Monako-2026: Antonelli burada da qarşısıalınmazdır

Monakoda sıralanma turu həftəsonunun əsas sessiyasıdır. Məhz burada bazar günü kimin qalib gələcəyi, kimin isə uğursuzluğa düçar olacağı müəyyənləşir. Qaydalar dəyişsə də, Monakoda hər şey start mövqeyindən asılıdır.

FIA-nın ötən il məcburi iki pit-stop qaydası ilə vəziyyəti dəyişmək cəhdi yalnız əlavə qarışıqlıq yaradıb – yenə də poul mövqeyinin sahibi qalib gəlib. Buna görə də komandalar və pilotlar məşqlər zamanı məhz sıralanma turuna fəal şəkildə hazırlaşıblar.

Cümə günü ən yaxşı nəticəni Lyuis Həmilton göstərib, şənbə səhəri isə protokola çempionatın lideri Kimi Antonelli başçılıq edib. Nəticələr trasın rekordlarından uzaq – ötən illə müqayisədə təxminən iki saniyə zəif olub.

Lakin maşınlar da dəyişib və onların xüsusiyyətləri pilotaj üslubuna təsir göstərib. Buna baxmayaraq, həftəsonunun xarakteri dəyişməyib – bir qırmızı bayraqdan digərinə qədər davam edən gərginlik Monakonu sevməyimizin əsas səbəblərindən biridir.

Pirelli ənənəvi olaraq mərhələyə ən yumşaq təkər tərkiblərini gətirib – Hard rolunda C3, Medium rolunda C4 və Soft rolunda C5 iştirak edir. Artıq üçüncü məşq sessiyasında hamı yalnız C5-lərlə işləyib və sıralanma turunda da vəziyyət eyni olub.

Birinci sessiya

Hamı Soft təkərlərlə trasa çıxıb. Haas komandası səhər qəzasından sonra Bermanın maşınını bərpa edib və o, sessiyanın əvvəlində trasa çıxıb. Qasli və Antonelli baryerə toxunublar, Rassell isə 5-ci döngənin qarşısında əyləcləmə zamanı az qala maşına nəzarəti itirib.

Sessiyanın 16-cı dəqiqəsində qırmızı bayraqlar göstərilib. Bortoleto 10-cu döngədə baryerin küncünə dəyərək ön sol asılqanı sındırıb və maşının trasdan çıxarılması lazım gəlib.

Sessiya sona iki dəqiqə qalmış yenidən başlayıb. Hamı sürətli dövrəyə başlamağa macal tapmayıb, liderlər isə bokslarda qalıblar. Ən yaxşı nəticəni Şarl Lekler göstərib – 1:13.293. Stroll, Alonso, Bottas, Berman, Peres və Okon mübarizəni dayandırıblar.

İlk sessiyada mübarizəni dayandıranlar
S Sürücü Komanda Nəticə Dövrə
17 Esteban Okon Haas 1:14.722 14
18 Serxio Peres Cadillac 1:14.747 12
19 Oliver Berman Haas 1:14.814 14
20 Valtteri Bottas Cadillac 1:15.283 13
21 Fernando Alonso Aston Martin 1:15.349 13
22 Ləns Stroll Aston Martin 1:16.061 11

 İkinci sessiya

Hamı yenidən Soft təkərlərə üstünlük verib. Sürətlər artıb və pilotlar növbə ilə liderliyə yüksəliblər. İlk cəhddə ən yaxşı nəticəni Antonelli göstərib – 1:12.704.

İkinci cəhddə Ferstappen daha sürətli olub – 1:12.499. Bortoleto, Lindbald, Kolapinto, Hülkenberq, Sayns və Elbon final sessiyasına yüksələ bilməyiblər.

İkinci sessiyada mübarizəni dayandıranlar
S Sürücü Komanda Nəticə Dövrə
11 Aleks Elbon Williams 1:13.787 10
12 Karlos Sayns Williams 1:13.815 10
13 Niko Hülkenberq Audi 1:13.902 10
14 Franko Kolapinto Alpine 1:13.995 11
15 Arvid Lindblad Racing Bulls 1:14.248 11
16 Qabriel Bortoleto Audi 0

Son sessiya

Həmilton 1:12.553-lük nəticə ilə liderliyə yüksəlib. Daha sonra Antonelli 1:12.375 nəticə göstərib, Ferstappen isə ondan cəmi mindəbir saniyə geri qalıb – 1:12.376.Piastri sol arxa təkərlə baryerə toxunub, Həmilton isə trasda həddindən artıq yavaş hərəkət etdiyinə görə qara-ağ bayraqla xəbərdarlıq alıb.İkinci cəhddə Lekler nəticəsini yaxşılaşdıraraq 1:12.351-lik nəticə göstərib, lakin daha sonra Həmilton, Ferstappen və Antonelli onu qabaqlayıblar. Ardınca Lekler 12-ci döngədən çıxışda divara çırpılıb.

İlk onluq
S Sürücü Komanda Nəticə Dövrə
1 Kimi Antonelli Mercedes 1:12.051 8
2 Maks Ferstappen Red Bull 1:12.094 8
3 Lyuis Həmilton Ferrari 1:12.279 8
4 Şarl Lekler Ferrari 1:12.351 8
5 Ayzek Həcər Red Bull 1:12.434 8
6 Corc Rassell Mercedes 1:12.445 8
7 Oskar Piastri McLaren 1:12.624 8
8 Lando Norris McLaren 1:12.765 7
9 Pyer Qasli Alpine 1:13.226 8
10 Lyam Louson Racinq Bulls 1:13.412 8

Kimi Antonelli Monakoda sıralanma turunun qalibi olub və həm mövsümdə, həm də karyerasında dördüncü poulunu qazanıb.Onunla birlikdə ilk sıradan Maks Ferstappen start alacaq. İkinci sırada Lyuis Həmilton və Şarl Lekler, üçüncü sırada isə Ayzek Həcər və Corc Rassell yer alacaqlar.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*