Britaniya-2022: Yarış

Silverstouna həftəsonu ərzində gözlənildiyi kimi, 400 min tamaşaçı gəlib. Onlar cümə və şənbə günlərində havanın şıltaqlıqlarına dözüblər və bu gün günəşli, isti hava ilə mükafatlandırılıblar.

Maks Ferstappen mövsümün 10-cu yarışına Serxio Peresə qarşı 46, Şarl Leklerə qarşı isə 49 xal üstünlüklə gəlib. Haas-dan başqa bütün komandalar ciddi yeniliklərlə gəliblər.

F-1.az xatırladır ki, cümə günü baş tutan məşqlərdə əvvəlcə Valtteri Bottas, daha sonra isə Karlos Sayns protokollara başçılıq edib. Dünənki son məşqdə isə Maks Ferstappen hamıdan sürətli olub. Sıralanma turu kifayət qədər gərgin və maraqlı alınıb və yağışlı havada Karlos Sayns karyerasında ilk dəfə poulun sahibi olub.

Pirelli Britaniyaya ən sərt üçlüyü – C1, C2 və C3 tərkiblərini gətirib. Rassell sərt, Ferstappen yumşaq, yerdə qalan sürücülər isə Medium təkərlərlə start alıblar.

Yarışa Sayns və Ferstappen ilk, Lekler və Peres ikinci, Həmilton və Norris isə üçüncü cərgədən başlayıblar. Yarışın başlamasına az qalmış Leklerin maşınında elektronika problemləri olub, lakin qısa müddət ərzində aradan qaldırılıb.

Startda Ferstappen Saynsı, Həmilton isə Peres və Lekleri geridə qoyub. Lakin elə ilk döngədə 5 maşının iştirak etdiyi qəzaya görə yarış dərhal qırmızı bayraqlarla dayandırılıb. Rassell və Çjou Qaslini iki tərəfdən sıxıblar, Mercedes sürücüsünün arxa sol təkəri Qaslinin ön sol təkəri ilə toqquşub və onun da maşını Çjounun maşınına çırpılıb. Çinli sürücünün maşını aşaraq yüksək sürətlə trasdan çıxıb, təkərlərdən ibarət baryerlərin də üzərindən keçərək tamaşaçılarla trası ayıran metal tora çırpılıb. Fettel sürətini azalda bilməyib və Elbonun maşını ilə toqquşub. Onun da maşını divarla təmas edərək trasa qayıdıb və Okonun maşınına dəyib.

Quanyu maşını təkbaşına tərk edə bilməyib. Marşallar və həkimlərin köməkliyi ilə çıxarılıb, xərəyə uzadılaraq xəstəxanaya aparılıb. Komanda ilə əlaqə saxlayıb, hərəkət edə bilib. Okon və Tsunoda deşilmiş təkərləri və sınmış asılqanları ilə pit yoluna çata biliblər. Rassell və Elbon üçün isə yarış başa çatıb. Aleksander də tibbi mərkəzə göndərilib. Stüardlar hadisəni yarış insidenti kimi dəyərləndiriblər və heç kim cəzalandırılmayıb. Çjou xoşbəxtlikdən zədələnməyib və yarış əsnasında xəstəxanadan buraxılıb. Elbon isə hər ehtimala qarşı helikopter ilə Koventridəki tibbi mərkəzə göndərilib.

Fasilədən istifadə edən mexaniklər Okon və Tsunodanın maşınını yarışa hazır vəziyyətə gətiriblər. Fasilənin uzanmasının səbəbi də əvvəldən gözlənildiyi və polisin də xəbərdarlıq etdiyi kimi, bəzi etirazçıların trasa çıxmaları olub. Fasilə 1 saat davam edib. Restart zamanı ötmələr qeydə alınmayıb və hamı yerinə qaytarılıb. Sürücülər TM arxasında pit-leyni tərk ediblər və yerindən start alıblar.

Ferstappen bu dəfə də Saynsa hücumlar edib, lakin ispan sürücü üstünlüyünü əldən verməyib. Maks və Leklerin maşınları təmas edib. Norris Həmiltonu keçib. 4-cü dövrədə ilk onluq: Sayns – Ferstappen – Lekler – Peres – Norris – Həmilton – Qasli – Alonso – Tsunoda – Okon.

