Rafael Kamara görmə problemi barədə danışıb

Rafael Kamara son illərin ən parlaq gənc sürücülərindən biridir. O, ötən il ilk cəhdində Formula3-ün çempionu adını qazanıb, 2026-cı ildə mövsümün başa çatmasına iki mərhələ qalmış Formula2-nin şəxsi hesabında liderlik edir, 2027-ci ildə isə Haas-ın heyətində Formula 1-də debüt edəcək.

Bununla belə, Rafael daim eynək taxır və görmə problemləri barədə açıq danışmaqdan çəkinmir. Formula2-nin sosial şəbəkələrində azarkeşlərin suallarını cavablandıran Rafael miopiyasının dərəcəsi və astiqmatizmindən danışıb.

Rafael Kamara: “Məndə miopiya var. -2.75 və -2.50 dioptriyalı eynək taxıram. Bundan başqa, məndə astiqmatizm də var, buna görə işıq mənbələri mənə həddindən artıq parlaq görünür.

Mən kontakt linza taxan yeganə Formula1 sürücüsü deyiləm, amma digərləri bunu gizlətməyə üstünlük verir. Mən isə paddokda eynəklə gəzirəm, çünki heç nəyi gizlətmək istəmirəm.

Bir dəfə yarışdan əvvəl kontakt linzalarımı hotel otağında unutdum, buna görə starta eynəklə çıxdım və heç kimin bunu görməməsi üçün dəbilqənin vizorunu bir qədər aşağı endirdim. Nəticədə, eynəyə görə poulu əldən verdim – mənə elə gəlirdi ki, divarlar düz qarşımda yerləşir”.

FİA-nın Beynəlxalq İdman Məcəlləsi yarışlarda görmənin korreksiyası üçün eynək və ya kontakt linzalardan istifadəyə qadağa qoymur, bir şərtlə ki, sürücünün lisenziyasında bununla bağlı müvafiq qeyd olsun. Hazırda Formula1 sürücülərindən heç biri eynəklə yarışmır, baxmayaraq ki, məsələn, Şarl Lekler vaxtaşırı ictimaiyyət qarşısına eynəklə çıxır. Keçmişdə isə yarışlarda eynəkdən Sebastyen Burde, Ralf Şumaxer və Jak Vilnöv istifadə ediblər.