2017-ci il maşınlarının uzunluğu

Maşınların təkər bazasının uzunluğu, yəni ön və arxa oxları arasındakı məsafə Formula1 komandaların ciddi cəhdlə qoruduqları sirlərdən biridir. Amma fotoanalizin müsair rəqamsal texnologiyası imkan verir ki, kənardan bu məlumatlar əldə olunsun.

Almaniyanın Auto Motor und Sport dərgisi bu sahənin mütəxəssislərinə müraciət edib və tədqiqatların nəticələri jurnalın növbəti sayında dərc olunmaqla şərh edilib.

F-1.az xatırladır ki, təkər bazasının uzunluğu barədə debatlar keçən payızdan başlamışdı. FİA komandalardan xahiş etmişdi ki, bu məlumatlar təqdim olunsun, çünki yeni maşınların ölçü platformasına yerləşməsinə əmin olmaq lazım idi. Hər həftəsonundan əvvəl, yəni cümə axşamı FİA-nın müfəttişləri bu ölçü platformasının üzərində maşınları təftiş edirlər.

Şayiələr gəzirdi ki, ya Mercedes, ya Red Bull, ya da McLaren komandasının hazırladığı yeni maşın bu platformadan uzun olacaq. Hətta Sebastyan Fettel bu barədə zarafat da etmişdi ki, “deyin görək, komandalardan hansı avtobus hazırlayır?” Dörd aydan sonra isə məlum olub ki, ən uzun təkər bazası Mercedes maşınlarına məxsusdur.

Yeni W08 o qədər uzundur ki, bunu görmək üçün xüsusi qurğu lazım deyil. Düzdür, keçənilki mövsümlə müqayisədə Force İndia, Red Bull, Ferrari, Haas və McLaren maşınlarının da uzunluqları artıb. Lakin Toro Rosso, Renault, Williams və Sauber isə təkər bazasını qısaltmaqla fərqli inkişaf yolu seçiblər.

 

Maraqlıdır ki, hələ beş il əvvəl peletonda beş komanda 3.5 metrdən qısa maşın hazırlamışdısa, indi belə bir maşın yoxdur. Bəs daha uzun təkər bazası maşına nə verir? Əgər maşının ön hissəsini uzatsaq, onda ön təkərlərlə yan pantonlar arasında müxtəlif deflektorlar yerləşdirməklə azadlıq əldə etmək olar. Əgər maşının arxa hissəsini uzatsaq, onda altlığın daha effektiv işləyərək daha çox asfaltayatma qüvvəsi hasil etməsinə nail olmaq mümkündür.

Beləliklə, Mercedes maşınının təkər bazası 3760 mm-dir, maşın keçən illə müqayisədə 260 mm “boy atıb”. Mühəndislər W08-in həm ön, həm də arxa hissəsini uzadıblar. Amma maşının ümumi uzunluğu və ümumi kütləsi artmasın deyə, baş konstruktor Aldo Kosta maraqlı çıxış yolu tapıb – sükan idarəetmə sistemində və ön asılqanda tətbiq olunan üçbucaq linklər və sükan dartıları önə doğru fırladılıb, bunu ancaq maşına yuxarıdan baxanda seçmək mümkündür.

Boy sırasında ikinci yeri Force İndia maşını tutub – 3691 mm, ən qısa təkər bazası isə Williams FW40-da olub – keçən illə müqayisədə maşın 44 mm balacalaşıb və 3545 mm təşkil edib.

Formula1 maşınlarının bu sahədə təkamül prosesini daha yaxşı anlamaq üçün tarixə müraciət edək. 1975-ci ildə Niki Laudaya ilk titulu qazandıran Ferrari 312T-nin təkər bazası cəmi 2518 mm idi. 1988-ci ilin 16 yarışında McLarn komandasını 15 dəfə podiumun zirvəsinə qaldıran McLaren MP4-4-ün uzunluğu 2875 mm olmuşdu. 1995-ci ildə Mixael Şumaxerə ikinci titulu bəxş edən Benetton B195-in təkər bazası 2850 mm olmuşdusa, 7-ci tituluna sevindiyi Ferrari F2004-ün təkər bazası 3063 mm təşkil etmişdi. Sebastyan Fettelin 2010-cu ildə ilk çempion RB6 maşını daha uzanaraq 3296 mm-ə çatmışdı.

 

Auto Motor und Sport-un ekspertləri yalnız müsair maşınların uzunluqlarını deyil, həm də ön və arxa oxlarda maşın altlığının yerdən hündürlüyünü də ölçüblər ki, korpusun maililik dərəcəsini qiymətləndirsinlər. Məlum olub ki, ən az maililik yenə də Mercedes maşınındadır, amma ən maili maşın artıq Red Bull maşını deyil. Builki Force İndia maşını bu sahədə 2.1 dərəcə ilə liderliyi ələ alıb. Hərçənd, qeyd etmək lazımdır ki, Barselona testlərində Red Bull və Toro Rosso klirenslə daim eksperimentlər etdikləri üçün mövsümün ilk yarışında hər şey dəyişə bilər…

 

Komanda 2017-ci ildə təkər bazası, mm-lə 2016-cı ildə təkər bazası, mm-lə 2017-ci ildə maililik, dərəcə ilə 2016-cı ildə maililik, dərəcə ilə
Mercedes AMG 3760 3500 0.9 1.0
Force İndia 3691 3412 2.1 1.9
Renault 3630 3638 1.7 1.0
Haas 3594 3494 1.4 1.4
Ferrari 3594 3494 1.6 1.4
McLaren 3584 3534 1.7 1.9
Red Bull 3557 3432 1.5 1.9
Sauber 3550 3591 1.3 1.0
Toro Rosso 3549 3616 1.1 1.5
Williams 3545 3589 1.7 1.4

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*