Lyuis Həmilton: “Ferrari sürücüsü olmaq və dünyanın ən yaxşı komandası ilə birlikdə kult statusuna malik İtaliya Qran Prisində onu təmsil etmək mənim üçün böyük şərəf və imtiyazdır. Bu inanılmaz emosiyaları ardıcıl ikinci ildir yaşayıram, amma hər şey yenə də mənə yeni gəlir, çünki buna öyrəşmək mümkün deyil.
Mən hələ Mixael Şumaxerin üslubunda hazırlanmış maşını görməmişəm, amma əynimdə yeddi ulduzlu futbolka var və bu mənə tam uyğundur, çünki mənim də yeddi titulım var. Demək olar ki, bu, insana inanılmaz dərəcədə xoş hisslər yaşadır, çünki mən bunun mənə də aid olduğunu hiss edirəm.
Keçən il mənim yaxın dostum olan Niki Laudanı yad etmişdik, Mixaeldən danışsaq, gəncliyimdə ən xoşbəxt bazar günlərinin Formula1 yayımlarının başlanğıcında səslənən tanış musiqi ilə başladığını xatırlayıram.
Yeri gəlmişkən, o köhnə musiqi daha yaxşı idi. Bu, Fleetwood Mac qrupunun Chain mahnısı idi və qat-qat yaxşı idi. Mən onu eşidəndə anlayırdım ki, televizorun qarşısına tələsmək lazımdır. Qırmızı maşının sükanı arxasında Mixaeli görməyimi həmişə xatırlayacağam, kompüterdə oynayanda isə həmişə Ferrari ilə Mixaeli seçir və özümü onun yerində təsəvvür etməyə çalışırdım.
İndi isə bunu özüm yaşamaq şərəfi mənə nəsib olub, amma demək istəyirəm ki, o, möhtəşəm lider idi və karyerası ərzində çox böyük uğurlar qazandı. Yenə də mənim bəxtim gətirib ki, Formula1-ə onun hələ də yarışdığı dövrdə gəlmişəm və onunla eyni vaxtda trasda olmaq mənim üçün çox şey ifadə edirdi.
Bu il əvvəlki yarışadək rəqiblərdən geri qalırdıq, amma ən kiçik texniki yeniliklər belə maşının səmərəliliyinin artmasına kömək edir və deyə bilərəm ki, komandamızla çox fəxr edirəm, çünki hamının necə böyük gərginliklə çalışdığını görürəm. Bu mövsüm vəziyyət ötən illə müqayisədə dəyişib və düşünürəm ki, hamı çox böyük iş görüb – geriliyi hələ tam aradan qaldırmamış olsaq da, bu, irəliyə doğru atılmış addımdır.
Amma hər uik-end maşında bu və ya digər yeniliklər peyda olur, bu, sadəcə əladır və mən inanıram ki, qələbələr uğrunda mübarizə aparmaq üçün bizdə lazım olan hər şey var.
Sürücünün işi komanda rəhbərləri ilə birlikdə onu doğru istiqamətə yönəltməyə çalışmaqdır, …və mən Skuderiyaya gələndə maşında çox şeyi dəyişməyin vacibliyini təkid edirdim, amma bunu keçən il etmək büdcə məhdudiyyətlərinə görə mümkün deyildi, həm də daim bunu eşidirdim: niyə nəyisə dəyişməliyik, axı biz həmişə məhz belə işləmişik.
Komandanı bu dəyişikliklərin bir qismini etməyə razı salmaq üçün xeyli səy göstərmək lazım gəldi, çünki onlardan bəziləri böyük xərc tələb edirdi və proses kifayət qədər vaxt apardı. Amma mən simulyatorda işləməyə davam etdim və xahiş etdim ki, bu konstruktiv dəyişikliklər əvvəlcə simulyatorda sınaqdan keçirilsin, bundan sonra onların çoxu maşınımızda tətbiq olundu və indi biz bunlardan hər uik-end istifadə edirik.
Mən Frederik Vassyörə minnətdaram ki, xahiş etdiklərimin bir hissəsini həyata keçirməyə imkan verdi və indi qürur hissi keçirirəm, çünki görürəm ki, biz doğrudan da irəliləyişə nail olmuşuq”.





