Red Bull komandası 2012-ci ildə hər iki çempionluq titulunu qazandığı RB8 maşınını gecə saatlarında bağlanan Madrid metrosunun xətti ilə yürüş üçün hazırlayıb.
Standart relslər üzərində hərəkət etmək üçün qeyri-adi həll tapmaq lazım idi və əvvəlcə İspaniyanın Andtonic şirkətinin mühəndisləri Formula1 maşınlarında istifadə olunan adi disklər əsasında metal təkərlər hazırlayıblar.
Layihənin hazırlanması beş ay çəkib, lakin bu disklər Red Bull Racing-in Milton Kinsdəki bazasına çatdırılanda məlum oldu ki, onlar həddindən artıq ağırdır. Buna görə də kompozit materiallardan hazırlanmış yarış asılqanı və yarımoxlar bu yükə tab gətirməyəcəkdi. Bundan sonra çəkisi normaldan üç dəfə çox olan təkərlərdən imtina edilərək, diskdən deyil, birbaşa təkər topu əsasında tamamilə yeni təkərlər yonulmasına qərar verildi.
Vaxt isə artıq daralırdı, Madrid metrosu ilə əvvəlcədən razılaşdırılmış çəkiliş gününə bir aydan da az qalırdı. Buna baxmayaraq, yeni layihəni cəmi bir neçə həftəyə reallaşdırmaq mümkün oldu. Demək olar ki, son anda, artıq konstruksiyada hər hansı dəyişiklik etmək üçün gec olacağı vaxtda hər biri 29.8 kq olan daha yüngül təkərlər hazır idi ki, bu da Formula1 maşınının standart təkərindən təxminən iki dəfə ağırdır.
Bu işlərdə ispan mühəndislərlə birlikdə komandanın tarixi texnikaya cavabdeh bölməsi olan Red Bull Racing Heritage-in mütəxəssisləri də çalışıblar. İşə yarayan məqamlardan biri də Madrid metrosunun rels ölçüsünün RB8-in iz ölçüsünə təxminən uyğun gəlməsi idi.
Çəkilişlərə iki həftə qalmış işlər paytaxt metrosunun Madridin Kanilyexas rayonunda yerləşən emalatxanalarında davam etdirildi. Hətta əvvəlcə ilk sınaqları keçirmək üçün kart bazasında xüsusi prototip hazırlandı və yalnız bundan sonra komanda layihənin yekun mərhələsinə – xüsusi şəkildə hazırlanmış RB8 maşınının testlərinə başladı.
RB8-in sükanı arxasına Formula1-in sabiq sürücüsü Patrik Frizaxer keçib. Maşın bağlanmış metro xətti ilə, o cümlədən “Estadio Metropolitano” stansiyası, eləcə də “Sasedal” və “Çamartin” depolarının yanından keçib.
Patrik Frizaxer: “Bu, inanılmaz təcrübə idi. Komandamızla birlikdə artıq çox şey sınamaq mənə qismət olub, amma Formula1 maşınını dəmir yolu relsləri üzərində idarə etmək sürreal hiss idi. Əladır ki, indi mənim CV-mə metro maşinisti işi də əlavə olunub”.
Bu həftəsonu ilk dəfə Formula1 mərhələsini qəbul edəcək yeni MadRinq avtodromu ayrıca stansiya vasitəsilə metro ilə birləşdirilib və həmin stansiya kompleksin ərazisində yerləşir. Nümayiş yürüşü Red Bull ilə avtodrom arasındakı tərəfdaşlığın bir hissəsi olub və Madrid metropoliteninin dəstəyi ilə keçirilib.





