Belçika-2017: Yarış

Ardıcıl ikinci ildir ki, Spada tribunalar narıncı rəngə boyanır - belçikalılar və hollandlar Maks Ferstappeni aktiv şəkildə dəstəkləyirlər. Stoffel Vandornun hələ çox azarkeşi yoxdur, lakin ilk ev yarışını keçirməsi də azarkeşlərin diqqətini cəlb edib. Tribunalar səhər saatlarında keçirilən dəstək yarışından etibarən tam dolub.

Həftəsonu yağışsız ötüşməyib, amma hava şəraiti komandaların işinə ciddi təsir etməyib. Cümə günü baş tutan ilk məşqlərdə Rəykkönen protokollara başçılıq etmişdi. Son 20 dəqiqəsində yağış yağan ikin sessiyada isə Həmilton hamıdan sürətli olmuşdu. Şənbə günü səhər də asfatl nəm idi, lakin tədricən quruduğundan, komandalar öz proqramları üzrə işləyə bilmişdilər və Rəykkönen bu dəfə də ilk yeri tutmuşdu.

F-1.az xatırladır ki, məşqlərdə Mercedes və Ferrari-nin nəticələri bir birinə yaxın olsa da, son üç ilin çempionları sıralanma turunda templərini artırmışdılar. Keçənilki poul nəticəsini 4 saniyə üstələyən Həmilton karyerasında 68-ci poulunu qazanaraq Mixael Şumaxerə çatmışdı. Fettel isə komanda yoldaşının köməyi ilə ikinci olmuşdu. İkinci sıranı Bottas və Rəykkönen, üçüncü sıranı isə Red Bull sürücüləri tutmuşdular.

Altı sürücü startda yer itirməklə cəzalandırılıb. Ən böyük cəzanı güc qurğusunu (iki dəfə) və ötürmələr qutusunu vaxtından əvvəl dəyişən Vandorn alıb – 65 yer. Kvyatın da güc qurğusunun elementləri yeniləndiyi üçün 20 yer itirəcəyi məlum olub. Sauber sürücüləri və Palmer ötürmələr qutusunu vaxtından əvvəl dəyişdikləri üçün, Massa isə üçüncü sessiyada sarı bayraqlar altında sürətini azaltmadığı üçün 5 yer itirməklə cəzalandırılıblar.

Pirelli ənənəni pozub və Spaya yumşaq üçlüyü – Soft, SuperSoft və UltraSoft təkərləri gətirib. İkinci sessiyada yağan yağış komandaların sliklərin aşınmasını qiymətləndirmələrinə mane olub. Şənbə günü bir neçə sürücü maşının arxa tərəfində vibrasiya olmasından şikayətlənib. Bu, hətta Strollun maşının zədələnməsi ilə nəticələnib. İtalyanlar bu məsələnin araşdırılacağına söz veriblər, lakin yarış ərəfəsində buna imkan olmayıb. Yarışa Verlyayn Soft təkərlərlə, Stroll, Massa, Eriksson, Kvyat və Vandorn SuperSoft təkərlərlə, digər sürücülər isə UltraSoft təkərlərlə başlayıblar.

Həmilton startda yerini qoruyub, ilk altılıqda dəyişiklik olmayıb. Alonso dörd, Kvyat isə 3 yer qazanıb. Force İndia sürücüləri Eau Rouge döngəsində təkər-təkərə mübarizə aparıblar və Okon komanda yoldaşını qabaqlayıb. Son sektorda Hülkenberq Alonsonu keçib, lakin Fernando yerini qaytara bilib. Stroll Kvyatı keçib. 2-ci dövrədə ilk onluq: Həmilton – Fettel – Bottas – Rəykkönen – Ferstappen – Rikkardo – Alonso – Hülkenberq – Okon – Maqnussen.

Növbəti dövrədə Peres Maqnusseni, Hülkenberq isə Alonsonu ötüb. Verlyayn asılqandakı problemə görə boksa qayıdıb və mübarizə onun üçün başa çatıb. Həmilton Fettelə fərqi bir saniyədən yuxarı qaldırıb və alman sürücünün DRS-in köməyi ilə hücum etməsinin qarşını alıb. Alonso Peres və Qrojan tərəfindən də keçilib. Massa isə Palmerə hücumlar edib. Ferstappen 8-ci dövrədə güc qurğusundakı problemlərə görə yarışı dayandırmalı olub və bu, azarkeşlərin etirazına səbəb olub. Növbəti dövrədə Palmer və Eriksson təkərlərini dəyişiblər. 10-cu dövrədə ilk onluq: Həmilton – Fettel – Bottas – Rəykkönen – Rikkardo – Hülkenberq – Okon – Peres – Qrojan – Alonso.

Maqnussen və Stroll 10-cu, Okon, Qrojan və Alonso 11-ci, Hülkenberq və Massa 12-ci, Həmilton və Peres 13-cü, Bottas 14-cü, Fettel və Rikkardo isə 15-ci dövrədə pit-stopa yollanıblar. Həmilton Soft təkərlərlə dərhal ən sürətli dövrəni vurub və hələ pit-stop etməmiş Rəykköneni vaxt itirmədən ötüb. Bir dövrə sonra təkərlərini dəyişən Rəykkönenə Stop&Go cəzası verilib. Buna səbəb finlandiyalı sürücünün Ferstappenə görə dalğalanan sarı bayraqlar zamanı sürətini azaltmaması olub. Kimi 18-ci dövrədə cəzasını çəkib. Peres isə trasdan kənara çıxaraq Qrojanı ötdüyü üçün 5 saniyə cəza alıb. Kvyat və Vandorn 19-cu dövrədə pit-stop ediblər. Təkərlərini ən gec dəyişən sürücü isə bir dövrə sonra Sayns olub. 20-ci dövrədə ilk onluq: Həmilton – Fettel – Bottas – Rikkardo – Hülkenberq – Rəykkönen – Okon – Peres – Qrojan – Maqnussen.

