21 Noyabr 2019, Cümə axşamı - 07:38

Dünya çempionları: Alberto Askari

Dünya çempionları: Alberto Askari

Müəllif: Elçin Zodorov, redaktor

09:27 - 15 Fevral, 2017

Formula1-in 68-ci mövsümünün başlamasına bir aydan çox vaxt qalıb. Bu müddət ərzində Formula1-in tarixinə səyahət etmək, onun hər bir mövsümündəki əsas qəhrəmanı – dünya çempionu barədə məlumat vermək qərarına gəldik. Geridə qalmış 67 çempionatın 33 fərqli qalibi olub. F-1.az təqdim edir: İlk ikiqat dünya çempionu – Alberto Askari!

Avtomobil yarışlarından əvvəl motosiklet yarışlarında çıxış edən Alberto Askari 13 iyul 1918-ci ildə Milanda Antonio Askarinin ailəsində dünyaya gəlib. Onun atası 20-ci illərin məşhur sürücülərindən olub və Albertonun 7 yaşı olarkən Fransadakı yarışda qəzada ölüb. Albertoda atası kimi yarışçı olmaq ehtirası var idi və bu, məktəbdən iki dəfə qaçmasına səbəb olur. Artıq 19 yaşında Bianchi adlı motosiklet komandasının tərkibinə qoşulur. Bu, atasının yaxın dostu Entso Ferrarinin dəstəyi ilə Auto Avi Costruzoni markalı maşınla prestijli Mille Miglia yarışına qoşulmasından sonra idi. Alberto həmin il həm də yerli bir qızla evlənir. İtaliya İkinci Dünya Müharibəsinə daxil olarkən ailənin qarajı İtaliya ordusunun maşınınlarının bərpa və servis nöqtəsinə çevrilir. Alberto bu dövrdə sərfəli nəqliyyat biznesi qurur və ordunun Şimali Afrikadakı bazalarını yanacaqla təmin etməklə məşğul olur. Bu işdə ona sonradan komanda yoldaşı olacaq Luici Villorezi yoldaşlıq edir. Bu, onları müharibə dövründə orduya çağırılmaqdan azad edirdi.

İkinci Dünya Müharibəsindən sonrakı illərdə Maserati 4CLT ilə bir sıra yarışlara çıxan Albertonun komanda yoldaşı Villorezi olur. 1946-cı ildə FİA Formula1 qaydalarını açıqlayır. Növbəti keçid illərində Alberto yarış seriyalarına dominantlıq edir. Entso Ferrari onun karyerasının çiçəklənməsində çox maraqlı olur.

FORMULA1 KARYERASI

Alberto Askari Enzo Ferrari ilə birlikdə

 

Statistika
Yarışdığı illər1950-1955
Yarışdığı komandalarFerrari, Maserati, Lancia
İştirak (Start)33 (32)
Çempionluq2 (1952, 1953)
Qələbə13
Podium17
Xal107 914 (140 17) *
Poul14
Sürətli dövrə12
İlk yarışıMonako Qran Prisi, 1950-ci il
İlk qələbəsiAlmaniya Qran Prisi, 1951-ci il
Son qələbəsiİsveçrə Qran Prisi, 1953-cü il
Son yarışıMonako Qran Prisi, 1955-ci il

– Formula1-də 1990-cı ilə qədər mövsüm sonunda sürücülərin qazandığı bütün xallar yox, mövsüm ərzində müəyyən sayda yarışda topladığı xallar nəzərə alınıb. Cədvəldə həm mövsüm sonunda nəzərə alınan xallar, həm də ümumi xallar göstərilib.

1950-ci ildə Formula1-in debüt yarışında Ferrari sürücüləri iştirak etmirlər. Albertonun ilk yarışı Monako Qran Prisi olur. Çıxdığı ilk yarışda ikinci olaraq podiuma çıxır. Mövsümün son yarışında da maşını xarab olduqdan sonra karyerasında cəmi bir yarışa çıxmış Dorino Serafininin maşınına keçir və ikinci yeri tutur. Xallar bu iki sürücü arasında bölünür. Alberto ilk mövsümü dördüncü yerdə tamamlayır. Həmin il təqvimə daxil olmayan bir yarışda qalib gəlir.

1951-ci ildə titula əsas namizədlər arasında göstərilməsə də, mövsümün gedişində rəqiblərinə ciddi baş ağrısı olur. Mövsüm ərzində dörd dəfə podiuma yüksələn Askari Almaniya və İtaliya Qran Prilərini qələbə ilə başa vurur. Bu iki qələbədən sonra Fanxio ilə xal fərqini 2-yə salır. Mövsümün son yarışı olan İspaniya Qran Prisinə pouldan başlayan Askarinin bəxti gətirmir. Səhv təkər seçimi bəlkə də onu çempionluqdan edir. Yarışı dördüncü yerdə başa vurur və mövsümün yekun nəticələrinə görə, yalnız Fanxiodan geri qalır.

