Bəhreyn-2018: Yarış

Bu mövsüm geridə qalan iki yarışda liderlər qrupunda mübarizə orta qrupdakı kimi gərgin olub. İki yarışda qüvvələr nisbəti də fərqli olub - Melburnda Mercedes çox sürətli görünürdüsə də, Bəhreyndə Ferrari-yə açıq-aşkar uduzublar.

Cümə günü sərbəst yürüşlərdə protokollara Rikkardo və Rəykkönen başçılıq etmişdilər. Kimi şənbə günü səhər də hamıdan sürətli olmuş, lakin sıralanma turunda komanda yoldaşına cüzi fərqlə uduzmuşdu.

F-1.az bildirir ki, Fettel karyerasında 51-ci poulunu qazanıb və Ferrari sürücüləri keçən il baş tutan Macarıstan Qran Prisindən bəri ilk dəfə startda ilk cərgəni zəbt ediblər. Mercedes sürücüləri SuperSoft təkərlərlə maksimuma nail ola bilməyiblər. Nəticədə sıralanma turunda Bottas üçüncü, Həmilton isə dördüncü yeri tutub. Həmiltonun ötürmələr qutusunu dəyişdiyi üçün startda 5 yer itirəcəyi əvvəlcədən məlum idi. Ferstappen sıralanma turunun ilk sessiyasında qəza edib və 15-ci olub.

Pirelli Saxirə Medium, Soft və SuperSoft təkərləri gətirib. Həmilton, Peres, Alonso, Ferstappen, Eriksson, Sirotkin, Lekler və Stroll Soft, qalanlar isə SuperSoft təkərlərlə start alıblar.

İsinmə dövrəsinə Hartli və Peres öz mövqelərindən başlamayıblar. Stüardlar yarışdan sonra bu məsələni nəzərdən keçiriblər və hər iki sürücünün nəticəsinə 30 saniyə əlavə edilib.

Fettel startda liderliyini qoruya bilib, Bottas Rəykköneni keçib. Hülkenberqlə Maqnussen toqquşublar və nəticədə alman sürücünün maşınının ön qanadı xəsarət alıb. Peres Hartli ilə təmasdan sonra yerində fırlanıb, stüardlar bu insidentə görə Toro Rosso-nun sürücüsünə 10 saniyəlik cəza veriblər. Ferstappen 9-cu yerə yüksəlmək üçün Həmiltona hücum edib, lakin britaniyalı buna imkan verməyib. Maşınlar toqquşub, təkəri deşilən Maks maşını boksa çatdırıb.

Elə bu anda Rikkardo motor güc itirdiyi üçün yarışı dayandırmalı olub. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. 3-cü dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Qasli – Maqnussen – Okon – Hülkenberq – Alonso – Həmilton – Hartli.

Restart 5-ci dövrədə verilib. Həmilton bir həmlədə Hülkenberqi, Okonu və Alonsonu geridə qoyub. Ferstappen maşını hidravlik sistemin təzyiqi sürətlə aşağı düşdüyü üçün təhlükəsizlik zonasında saxlayıb. Yarış Red Bull üçün erkən bitib.

Həmilton Maqnussen və Qaslini də keçərək dördüncüyə yüksəlib. 10-cu dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Həmilton – Qasli – Maqnussen – Hülkenberq – Alonso – Okon – Hartli.

Peres 10-cu dəvrədə təkərlərini dəyişib. Onu növbəti dövrədə Vandorn və Stroll izləyiblər. 17-ci dövrədə Sayns, 19-cu dövrədə Fettel və Qrojan, 20-ci dövrədə Rəykkönen, 22-ci dövrədə isə Bottas pit-stopa yollanıblar.

Fettel 25-ci dövrədə təzə təkərlərlə hələ pit-stop etməmiş Həmiltonu qabaqlaya bilib və liderliyi yenidən özünə qaytarıb. Lyuis 26-cı dövrədə yeni təkərlərə keçən son sürücü olub. 27-ci dövrədə ilk onluq: Fettel – Bottas – Rəykkönen – Həmilton – Qasli – Maqnussen – Hülkenberq – Alonso – Vandorn – Okon.

Növbəti dövrələrdə Peres, Maqnussen və Vandorn ikinci dəfə pit-stop ediblər. Rəykkönen 36-dı dövrədə yenidən pit yoluna yönəlib. Sol arxa təkər hələ dəyişilməsə də, Kimiyə hərəkət etməsi ilə bağlı işarə verilib. Bu da mexaniklərdən birinin ciddi xəsarət alması ilə nəticələnib. Kimi kokpiti tərk edib və yarış onun üçün başa çatıb. Mexanik dərhal tibbi mərkəzə aparılıb.

