F.Alonso: Artıq son sessiyaya çıxacaq gücümüz yoxdur

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, sıralanma turunda son sessiyaya qalmağa gücləri yoxdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Yaponiyada da öndəki komandalardan çox geri qalıb və 10-cu yeri tutub.

İkiqat Dünya Çempionu mövsümə yaxşı başlamış və ilk 8 yarışda 6 podium qazanmışdı. Lakin sonradan Aston Martin komandası inkişaf yarışında rəqiblərindən geri qalıb və buna görə də Fernando Alonso son 7 yarışda sadəcə 1 dəfə podiuma yüksələ bilib. Bunun nəticəsində o, çempionatdakı üçüncü yerini əzəli rəqibi Lyuis Həmiltona verməli olub.

Daha əvvəl Suzukada qalib gəlmiş Fernando Alonso burada son sessiyaya güc-bəla ilə qalıb. O, son anda debütant sürücü Liam Lousonu geridə qoyaraq, sıralanma turunun son onluğuna adını yazdırıb. Beləliklə, 42 yaşlı sürücü bu mövsüm bütün sıralanma turlarında son sessiyaya qalan yeganə sürücü statusunu da qorumuş olub.

Fernando Alonso: “Çətin həftəsonudur, amma bunu gözləyirdik, çünki Suzukada bizə əlverişli olmayan yüksək sürətli döngələr var və buna görə narahat idik. Qətər də bu cəhətdən Suzukaya bənzəyir və ora da bizim üçün yaxşı olmayan traslardandır.

Lakin çətin anlarda belə çox yaxşı dövrə hesabına son sessiyaya qala bildik. Əksəriyyət bunu hiss etməsə də, mən çox qürurluyam.

Əziyyət çəkmədik, həzz aldım, çünki Suzukada sürərkən siz daha çox adrenalin hiss edirsiniz. Bura Formula1 maşını sürmək üçün əla trasdır.

Həmişə istəyərəm ki, cibimdə bir az da zaman oslun, amma xüsusən ikinci sessiyadakı dövrəmdən həzz aldım. Son sessiyadakı dövrəmdən də…

Hazırda tempimiz zəifdir. AlphaTauri və digər komandaların inkişafına görə üçüncü sessiyada yox, birinci və ikinci sessiyada mübarizə aparırıq. Buna baxmayaraq son sessiyaya qalırıq.

Sinqapurda atdığım və yaxşı olduğunu düşündüyüm dövrə ya da Suzukadakı dövrəm kimi kiçik möcüzələr bizi az da olsa, mübarizənin içində tutur və buna görə xoşbəxtəm”.

Fernando Alonso ilk 8 yarışda podium uğrunda mübarizə apararkən artıq xal uğrunda mübarizə aparır: “Mövsüm ərzində eyni səviyyədə idim. Eynilə Maks kimi. Sinqapurda yatmamışdı və burada da birdən yuxudan oyanıb, yüksək səviyyədə sürməyə başlamadı. Sinqapurda 11-ci olarkən də ən yaxşı o idi, bu gün poul qazananda da ən yaxşı odur”.

Fernando Alonso düşünür ki, orta qrupda mübarizə çox yaxın olacaq və orada yarışmaqdan həzz alacaq: “Hər şey bizim qoyduğumuz hədəflərdən asılıdır. Əgər podiumu qarşısımıza hədəf qoysaq, yarışda çox məyus olarıq. Əgər orta qrupda olacağımızı düşünsək, onda çox sevinərik.

Mümkün qədər çox xal toplamağa çalışacağıq və öndə nələrin baş verdiyini görəcəyik. Hazırda sıfır xalımız var. Yarışdan sonra bəlkə bəziləri yaxşı xallar toplayacaq və bəziləri yarışı bitirə bilməsə ya da başqa hadisə baş versə, xalsız qalacaqlar.

Biz əmin olmalıyıq ki, onlardan biri olmayacağıq. Damalı bayrağı görməli və mümkün qədər çox xal qazanmalıyıq”.

Fernando Alonso bildirib ki, rəqabətədavamlı olmadıqlarını bildiyi üçün yarışa olan yanaşması da dəyişib: “Maşında və sazlanmalarda növbəti mövsüm üçün çox şey sınayırıq. Bundan başqa təkərlərə baxmaq, sıralanma turu və yarış üzərində işləmək kimi vəzifələrimiz var. Yəni çətin həftəsonunun pərdəarxasında çox şey baş verir.

Qeydlər götürürük və çox şey öyrənirik. Rəqiblərimizin, xüsusən də McLaren-in nə etdiyini görürük. Mövsüm ərzində atdıqları böyük addımlara baxırıq. Buna diqqət yetirməliyik və bu bizə növbəti mövsüm üçün ilham verir”.

Qeyd edək ki, Fernando Alonso daha əvvəl 2006-cı ildə Suzuka trasında qalib gəlib. O, 2008-ci ildə Fujidə də qalib gələrək, Yaponiyanın iki fərqli trasında qələbə qazanan ilk sürücü olub. Daha sonra Lyuis Həmilton ispaniyalı sürücünün bu rekordunu təkrarlayıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*