Censon Batton: “Hazırda Fernandonun gələcəyi fəal şəkildə müzakirə olunur. Bilmirəm, o, Formula1-də daha bir mövsüm keçirməyə qərar verəcəkmi, amma əminəm ki, karyerasını nə vaxt başa vursa da, tam haqlı olaraq tarixinin ən böyük sürücülərindən biri sayılacaq.
Hərçənd şəxsən mən ümid edirəm ki, o, hələ bir müddət qalacaq. Onun qərarını gözlədiyimiz vaxtda mən özümün onunla yarış traslərində mübarizə apardığım illəri xatırlamaq qərarına gəldim.
Fernandoya edə biləcəyim ən böyük kompliment odur ki, onunla mübarizə aparmaq təxminən Mixael Şumaxerlə mübarizə aparmaq kimi idi. Mənim təcrübəmə görə, onlarla mübarizə həmişə çətin olurdu, amma bu mübarizə dürüst keçirdi və hər dəfə imkanların son həddində baş verirdi. Məhz bu, mənim xoşuma gəlirdi. Onlarla mübarizənin özəlliklərindən biri də elə bu idi.
Formula1-də ilk qələbəmi Macarıstanda qazananda məhz onlarla rəqabət aparırdım. Sürücü kimi istədiyin də elə budur – ən yaxşılarla, dahilərlə mübarizə aparmaq ki, onların fonunda nə qədər güclü olduğunu anlayasan.
Karyeram ərzində mən təkcə Fernando və Mixaellə yox, həm də Mika Həkkinen, Kimi Rəykkönen, Lyuis Həmilton və Maks Ferstappenlə mübarizə aparmışam. Əsl avtoidman əfsanələri ilə rəqabət aparmaq baxımından çox şanslı olmuşam.
Fernandonu fərqləndirən onun pilotaj üslubudur. Bütün maşınları eyni rəngə boyayıb bütün sürücüləri trasa buraxsan, kimin kim olduğunu anlamaq asan olmaz. Amma yanından Fernando keçəndə dərhal aydın olur ki, bu, məhz odur. Bütün məsələ onun sükan arxasında necə davranmasındadır.
Fernando digərlərindən tam fərqli sürür. O, aqressivdir, vəziyyətə əla uyğunlaşır və bütün karyerası boyunca da belə olub”.





