F.Massadan növbəti bloq: “Sonuncu ev yarışıma hazırlaşıram”

Felipe Massa Motorsport.com saytı üçün növbəti bloqunu yazıb. F-1.az bloq yazısını sizin nəzərinizə çatdırır.

Felipe Massa: “Meksikada 2 xal qazanmaq üçün mübarizə apardım. Həm mənim üçün, həm də komandam üçün hər xal çox vacibdir, çünki mühəndislər çempionatında Force İndia ilə 4-cülük mübarizəsi aparırıq. Bu mübarizənin taleyi çox güman ki, Əbu Dabi yarışının finişindən sonra məlum olacaq. İki komandanın arasında sadəcə 9 xallıq fərq var. Buna görə də mövsümün son yarışlarında səhv edə bilmərik.

Yarış mənim üçün yaxşı başladı. Birinci döngənin çıxışında əvvəlcə Bottası, daha sonra isə Fetteli qabaqladım. Çox yaxşı start oldu. Ancaq daha sonra problemlərlə üzləşdik. 14 dövrədən sonra start aldığım SuperSoft təkərləri dəyişdirməli oldum və trasa qayıdanda asfaltla ilişmənin azaldığını gördüm. 10 dövrə ərzində təkərləri işlətmək çətin idi. Serxio Peres arxamda idi və ən xırda səhvimdə məni qabaqlayacaqdı. Amma mən işimə yaxşı fokuslandım və 10 dövrədən sonra təkərlərim işləməyə başladı. Artıq vəziyyətə daha yaxşı nəzarət edə bilirdim. Force İndia-nı qabaqlamaq çox vacib idi və finişə qədər bunu bacardım.

Meksikada 371.5 km/saat sürətlə gedə bildim. Ancaq komanda yoldaşım məndən 0.8 km/saat sürətli oldu. Bəzi fanlar məndən soruşurlar ki, bu qədər yüksək sürətlə necə gedirsiniz? Düzünü desəm, sürücülər sürətli olduğunu bilirlər, amma 350 və ya 370 km/saat sürətin elə də fərqi yoxdur. Biz bu sürətlərə öyrəşmişik. Sürətli sürməyi sevsək də, bu rekord bizdən çox statistika sevən insanları həyəcanlandırır.

Meksika yarışından sonra San Pauluya getdim. Öz evimdəki yarışa hazırlaşmağın ayrı yeri var, amma bu dəfəki əvvəlkilərdən xüsusidir. Çünki sonuncu Braziliya yarışım olacaq və karyeramın ən xüsusi yarışlarından biri olacaq.

Mən karyeramın ilk addımlarını İnterlaqosda atmışam. Ən böyük xəyalımı da burada reallaşdırdım: Ev trasında qalib gəlmək… Bütün sürücülər ev trasında qalib gəlmək istəyir, amma braziliyalılar üçün bu daha əhəmiyyətlidir. Orada uğur qazanmağın həzzi ayrıdır. Bu uğura iki dəfə nail oldum. Bir neçə gün sonra yerli publikanın önündə sonuncu ev yarışıma çıxacam və bu, mənim üçün xüsusi olacaq. Trasa çıxmaq üçün səbirsizlənirəm.

Amma görməli işlərimiz var. İnterlaqosda start düzülüşündə dəyişikliklər ola bilər. Bu vəziyyətdən maksimum istifadə etməliyik. Əgər biz bir trasda yaxşı nəticə almaq istəyiriksə, bu tras İnterlaqos olmalıdır. Heç vaxt unutmayacağım bu həftəsonuna yaxşı hazırlaşmalıyam”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*