionatın yekununda onun 41, Con Sörtizin isə 40 xalı olur. Lakin həmin ilin reqlamentinə əsasən, hər bir sürücünün ən yaxşı altı nəticəsi götürülürdü. Beləliklə Qrəhəmin nəzərə alınan xallarının say 39-a düşür və 40 xalda qalan Sörtiz ilk və yeganə Formula1 titulunu əldə edir. Növbəti mövsümdə də dominantlıq edən və ilk yeddi yarışın 6-da qalib gələn Cim Klark (Qrəhəm həmin il Monako Qran Prisində iştirak etməyib) ikinci titulunu qazanır.

Hill İndianapolis 500 yarışına “Britaniya basqını”nın bir parçası idi – həmin dövrdə britaniyalı sürücülərin, maşınların həmin seriyaya axını olur. Qrəhəm Hill 1966-cı ildə Lola-Ford ilə İndianapolis 500-də qalib gəlir.

1966-cı ildə çempionluq mübarizəsindən kənar qalır. Növbəti il isə Lotus və BRM güclərini birləşdirir. Qrəhəm yeni maşının inkişafında komandaya çox kömək edir. Həmin mövsüm uğurlu olmur. Növbəti mövsümün əvvəlində onun komanda yoldaşları Cim Klark və Mayk Spens həlak olurlar. Qrəhəm komandaya liderlik edir. Monako da daxil olmaqla, üç yarışda qalib gəlir və köhnə komanda yoldaşı Ceki Stüartdan 12 xal çox toplayaraq ikinci titulunu qazanır.

Çox sevdiyi və beş dəfə qalib gəldiyi Monte Karloda. Monako Qran Prisi, 1968-ci il

O dövrdə Lotus maşınlarının yaxşı nüfuzu olmur – hamı onları tez xarab olan və təhlükəli maşın kimi qələmə verir. Bunda maşının yeni aerodimakasının da təsiri olur. 1969-cu il İspaniya Qran Prisində oxşar qəzalar edirlər. Həmin mövsüm ABŞ Qran Prisindəki qəzada Qrəhəmin hər iki ayağı sınır və mövsüm onun üçün başa çatır. Ondan tez-tez soruşulanda ki, həyat yoldaşına hansı mesajı göndərmək istəyirsən, Qrəhəm belə cavab verir: “Sadəcə ona deyin ki, mən iki həftə rəqs edə bilməyəcəm”.

Bu zədədən sonra Hill növbəti mövsüm karyerasını davam etdirir. Lakin bir də heç vaxt əvvəlki səviyyədə yarışa bilmir. Son qələbəsini 1971-ci ildə təqvimə daxil olmayan Silverstoundakı yarışda qazanır. Yetmişinci illərdə Brəbhəm komandasında çıxış edən Qrəhəm komandanın Berni Ekklstouna satılmasından sonra orada qalmır. 1975-ci ildə karyerasını bitirir.

Qrəhəm karyerasının ikinci yarısında xeyli populyarlaşır. Hazıırcavablığı ilə seçilən sürücü televiziya proqramlarının daimi qonağı olur. Qrəhəm həm də “Həyat limitlərdə” adlı tərcümeyi-halını yazır. Bu, Hillin ABŞ-dakı qəzadan sonra karyerasına davam etdiyi dövrdə baş verir. 1966-cı ildən 1974-cü ilə qədər dörd filmin çəkilişlərində iştirak edir.

Qrəhəm Hill İndianapolis 500 yarışında. 1966-cı il

Hill bütün diqqətini Formula1-ə yönəltsə də digər seriyalarda da uğur qazanıb. 1966-cı ildə İndianapolis 500 yarışını, 1972-ci ildə isə 24 saatlıq Le Man marafonunu qazanaraq Monako Qran Prisi də daxil olmaqla, birlikdə Triple Crown adlanan bu üç yarışda da qalib gələn yeganə sürücüdür. Qrəhəm həm də İndianapolis 500-də və 24 saatlıq Le Man marafonunda qalib gələn, Formula1-də isə çempion olan yeganə sürücüdür. Monako Qran Prisini Mixael Şumaxerlə eyni sayda – 5 dəfə qazanıb və bu sayda yalnız Ayrton Sennadan geri qalır.

Hill 1973-cü ildə İmperial Tobacco-nun sponsorluğu ilə öz komandasını – Embassy Hill-i qurur. Beş dəfə qalib gəldiyi Monako Qran Prisindəki uğursuzluqdan sonra karyerasını tamamlayan Qrəhəm himayəsində olan Toni Braysa dəstək verir. Qrəhəm 176 yarışda iştirak edərək bu rekordu on ildən çox əlində saxlayıb. Sonra isə Jak Laffit onun rekordunu yeniləyib.

Qrəhəm 1955-ci ildə Betti adlı xanımla ailə qurur. Qrəhəm bütün pulunu avtoidmana xərclədiyi üçün toyun xərclərini Betti qarşılayır. Onların Bricit və Samanta adlı iki qızları və Deymon adlı oğulları olur. Deymon Hill 1996-cı ildə Formula1-də çempionluğu əldə edir və Qrəhəmlər Formula1-də titul qazanan ilk ata-oğul olurlar.

Çempion ata-oğul. Qrəhəm Hill və balaca Deymon Hill

Qrəhəm sürücülük karyerasından əvvəl avarçəkmə ilə məşğul olub. Avrçəkmədə də uğurlar qazanmış Hill bunun həyatına çox təsir etdiyini öz tərcüməyi-halında qeyd edir. Əvvəllər üzvü olduğu London Avarçəkmə Klubuna həmişə sadiq qalan Qrəhəm kluba çətin vaxtlarında kömək edir. Klubun ənənəvi tünd göy və ağ rənglərindən dəbilqəsinin dizaynında istifadə edir. Oğlu Deymon və nəvəsi Coşua da dəbilqələri üçün bu rəngləri seçiblər.

1975-ci il noyabrın 29-da Fransanın Pol Rikar trasından qayıdarkən özünün idarə etdiyi təyyarə qəzaya uğrayır və həlak olur. Qəzanın səbəbi gecə vaxtı güclü duman nəticəsində yolu görməməsi və qolf sahəsinə eniş etməsi olur. Təyyarədə onunla birlikdə komandanın meneceri Rey Brimbl, mexaniklər Toni Alkok və Terri Riçards, həmçinin ona çox yaxın olan Toni Brays həlak olurlar. Sonradan məlum olub ki, onun pilot sertifikatının vaxtı keçdiyindən etibarsız imiş. Sertifikat ona hətta dumanlı havalarda da təyyarəni idarə etməyə icazə verirdi, lakin vaxtı bitmişdi…

Ölümündən sonra onun adı yollara, parklara və müxtəlif yerlərə verilərək əbədiləşdirir. Qrəhəm Hill iki titul qazanmasına baxmayaraq, Formula1-in ən məşhur və ən böyük çempionlarından biri hesab edilir…


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 3. 683
Teqlər , , , , , , , ,
Paylaş

logo