Peres Leklerlə mübarizədə zədələnmiş ön qanadını dəyişmək üçün 6-cı dövrədə pit-stop edib. Həmilton da Norrisi geridə qoyub. Fettel 7-ci dövrədə təkər dəyişib. Ferstappen sürətini artırıb, Saynsa təzyiqlər göstərib. Karlos 10-cu dövrədə səhvə yol verib və Maks bundan istifadə edərək liderliyə yüksəlib. AlphaTauri sürücüləri Tsunodanın Qasliyə hücumu nəticəsində toqquşublar və hər ikisi yerində fırlanıb. Buna görə Yukiyə 5 saniyəlik cəza verilib.

Ferstappenin maşını 12-ci dövrədə anidən sürət itirib, hər iki Ferrari sürücüləri onu ötüblər. Nidelandlı sürücü dərhal pit yoluna yönəlib. Komanda Maksın AlphaTauri maşınından qopan bir parçanın üsündən keçdiyini və nəticədə altlığın zədələndiyini açıqlayıb. Pit-stopdan sonra da temp düzəlməyib, lakin yarışa davam edib. Stroll 16-cı, Qasli isə 17-ci dövrədə təzə təkərə keçib.

Lekler bir qədər zədəli olan maşını ilə Saynsa yaxınlaşıb. Ferrari sürücüləri uzunmüddət yaxın gediblər, lakin Şarl hücum cəhdi etməyib. Pit-stop dalğasına növbəti dövrələrdə Tsunoda, Latifi, Şumaxer, Rikkardo və Sayns qoşulublar. Karlos trasa üçüncü yerdə qayıdıb. Bottas boksa gələrək maşını dayandırıb və  ötürmələr qutusundakı problemə görə mübarizədən çəkilib.

Okon və Maqnussen 23-cü, Ferstappen 24-cü dövrədə pit-stop edib. Lekler də yeni təkərlərə 25-ci dövrədə keçib və trasa Saynsın arxasında qayıdıb. Həmilton yarışa başçılıq edib. Qasli də 28-ci dövrədə mübarizəni dayandırıb. Lekler sürətini artırıb, lakin Ferrari pilotlarının mübarizəsinə müdaxilə etməyib. Okon Latifini ötüb. Lekler 31-ci dövrədə Saynsı üstələyib, lakin DRS məsafəsindən uzaqlaşa bilməyib. Şumaxer Lətifini keçərək ilk onluğa yüksəlib.

Həmilton, Alonso və Rikkardo 34-cü dövrədə təkərlərini dəyişiblər. Lyuisin ön sağ təkərini dəyişərkən gecikmə yaşanıb, britaniyalı sürücü Saynsın 4 saniyə arxasında trasa qayıdıb. Maqnussen də Latifini geridə qoyub, Norris isə yeni təkərlər üçün pit-leynə yönəlib. Okon 37-ci dövrədə Ferstappeni üstələyib. Lakin bir qədər sonra onun yanacaq nasosunda problem yaranıb və düzlükdə dayanmalı olub. TM trasa çıxıb.

Lekler pit-stopa çağrılmayıb, arxada olanlardan da Maqnussendən başqa hamı fürsətdən istifadə edərək yeni təkərlərə keçiblər. Lekler köhnəlmiş Hard təkərlərlə trasda qalarkən, arxasındakı 5 sürücünün maşınına təzə Soft-lar taxılıb. TM arxasında ilk onluq: Lekler – Sayns – Həmilton – Peres – Alonso – Norris – Fettel – Maqnussen – Ferstappen – Şumaxer.

