Belçika-2020: Yarış

Keçən il burada Ferrari ilk cərgədən start almış, Şarl Lekler isə karyerasında ilk qələbəsini qazanmışdı. Bu il isə vəziyyət tamamilə dəyişib və italyanlar sıralanma turunda heç ilk onluğa da düşə bilməyiblər.

F-1.az xatırladır ki, cümə günü baş tutan sərbəst yürüşlərdə səhər Bottas nahardan sonra isə Ferstappen hamıdan sürətli olublar. Dünənki son məşqlərdə Həmilton protokollara başçılıq edib. Britaniyalı həm də növbəti poulun sahibi olaraq çempionluğun yeganə iddiaçısı olduğunu sübut edib.

Pirelli Spaya orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Tərkiblər arasında fərq çox olsa da, sürücülərin əksəriyyəti yarış üçün təzə Soft təkər saxlamayıblar. Rikkardo, Elbon, Okon, Peres, Stroll, Norris və Lekler yumşaq, Qasli sərt, yerdə qalan sürücülər isə orta təkərlərlə yarışa başlayıblar.

Həmilton və Bottas birinci, Ferstappenlə Rikkardo ikinci, Elbonla Okon isə üçüncü cərgəni tutublar.

Sayns start ala bilməyib – start düzlüyünə yollanan sürücünün maşını tüstülənib və boksa qayıtmalı olub. Sonradan problemin güc qurğusundan qaynaqlandığı aydın olub.

Start insidentsiz ötüşüb, liderlər yerlərini qoruyublar. Rikkardo Ferstappenə hücumlar etsə də, Maks üçüncülüyü əldən verməyib və sonrasında ondan bir qədər uzaqlaşıb. Lekler doqquzuncu yerə qədər yüksəlib. 2-ci dövrədən sonra ilk onluq: Həmilton – Bottas – Ferstappen – Rikkardo – Okon – Elbon – Stroll – Lekler – Qasli – Peres.

Qasli Lekleri üstələyib, dördüncü dövrədə isə monakolu sürücünü Peres keçib. Rəykkönen də Maqnusseni ötüb. Lekler mövqeyini itirməkdə davam edib – növbəti dövrələrdə onu Norris və Kvyat da keçiblər. 12-ci dövrədə Covinatsi 13-cü döngənin çıxışında səhvə yol verərək qəza edib, onun maşınından ayrılan təkər Rassellin maşınına çırpılıb. Hər iki sürücü üçün yarış başa çatıb və onlar maşını özləri müstəqil tərk edə biliblər. Təhlükəsizlik Maşını trasa daxil olub. Qasli və Peresdən başqa bütün sürücülər pit-stop edərək yeni təkərlərə keçiblər. TM arxasında ilk onluq: Həmilton – Bottas – Ferstappen – Qasli – Peres – Rikkardo – Elbon – Okon – Stroll – Norris.

Restart 14-cü dövrədə verilib və Həmilton komanda yoldaşından sürətlə uzaqlaşıb. Lyuis mühərriyin güc itirdiyindən şikayət etsə də, mühəndis belə bir problemin olmadığını bildirib. Rəyykönen köhnə komanda yoldaşı Fetteli keçib. Rikkardo 17-ci dövrədə Peresə çatıb. Serexio 2 dövrə sonra pit-stopa yollanıb, Lekler Fettelə təhlükəli hücum etsə də, keçməyə nail olmayıb.

Rikkardo 21-ci dövrədə Qaslini qabaqlayaraq 4-cü olub. Fransız sürücü 3 dövrə sonra nəhayət, təkərlərini dəyişib. Bir dövrə sonra pit-stopa yollanan Leklerin maşınında mühəndislər pnevmatik sistemdəki təzyiqi artırıblar ki, bu da əlavə bir neçə saniyə itkisi ilə nəticələnib. Latifi 31-ci dövrədə pit-stop edib. Qasli Fetteli keçib. 35-ci dövrədən sonra ilk onluq: Həmilton – Bottas – Ferstappen – Rikkardo – Elbon – Okon – Stroll – Norris – Kvyat – Peres.

