Bununla bağlı hələlik rəsmi məlumat yoxdur, amma Finlandiya mətbuatı ötən həftəsonu Monzanın paddokunda geniş müzakirə olunan xəbəri gündəmə gətirib: kiçik Rəykkönenin Red Bull-un yarış akademiyasına qəbul ediləcəyi bildirilir.
Bunun doğru olub-olmadığını zaman göstərəcək, amma Robin artıq Avropanın kartinq traslarında xeyli qələbə qazanıb və onun uğurları həqiqətən təsir bağışlayır. Bundan başqa, Kimi ailəsi ilə birlikdə İtaliya Qran Prisi günlərində paddokda görünüb və xeyli vaxtını Red Bull Racing-in bokslarında keçirib, o cümlədən Loran Mekislə də söhbətləşib.
Həmçinin belə bir məlumat var ki, ötən həftəsonu Monzada Red Bull şirkətinin ali rəhbərliyinin nümayəndələri də olublar. Onların arasında korporativ layihələrə və avtomobil idmanına yatırımlara cavabdeh olan Oliver Mintslaff da yer alıb. Gözlənilir ki, 2007-ci il dünya çempionunun ailəsi ilə Red Bull arasında əldə olunan razılaşmalar artıq yaxın vaxtlarda rəsmən təsdiqlənəcək.
Red Bull Racing-in sosial şəbəkə səhifələrində yayımlanan və Kimi Rəykkönenin komandanın bokslarına səfərinə həsr olunan qısa videoçarx çoxsayda şərh toplayıb. Onlardan birinin müəllifi yazıb: “Əgər bu şayiələr doğrudursa, onda Maks Ferstappenin gedişindən sonra Red Bull-un gələcəyi üçün narahat olmağa dəyməz”.