Rəykkönen 25-ci dövrədə beşinci yer uğrunda mübarizədə Hülkenberqə qalib gəlib. Peres 26-cı dövrədə daha bir pit-stop edib. Növbəti dövrədə isə Alonso yarışı tərk etməli olub – ispan sürücü yarışı bu dəfə də mühərrik probleminə qurban verib. Okon da 28-ci dövrədə təkərlərini dəyişib. Force İndia sürücüləri 30-cu dövrədə mübarizə apararkən toqquşublar – Okon 5 saniyə cəriməsi olan komanda yoldaşına hücum edib, lakin Peres onu buraxmaq istəməyib. Toqquşma zamanı meksikalının maşınının arxa sol təkəri deşilib, trasa qırıntılar dağılıb.

Təhlükəsizlik Maşını (TM) trasa çıxıb. Peres maşını boksa qədər çatdıra bilib və təkərləri dəyişdirilib. Okonun maşınına yeni ön qanad taxılıb. Bütün sürücülər pit-stop ediblər, Fettelin maşınının arxa təkərinin dəyişilməsi zamanı kiçik gecikmə yaranıb. TM-in arxasında ilk onluq: Həmilton – Fettel – Bottas – Rikkardo – Rəykkönen – Hülkenberq – Qrojan – Massa – Maqnussen – Okon.

Mercedes sürücüləri Soft, Ferrari sürücüləri isə UltraSoft təkərlərə keçiblər. 34-cü dövrədə restart verilib və sürücülər son 10 dövrəlik mübarizəyə başlayıblar. Həmilton Fettelin hücumlarını dəf edib və liderliyini qoruyub. Bottas isə Rikkardo və Rəykkönen tərəfindən keçilib. Həmilton yenə də Fettellə fərqi 1 saniyədən yuxarı qaldıra bilib. 40-cı dövrədə ilk onluq: Həmilton – Fettel – Rikkardo – Rəykkönen – Bottas – Hülkenberq – Qrojan – Massa – Okon – Sayns.

Palmer 42-ci dövrədə Peresə hücumlar edib və onu ötüb, meksikalı sürücü isə sona bir dövrə qalmış mübarizəni dayandırıb.

Lyuis Həmilton mövsümdə beşinci, karyerasında isə 58-ci qələbəsini qazanıb. Britaniyalı sürücü yarışda ikinci olan Sebastyan Fettellə çempionatdakı xal fərqini 7-yə salıb. Daniel Rikkardo podiumun üçüncü pilləsinə yüksəlib. Növbəti yarış isə bir həftə sonra sürətin məbədi hesab edilən Montsada baş tutacaq!

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:24:42.820 2
2 5 Sebastyan Fettel Ferrari + 0:02.358 2
3 3 Daniel Rikkardo Red Bull + 0:10.791 2
4 7 Kimi Rəykkönen Ferrari + 0:14.471 3
5 77 Valtteri Bottas Mercedes AMG + 0:16.456 2
6 27 Niko Hülkenberq Renault + 0:28.087 2
7 8 Roman Qrojan Haas + 0:31.553 2
8 19 Felipe Massa Williams + 0:36.649 2
9 31 Esteban Okon Force İndia + 0:38.154 3
10 55 Karlos Sayns Toro Rosso + 0:39.447 2
11 18 Ləns Stroll Williams + 0:48.999 2
12 26 Daniil Kvyat Toro Rosso + 0:49.940 2
13 30 Colion Palmer Renault + 0:53.239 2
14 2 Stoffel Vandorn McLaren + 0:57.078 2
15 20 Kevin Maqnussen Haas + 1:07.262 3
16 9 Markus Eriksson Sauber + 1:09.711 3
17 11 Serxio Peres Force İndia + 2 dövrə 3

 

Sürətli dövrə: Sebastyan Fettel (Ferrari) – 1:46.577 (41-ci dövrə, 236.583 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Fernando Alonso McLaren 25 güc qurğusu
Maks Ferstappen Red Bull 7 güc qurğusu
Paskal Verlyayn Sauber 25 asılqan

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 220
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas F1 Team 213
3 77 Valtteri Bottas Mercedes AMG Petronas F1 Team 179
4 3 Daniel Rikkardo Red Bull Racing 132
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 128
6 33 Maks Ferstappen Red Bull Racing 67
7 11 Serxio Peres Sahara Force İndia F1 Team 56
8 31 Esteban Okon Sahara Force İndia F1 Team 47
9 55 Karlos Sayns Scuderia Toro Rosso 36
10 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 34
11 18 Felipe Massa Williams Martini Racing 27
12 8 Roman Qrojan Haas F1 Team 24
13 18 Ləns Stroll Williams Martini Racing 18
14 20 Kevin Maqnussen Haas F1 Team 11
15 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 10
16 94 Paskal Verlyayn Sauber F1 Team 5
17 26 Daniil Kvyat Scuderia Toro Rosso 4
18 2 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 392
2 Scuderia Ferrari Ferrari 348
3 Red Bull Racing TAG Heuer 199
4 Sahara Force İndia F1 Team Mercedes 103
5 Williams Martini Racing Mercedes 45
6 Scuderia Toro Rosso Renault 40
7 Haas F1 Team Ferrari 35
8 Renault Sport Formula 1 Team Renault 34
9 McLaren Honda Formula 1 Team Honda 11
10 Sauber F1 Team Ferrari 5
, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*