Azərbaycan Qran Prisinin ilk günündə Jamiroquai qrupu konsert verəcək

Fank musiqi janrının əfsanələri aprelin 27-də Kristal Zalda tamaşaçıların qarşısına çıxaraq, canlı performans nümayiş etdirəcəklər.

F-1.az Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinə istinadən bildirir ki, gərgin mübarizə ilə dolu və əyləncəli keçəcək Azərbaycan Qran Prisi yarış həftəsonunun ilk gecəsində səhnəyə fank musiqisinin qabaqcıllarından olan Jamiroquai musiqi qrupu çıxacaq. Ötən illərdəkindən fərqli olaraq bu il yarış həftəsonunda dünya ulduzlarının iştirakı ilə baş tutacaq axşam konsertləri ilk dəfə olaraq Kristal Zalda keçiriləcək.

Caz musiqisinin təmsilçisi olan Cey Key tərəfindən 1992-ci ildə Londonda yaradılan bu qrup qısa müddətdə məşhurlaşaraq dünyanın ən uğurlu musiqi qruplarından birinə çevrilib. 25 illik fəaliyyəti ərzində 27 milyondan çox albom satan bu qrup “Grammy”, “İvor Novello” və “MTV Moonmen” mükafatlarına layiq görülüb, Böyük Britaniyada 13 dəfə nominasiya əldə edib və biletləri tamamilə satılan beş dünya turunu reallaşdırıb.

Bakıya toplaşacaq bütün Formula1 azarkeşləri yüksək enerjili konsert gecəsini səbirsizliklə gözləyirlər və Jamiroquai qrupu yarış həftəsonunun ilk gecəsində nümayiş etdirəcəyi konsert proqramında Kristal Zala toplaşmış avtoidman həvəskarlarına möhtəşəm səhnə performansı ilə unudulmaz gecə yaşadacaq.

BŞH-nin icraçı direktoru Arif Rəhimov Jamiroquai qrupunun Bakıya gəlişinə belə münasibət bildirib: “Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftəsonunun cümə günü axşam saatlarında baş tutacaq canlı konsert proqramı ilə əyləncəli tədbirlərin açılışını edəcək Jamiroquai qrupunu Bakıda qarşılayacağımız üçün çox şadıq. Dünyada özünəməxsus səsi və yüksək enerjili performansı ilə məşhurlaşmış çox az musiqi qrupu var. Cey Keyin rəhbərliyindəki bu qrup musiqi tarixində istedadlı və nadir sayılan xüsusiyyətlərə malik belə qruplardan biridir və onun özü həm də böyük avtomobil həvəskarıdır. Bu qrupun gəlişi yarış həftəsonunun bütün iştirakçıları üçün ən ideal seçimdir və Bakıda sayca üçüncü dəfə keçiriləcək Formula1 yarışının açılışını bundan daha yaxşı şəkildə qeyd etmək mümkün olmazdı. Bakıda bizimlə birlikdə olmağa çalışın və biletlərinizi indidən əldə etməyə tələsin. Həqiqətən də builki yarış həftəsonu çox fərqli olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*