Peres Kvyatı da keçərək 9-cu yerə qalxıb. Norris yeddinci yer uğrunda mübarizədə Strollu məğlub edib. Son dövrələrdə ilk üçlükdəki sürücülər təkərlər həddən artıq aşındığı üçün templərini itiriblər. Rikkardo isə böyük sürətlə onlara yaxınlaşıb. Qasli Strollu keçərək 8-ci olub. Okon isə Elbonu ötərək ilk beşliyə yüksəlib.

Rikkardo son dövrələrdə Ferstappenlə fərqi hətta 3 saniyəyə qədər endirə bilib, son dövrədə isə sürətli dövrəni Həmiltondan alıb.

Lyuis Həmilton bu mövsüm beşinci, karyerasında isə 89-cu qələbəsini əldə edib. Valtteri Bottas son 5 yarışda ilk dəfə Maks Ferstappeni üstələməyə nail olub və ikinci yeri tutub. Niderlandlı sürücü isə podiumu tamamlayıb.

Daniel Rikkardo və Esteban Okon növbəti 2 yeri tutaraq Renault üçün mövsümdə hələlik ən yaxşı nəticəni əldə ediblər. Mübarizə bir həftə sonra “Sürətin Məbədi” Montsada davam edəcək…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:24:08.761 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:08.448 1
3 33 Maks Ferstappen Red Bull + 0:15.455 1
4 3 Daniel Rikkardo Renault + 0:18.877 1
5 31 Esteban Okon Renault + 0:40.650 1
6 23 Aleksander Elbon Red Bull + 0:42.712 1
7 4 Lando Norris McLaren + 0:43.774 1
8 10 Pyer Qasli AlphaTauri + 0:47.371 1
9 18 Ləns Stroll Racing Point + 0:52.603 1
10 11 Serxio Peres Racing Point + 0:53.179 1
11 26 Daniil Kvyat AlphaTauri + 1:10.200 1
12 7 Kimi Rəykkönen Alfa Romeo + 1:11.504 1
13 5 Sebastyan Fettel Ferrari + 1:12.894 1
14 16 Şarl Lekler Ferrari + 1:14.920 2
15 8 Roman Qrojan Haas + 1:16.793 1
16 8 Nikolas Latifi Williams + 1:17.795 2
17 20 Kevin Maqnussen Haas + 1:25.540 2

 

Sürətli dövrə: Daniel Rikkardo (Renault) – 1:47.483 (44-cü dövrə, 234.589 km/saat)

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Corc Rassell Williams 12 qəza
Antonio Covinatsi Alfa Romeo 12 qəza
Karlos Sayns McLaren 0 gücc qurğusu/start almayıb

 

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 44 Lyuis Həmilton Mercedes AMG Petronas 157
2 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 110
3 77 Valtteri Bottas Mercedes AMG Petronas 107
4 23 Aleksander Elbon Aston Martin Red Bull Racing 48
5 16 Şarl Lekler Scuderia Ferrari 45
6 4 Lando Norris McLaren F1 Team 45
7 18 Ləns Stroll BWT Racing Point F1 Team 42
8 3 Daniel Rikkardo Renault DP World F1 Team 33
9 11 Serxio Peres BWT Racing Point F1 Team 33
10 31 Esteban Okon Renault DP World F1 Team 26
11 55 Karlos Sayns McLaren F1 Team 23
12 10 Pyer Qasli Scuderia AlphaTauri Honda 18
13 5 Sebastyan Fettel Scuderia Ferrari 16
14 27 Niko Hülkenberq BWT Racing Point F1 Team 6
15 99 Antonio Covinatsi Alfa Romeo Racing 2
16 26 Daniil Kvyat Scuderia AlphaTauri Honda 2
17 20 Kevin Maqnussen Haas F1 Team 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG Petronas F1 Team Mercedes 264
2 Aston Martin Red Bull Racing Honda 158
3 McLaren F1 Team Renault 68
4 BWT Racing Point F1 Team Mercedes 66
5 Scuderia Ferrari Ferrari 61
6 Renault DP World F1 Team Renault 59
7 Scuderia AlphaTauri Honda Honda 20
8 Alfa Romeo Racing Ferrari 2
8 Haas F1 Team Ferrari 1
, , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*