Qələbədən sonra yarışın müzakirəsi. Silverstoun, 1952-ci il

1952-ci ildə ilk yarışı qaçıran sürücü təqvimə daxil olan İndianapolis 500 yarışında iştirak edir. Lakin onun yarışı 40 dövrə davam edir. Təkəri partlayır və finiş görə bilmir. Alberto 11 il Formula1-in təqvimində qalan İndianapolis 500 yarışında iştirak edən yeganə avropalıdır. Həmin yarışdan sonra yerdə qalan beş yarışın hamısında maksimum nəticə göstərir – ardıcıl beş qələbə qazanır və hər yarışda sürətli dövrəni məhz o vurur (həmin il yarışda sürətli dövrə vuran sürücü əlavə 1 xal qazanırdı). Beləliklə, Alberto Askari Formula1-də titula yiyələnmiş sayca üçüncü sürücü olur. Əvvəlki ildəki uğurlu çıxışını 1953-cü ildə də davam etdirən Alberto ilk üç yarışı – Argentina, Hollandiya və Belçika Qran Prilərini qazanır. Britaniya və İsveçrədə də qalib gələn italyan sürücü ardıcıl ikinci titulunu rəsmiləşdirir. Alberto ikiqat dünya çempionu olan ilk sürücü olur.

Maaşının azaldılmasına görə Ferrari-ni tərk edən sürücü Lancia komandasına üz tutur. Bu da Albertonun titulunu qorumaq istəklərinin üstündən xətt çəkir. Komandanın maşını nəinki çempionluğa, ona heç xal zonasına düşməyə kömək edmir. Daha sonra Maserati-yə keçdiyi, son yarışlarında isə yenidən Ferrari-yə və Lancia-ya qayıtdığı mövsümü xalsız başa vuran Alberto hətta heç bir yarışda finişə çata bilmir.

Askarinin maşını sudan çıxarılır. Monako Qran Prisi, 1955-ci il

1955-ci il ümidverici nəticələrlə başlayır – Lancia komandası çempionata daxil olmayan bir neçə yarışda qalib gəlir. Lakin çempionatda işlər heç də yolunda getmir. Alberto mövsümün ilk yarışı olan Argentina Qran Prisini və karyerasının son yarışı olan Monako Qran Prisini yarımçıq saxlamalı olur. Monako Qran Prisində baş vermiş hadisələr isə bəlkə də əsrlər sonra da danışılacaq. Yarışa liderlik edən Fanxionun maşınında problem yaranır və argentinalı yarışı dayandırmalı olur. Yarışın yeni lideri Moss qələbəyə çox yaxın görünsə də, 80-ci dövrədə motoru yanır. Bu dəfə liderlik növbəsi Askariyə çatır. Lakin bu yazımızın qəhrəmanı avtoidman tarixinin ən çox danışılan qəzalarından birini edir. Tuneldən çıxarkən idarəetməni itirir və maşını ilə birlikdə suya düşür. Xoşbəxtlikdən ən ağır zədəsi burnunun qırılması olur. Beləliklə, Askarinin Formula1 karyerası Aralıq dənizinin sularında bitir.

Qəzadan 4 gün sonda – mayın 26-da Alberto dostu Eucenio Kastellottinin Ferrari 750 Monza superkarını test etməsinə baxmaq üçün Montsaya gedir. Onlar birlikdə 1000 km-lik bir yarışa qoşulmağı düşünürdülər. Albertonun həmin gün maşın sürmək ehtimalı yox idi, lakin o, bir neçə dövrə vurmaq qərarına gəlir. Pencək, qalstuk, adi şalvar və Kastellottinin ağ dəbilqəsi ilə yola düşür. Üçüncü dövrədə sürətli döngədə idarəetməni itirir və maşını aşırır. Maşın hətta havada fırlanır və o, asfaltın üzərinə düşür. Bədənində bir çox zədə olan sürücü yerindəcə dünyasını dəyişir. Trasın ən sürətli döngələrindən biri olan Curva del Vialone hadisədən sonra onun şərəfinə adlandırılır. Sonradan həmin hissəyə bir şikan əlavə edilib və hazırda həmin hissə Variante Ascari adlandırılır.

Onun ölümü ilə atasının ölümü arasında bəzi oxşarlıqlar var. Alberto 1955-ci il mayın 26-da 36 yaşında, atası isə 1925-ci il iyulun 26-da 36 yaşında həlak olub (Alberto atasından 4 gün çox yaşayıb). Hər iki sürücü ayın 26-da və başqa bir ağır qəzadan dörd gün sonra ölümcül qəzaya uğrayıblar. Hər ikisi sola doğru olan döngədə həlak olub və hər ikisindən geriyə iki uşaq və həyat yoldaşları qalıb.

Hazırda təkcə Montsa trasının bir döngəsi yox, həm də paytaxt Romanın küçələrindən biri onun adını daşıyır. Eyni zamanda Britaniyada superkar şirkətlərindən birinin adı Ascari Cars-dır. Digər bir dünya çempionu – gələn yazılarımızdan birində haqqında danışacağımız İtaliyada anadan olmuş amerikalı dünya çempionu Mario Andretti onu avtoidmanın əfasənələrindən biri adlandırır və yeniyetmə yaşlarında Montsada onun yarışlarını izlədiyini bildirir…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Redaktor seçimi
Mənbə
Baxış Sayı 7. 553
Teqlər , , , , , ,
Paylaş

logo