Alonso və Hülkenberq 40-cı dövrədə növbəti dəfə təkər dəyişiblər. Niko 2 dövrə sonra Erikssonu geridə qoyaraq altıncı olub. 46-cı dövrədə Qrojan tempini itirib və boksa qayıdıb. 46-cı dövrədə ilk onluq: Fettel – Bottas – Həmilton – Qasli – Maqnussen – Hülkenberq – Alonso – Eriksson – Vandorn – Sayns.

Yarışa ilk üçlükdə davam edən sürücülər tək pit-stoplu strategiya seçiblər. SuperSoft təkərlərlə yarışan Fettel üçün son dövrələr çətin keçib. Bottas fərqi sürətlə azaldıb və hücum məsafəsinə çatıb. Lakin alman sürücü yerini qoruya bilib.

Sebastyan Fettel mövsümdə ikinci, karyerasında isə 49-cu qələbəsinə imza atıb. Çempionatdakı əsas rəqibi Lyuis Həmilton 9-cu yerdən başladığı yarışda zərəri minimuma endirməyə nail olub və komanda yoldaşının arxasında finişə çataraq podiumun üçüncü pilləsinə yüksəlib.

Pyer Qasli yarışı dördüncü yerdə başa vuraraq karyerasında ən yaxşı nəticəni əldə edib. Bu, həm də Honda üçün idmana qayıtdıqdan sonra ən uğurlu yarış olub. Doqquzuncu olan Eriksson da Sauber üçün bu mövsüm ilk xalları qazandırıb.

Mübarizə gələn həftə Çində davam edəcək. Ondan sonra isə növbə Azərbaycan Qran Prisinə çatacaq…

Yer N Sürücü Komanda Zaman/Fərq Pit
1 5 Sebastyan Fettel Ferrari 1:32.01.940 1
2 77 Valtteri Bottas Mercedes AMG + 0:00.699 1
3 44 Lyuis Həmilton Mercedes AMG + 0:06.512 1
4 10 Pyer Qasli Toro Rosso + 1:02.234 2
5 20 Kevin Maqnussen Haas + 1:15.046 2
6 27 Niko Hülkenberq Renault + 1:39.024 2
7 14 Fernando Alonso McLaren + 1 dövrə 2
8 2 Stoffel Vandorn McLaren + 1 dövrə 2
9 9 Markus Eriksson Sauber + 1 dövrə 1
10 31 Esteban Okon Force İndia + 1 dövrə 2
11 55 Karlos Sayns Renault + 1 dövrə 2
12 16 Şarl Lekler Sauber + 1 dövrə 2
13 8 Roman Qrojan Haas + 1 dövrə 2
14 18 Ləns Stroll Williams + 1 dövrə 2
15 35 Sergey Sirotkin Williams + 1 dövrə 1
16 11 Serxio Peres* Force İndia + 1 dövrə 2
17 28 Brendon Hartli* Toro Rosso + 1 dövrə 1

 

* – Serxio Peres və Brendon Hartlinin nəticələrinə isinmə dövrəsindəki insidentə görə 30 saniyə əlavə edilib.

Sürətli dövrə: Valtteri Bottas (Mercedes AMG) – 1:33.740 (22-ci dövrə, 207.842 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Kimi Rəykkönen Ferrari 35 təkərin bağlanmaması
Maks Ferstappen Red Bull 3 qəza, hidravlika
Daniel Rikkardo Red Bull 1 güc qurğusu

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 5 Sebastyan Fettel Scuderia Ferrari 50
2 44 Lyuis Həmilton Mercedes AMG Petronas Motorsport 33
3 77 Valtteri Bottas Mercedes AMG Petronas Motorsport 22
4 14 Fernando Alonso McLaren F1 Team 16
5 7 Kimi Rəykkönen Scuderia Ferrari 15
6 27 Niko Hülkenberq Renault Sport Formula 1 Team 14
7 3 Daniel Rikkardo Aston Martin Red Bull Racing 12
8 10 Pyer Qasli Red Bull Toro Rosso Honda 12
9 20 Kevin Maqnussen Haas F1 Team 10
10 33 Maks Ferstappen Aston Martin Red Bull Racing 8
11 2 Stoffel Vandorn McLaren F1 Team 6
12 9 Markus Eriksson Alfa Romeo Sauber F1 Team 2
13 55 Karlos Sayns Renault Sport Formula 1 Team 1
14 31 Esteban Okon Sahara Force India F1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Scuderia Ferrari Ferrari 65
2 Mercedes AMG Petronas Motorsport Mercedes 55
3 McLaren F1 Team Renault 22
4 Aston Martin Red Bull Racing Renault 20
5 Renault Sport Formula 1 Team Renault 15
6 Red Bull Toro Rosso Honda Honda 12
7 Haas F1 Team Ferrari 10
8 Alfa Romeo Sauber F1 Team Ferrari 2
9 Sahara Force India F1 Team Mercedes 1
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*