Monzadakı mətbuat konfransında Alpine komandasının faktiki rəhbəri Flavio Briatore əslində yüksək beynəlxalq instansiyanı qərəzlilikdə ittiham edib.
“Bütün bunlar çox ədalətsizdir, amma biz bu qərarı qəbul edirik. Bununla belə, hakimlərdən birinin prokuror kimi davranması çox qəribədir, – deyə Briatore bildirib. – Amma problem təkcə bunda deyil, məsələ ondadır ki, onunla McLaren şirkəti arasında sıx əlaqə var…
Həmin şəxs One Drop Foundation adlı fond yaradıb və McLaren bu fonda iki və ya üç McLaren maşını verib. Düşünürəm ki, bizə qarşı etiraz verən komanda ilə əlaqəli olan bir hakimin işə baxması çox ədalətsizdir.
Sual olunur, bu hakim niyə özünü prokuror kimi aparırdı? Çünki o, McLaren ilə əlaqəlidir”.
Briatore bu hakimin adını da çəkib – italyanəsilli amerikalı Filippo Marçino – və əlavə edib ki, Beynəlxalq Apellyasiya Məhkəməsinin bütün üzvləri tam müstəqil və qərəzsiz insanlar olmalıdırlar.
Mətbuat konfransında McLaren komandasının rəhbəri Andrea Stella da iştirak etdiyindən, o bu ittihamlara dərhal reaksiya verib:
“Mən hesab edirəm ki, bu mətbuat konfransı McLaren üçün, böyük hörmətə layiq olan komandanın nüfuzu üçün çox təhqiredici xarakter alır. Əgər kimsə çox ciddi səslənən ittihamlar irəli sürürsə, o zaman ictimai şəkildə dediyi sözlərə görə cavab verməli olacaq.
Apellyasiya Məhkəməsində keçirilən dinləmələr ən yüksək standartlara uyğun idi və onun qərarları şübhə altına alına bilməz”.
Görünür, Monako Qran Prisinin nəticələrinin dəfələrlə yenidən nəzərdən keçirilməsi ilə bağlı bu hekayə hələ son sözünü deməyib və getdikcə daha da maraqlı hal alır.