Restart 42-ci dövrədə elan edilib, dərhal Sayns Lekleri, Peres isə Həmiltonu qabaqlayıb. Şumaxer Maqnusseni keçib. Ferstappen iki pillə irəliləyib. Lekler və Peres ikinci yer uğrunda mübarizə apararkən 46-cı dövrədə döngədə səhv ediblər və Həmilton onları eyni anda keçib, amma hər iki sürücü yeddiqat çempionu yenidən geridə qoyub. Şumaxer 48-ci dövrədə Fetteli də keçərək 8-ci yerə qalxıb. Elə eyni dövrədə Həmilton Lekleri məğlub edərək üçüncü yerə yüksəlib. Şumaxerin Ferstappenə hücumları nəticə verməyib.

Beləliklə, Karlos Sayns dünən qazandığı karyerasındakı ilk poulu karyerasındakı ilk qələbəyə çevirə bilib. Yarış ərzində xeyli gerilərə düşmüş Serxio Peres ikinci yerə qədər yüksələ bilib. Lyuis Həmilton ardıcıl ikinci dəfə podiumun son pilləsində qərarlaşıb.

Bu ay yarışlarla zəngindir və mübarizə gələn həftəsonu Şpilberqdə davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Mövqe
1 55 Karlos Sayns Ferrari 2:17:50.311 3
2 11 Serxio Peres Red Bull + 0:03.779 3
3 44 Lyuis Həmilton Mercedes + 0:06.225 3
4 16 Şarl Lekler Ferrari + 0:08.546 2
5 14 Fernando Alonso Alpine + 0:09.571 3
6 4 Lando Norris McLaren + 0:11.943 3
7 1 Maks Ferstappen Red Bull + 0:18.777 4
8 47 Mik Şumaxer Haas + 0:18.995 3
9 5 Sebastyan Fettel Aston Martin + 0:22.356 3
10 20 Kevin Maqnussen Haas + 0:24.590 2
11 18 Ləns Stroll Aston Martin + 0:26.147 3
12 6 Nikolas Latifi Williams + 0:32.511 3
13 3 Daniel Rikkardo McLaren + 0:32.817 4
14 22 Yuki Tsunoda AlphaTauri + 0:40.910 3

 

Sürətli dövrə: Lyuis Həmilton (Mercedes) – 1:30.510 (52-ci dövrə, 234.312 km/s)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Esteban Okon Alpine 37 yanacaq nasosu
Pyer Qasli AlphaTauri 28 mexaniki problem
Valtteri Bottas Alfa Romeo 21 ötürmələr qutusu
Aleksander Elbon Williams 1 qəza
Corc Rassell Mercedes 1 qəza
Quanyu Çjou Alfa Romeo 1 qəza

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Ferstappen Red Bull Racing 181
2 11 Serxio Peres Red Bull Racing 147
3 16 Şarl Lekler Scuderia Ferrari 138
4 55 Karlos Sayns Scuderia Ferrari 127
5 63 Corc Rassell Mercedes-AMG Petronas F1 Team 111
6 44 Lyuis Həmilton Mercedes-AMG Petronas F1 Team 93
7 4 Lando Norris McLaren Racing 58
8 77 Valtteri Bottas Alfa Romeo F1 Team ORLEN 46
9 31 Esteban Okon Alpine F1 Team 39
10 14 Fernando Alonso Alpine F1 Team 28
11 10 Pyer Qasli Scuderia AlphaTauri 16
12 20 Kevin Maqnussen Haas F1 Team 16
13 5 Sebastyan Fettel Aston Martin Aramco Cognizant F1 Team 15
14 3 Daniel Rikkardo McLaren Racing 15
15 22 Yuki Tsunoda Scuderia AlphaTauri 11
16 24 Quanyu Çjou Alfa Romeo F1 Team ORLEN 5
17 47 Mik Şumaxer Haas F1 Team 4
18 23 Aleksander Elbon Williams Racing 3
19 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 3

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Red Bull 328
2 Scuderia Ferrari Ferrari 265
3 Mercedes-AMG Petronas F1 Team Mercedes 204
4 McLaren F1 Team Mercedes 73
5 Alpine F1 Team Renault 67
5 Alfa Romeo F1 Team ORLEN Ferrari 51
7 Scuderia AlphaTauri Red Bull 27
8 Haas F1 Team Ferrari 20
9 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 18
10  Williams Racing Mercedes 3

 

 

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*