Avstriya – Öküz öz tövləsində yeni rekorda imza atacaq?

Mövsümün ilk 8 yarışı geridə qaldı. Red Bull komandası bu yarışların hamısını udaraq, bir rekorda imza atıb. Ümumilikdə isə onların ardıcıl 9 qələbələri var. Bəs öz vətənlərində ardıcıl 10-cu qələbə mümkün olacaq?

Kanada yarışı Red Bull üçün hər cəhətdən əlamətdar idi. Maks Ferstappen 41-ci qələbəsini qazanaraq, bu statistikada Ayrton Sennaya çatdı. Red Bull komansası 100-cü, komandanın əfsanəvi konstruktoru Ədrian Nyui isə 200-cü qələbəsini əldə etdi. İndi isə “qırmız öküzlər” komanda tarixində yeni bir rekorda imza ata bilərlər. Belə ki, komandanın indiyə kimi ən uzun qələbə rekordu ardıcıl 9 qələbə olub. 2013-cü ildə Sebastyan Fettel son 9 yarışı qazanaraq, həm komandası, həm də özü üçün bir rekord müəyyən etmişdi. İndi isə komanda öz ətənində komanda tarixinin yeni rekordunu qıra bilər.

Qeyd edək ki, ən uzun qələbə rekordu McLaren komandasına aiddir. Britaniya komandası 1988-ci ildə mövsümün ilk 11 yarışını qazanaraq, hələ də heç kimin təkrarlaya bilməyəcəyi bir rekorda imza atmışdı.

Əslində Red Bull komandası Şpilberə ən böyük favorit kimi gəlir. Onlar həmişə bu trasda güclü olublar. Maks Ferstappen burada 2019, 2021 (həm Avstriya, həm də Ştiriya) yarışlarını udub. 2022-ci ildə isə niderlandlı sürücü sprint yarışında rəqiblərindən üstün olsa da, əsas yarışda Şarl Leklerin gerisində qalmışdı.

Lakin Ferrari keçənilki formasından uzaqdır. Düzdür, Şarl Lekler burada 2019-cu ildə qələbəni son anda əldən vermişdi və keçən il qalib gəlmişdi. Ancaq bu il onların qələbə üçün bir az da şansa ehtiyacları var. Düzü sonuncu Kanada yarışında “qırmızılar” həm Medium, həm də Hard təkərlərdə hamıdan sürətli idilər, ancaq bu hal Kanadadakı ekstrem hallardan da qaynaqlana bilər.

Son yarışlarda yenidən ulduzu parlamağa başlayan Mercedes komandası da burada zirvəyə oynaya bilər. Düzdür, Red Bull rinq trası Lyuis Həmiltonun sevimli traslarından deyil. Hətta sevmədiyi traslardan biridir, amma “gümüşü oxlar”ın Monakoya və İspaniyaya gətirdikləri yeniliklər onları yenidən podium uğrunda mübarizədə favorit edə bilər. Onsuz da bu yeniliklərdən sonra Mercedes həm Barselonada, həm də Kanadada podiuma yüksəlmişdi.

Aston Martin komandası isə Barselonadakı problemlərdən sonra Kanadada yenidən özünə qayıtdı. Hətta Alonsoda yanacaq sistemində problem yaşanmasaydı, yarışı qazana bilərdi. Buradakı əylənmə zonalarını da nəzərə alsaq, “yaşıllar”ı yenə də podiumda görə bilərik.

Digər komandalara gəldikdə isə, Alpine komandası 5-ci komanda kimi görünür, amma McLaren, Alfa Romeo və Williams komandalarından sürprinz nəticələr görə bilərik.

Avstriyada sprint yarışlını da nəzərə alsaq, komandaları çətin həftəsonu gözləyir. Xüsusən də, Aston Martin-in təkərləri gec qızdırdığını nəzərə alsaq, yaşıllar yarımsaatlıq yarışda rəqiblərindən geri qala bilərlər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*