MotoGP-nin noyabrda Qətərdə keçirilməsi planlaşdırılan mərhələsi ləğv olunmaq üzrədir

MotoGP üzrə dünya çempionatının təşkilatçıları əvvəlcə Qətərdə keçirilməsi planlaşdırılan, lakin Yaxın Şərqdəki gərgin vəziyyətə görə apreldən noyabra təxirə salınan mərhələni ləğv etməyə hazırlaşırlar.

The Race-in yaydığı məlumata görə, gərginliyin azalacağı hələlik gözlənilmədiyi üçün artıq həm bu mərhələnin keçirilməsindən, həm də onu başqa trasda yarışla əvəzləmək cəhdindən imtina olunması ilə bağlı qərar, demək olar ki, yetişib. Beləliklə, mərhələlərin ümumi sayı 21-ə enəcək.

Narahatlıq doğuran əsas məqamlardan biri odur ki, Lusail International Circuit avtodromundan cəmi bir neçə kilometr aralıda ABŞ Hərbi Hava Qüvvələrinin bazası yerləşir və münaqişənin ilk mərhələsində İran ərazisindən buraxılan raketlərin hədəflərindən biri də məhz həmin baza olub.

Mərhələnin ləğvi ilə bağlı rəsmi qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir ki, bu da Stefano Domenikalinin nikbin mövqeyi ilə açıq ziddiyyət təşkil edir. O, Formula1-in Qətər və Əbu Dabidə keçirə biləcəyinə əmindir.