Mercedes Həmiltonun Rosberqi yavaşlatmasına icazə verəcək?

Mercedes Motorsport-un rəhbəri Toto Volff bildirib ki, çempionluq taleyinin həll olunduğu yarışda sürücülərinin mübarizəsinə müdaxilə etməyəcəklər.

F-1.az xatırladır ki, Rosberq son yarışa 12 xallıq üstünlüklə girir və yarışı podiumda bitirəcəyi halda Dünya Çempionu titulunu qazanacaq.

Həmilton bugünkü yarışa pouldan, Rosberq isə ikinci yerdən başlayacaq. Arxada olan Red Bull və Ferrari sürücülərinin yarış zamanı Mercedes-ə daha yaxın olması gözlənilir. Buna görə də Həmiltonun ilk dövrədən sonra Rosberqi yavaşlatmasının ağıllı hərəkət olacağını deyənlər də var.

Toto Volff: “Son yarışda onlara müdaxilə edə bilmərik. İndiyə kimi yarışmalarına icazə vermişik. Onlar idmançıdırlar və nə etməli olduqlarını bilirlər. Amma bu yarış çox vacib olacaq və sonda Dünya Çempionluğu qazanılacaq. Hər cür ehtimalı düşünmüşük. İdmançıya yaraşmayan hərəkət görmədiyincə müdaxilə etməyəcəyik. Yarışmalarına icazə verəcəyik. Bu yarış üçün qaydaları dəyişmək istəmirik, çünki bu, çempionluq mübarizəsi üçün səhv hərəkət olar. Neçə illik sistemimiz alt-üst olar. Sürücülərimiz böyük idmançılardır və hədlərini bilirlər. Bu cür şeylər müzakirəyə səbəb olur. Buna görə də mən sürücülərimə güvənirəm”.

Volff əlavə edib ki, birinci yerdəki sürücülərinə strategiya cəhətdən üstünlük veriləcək: “Yarışda nə olursa-olsun birinci yerdəki sürücüyə strategiya cəhətdən üstünlük verəcəyik, çünki bir nömrəli hədəfimiz qalib gəlməkdir. İkinci sürücü də eyni strategiyanı, ya da öz alternativini seçəcək”.

Volff bildirib ki, Ferrari və Red Bull-un sürətindən ehtiyatlı olmalıdırlar: “Deyəsən, Red Bull-un eyni strategiya ilə qazanmaq şansı olmadığı üçün fərqli strategiya seçdilər. Buna görə də baş ağrıdacaqlar. Ferrari-nin də performansı başımızı ağrıda bilər. Əsl hədəfimiz mübarizə aparmaqdır”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*