Azərbaycan-2023: Yarış

Bakıda dünənki sprint yarışından sonra növbə əsas yarışa gəlib. İndiyə qədər burada 6 yarışda 6 fərqli sürücü qələbəyə sevinib

Bakıda ilk dəfə sprint yarışının yeni formatı sınaqdan keçirilib. Əvvəlcə bu formatın Avstriyadan etibarən tətbiq ediləcəyi deyilsə də, həftənin əvvəlində qərar dəyişdirilib.

Cümə və şənbə günləri sürücülərə işləmək üçün ideal hava bəxş edib. Lakin yeganə sərbəst yürüş seansını sürücülər uzun müddətli qırmızı bayraqlara görə tam dəyərləndirə bilməyiblər.

F-1.az xatırladır ki, cümə günü baş tutan həftəsonunun yeganə məşqdinə Maks Ferstappen qalib olub. Həmin gün bu yarışın start düzümünü aydınlaşdıran əsas sıralanma turunun qalibi Red Bull sürücülərini üstələyən Şarl Lekler olub. Monakolu sürücü dünənki sprint yarışının sıralanma turunda da poulu əldə edib, lakin yarışda qələbə onu ötən Serxio Peresə gedib.

Loqan Sarcent sprint yarışını dünənki sıralanma turunda uğradığı qəzaya görə buraxmalı olub. Mexaniklər onun maşınını bugünə tam hazır vəziyyətə gətiriblər. Sprintin startında Corc Rassellə təmas yaşayan Maks Ferstappen zədəli maşınla yalnız üçüncü yeri tuta bilib.

Pirelli Bakıya ən yumşaq üçlüyü – C3, C4 və C5 tərkibləri gətirib. De Friz, Okon və Hlükenberq sərt, qalanları isə orta təkərlərlə yarışa başlayıb.

Yarışa Lekler və Ferstappen birinci cərgədən, Peres və Sayns ikinci, Həmilton və Alonso isə üçüncü cərgədən başlayıb. Qapalı park qaydalarını pozan Esteban Okon və Niko Hülkenberq pit-leyndən yarışa başlayıblar.

Startda liderlər qrupunda dəyişiklik olmayıb. Arxada Maqnussen Bottas çırpılaraq ön qanadını zədələyib, finlandiyalı sürücü isə xeyli yer itirib. 2-ci dövrədə ilk onluq: Lekler – Ferstappen – Perea – Sayns – Həmilton – Alonso – Stroll – Norris – Rassel – Tsunoda.

Maks dördüncü dövrədə Lekleri DRS ilə keçərək liderliyi ələ alıb. Şarl iki dövrə sonra da digər Red Bull sürücüsü Serxiodan geri qalıb və üçüncülüyə yuvarlanıb. Okon və Hülkenberq Qaslini keçiblər.

Bottas pit-stop dalğasını başladıb, onu Tsunoda, Piastri, Sarcent, Həmilton, Norris və Ferstappen izləyiblər. 11-ci dövrədə Nik de Frizin mexaniki problemi və altıncı döngədə divara toxunaraq dayanması sarı bayraqlara səbəb olub. Niderlandlı sürücünün maşınının ön asılqanı qırılıb. Bir qədər sonra TM trasa daxil olub və bu anda pit-stop edən sürücülər – Maqnussen, Peres, Lekler, Sayns, Alonso, Stroll, Rassell və Çjou üstünlük əldə ediblər. Peres liderliyə yüksəlib.

Pit yolunda əvvəlcə Rassell Strollu ötməyə çalışıb. Peresi isə komanda pitdən təhlükəli şəkildə buraxıb. Stüardlar hər iki insidenti araşdırıblar, lakin heç bir sürücü cəzalandırılmayıb.

Resrtardan sonra Ferstappen dərhal Lekleri ötüb, Sayns isə Alonso tərəfindən gözlənilməz yerdə keçilib. Həmilton Hülkenberqi üstələyib. 16-cı dövrədə ilk onluq: Peres – Ferstappen – Lekler – Alonso – Sayns – Stroll – Həmilton – Rassel – Okon – Hülkenberq.

Yarışın növbəti dövrələrində nəzərəçarpan əlamətdar hadisə baş verməyib. Strollun səhvindən istifadə edən Həmilton onu keçib. Britaniyalı sürücü uzun müddət Saynsı izləsə də, ona real hücum etmək imkanı olmayıb.

Yarışın sonlarına yaxın Red Bull sürücüləri və Alonso arasında sürətli dövrə mübarizəsi gedib, lakin son sözü Corc Rassell deyib – gəns sürücü əylənmədə səhvə yol verdikdən sonra Soft təkərlərə keçərək son turda əlavə bir xalı aktivinə yazdıra bilib. Hülkenberq və Okon yarışa başladıqları Hard təkərləri yalnız son dövrədə dəyişiblər.

Beləliklə, Serxio Peres mövsümdə ikinci, karyerasında 6-cı qələbəsini əldə edib. Çeko Bakıda ikinci qələbəsini əldə edə bilən ilk sürücü olub. O, Bakıdan ümumilikdə 33 xalla, komanda yoldaşı ilə arasındakı xal fərqini azaldaraq ayrılır. Maks Ferstappen ikinci olaraq komandasına növbəti dublu qazandırıb. Şarl Lekler isə mövsümdə ilk dəfə podiuma yüksəlib.

Mübarizənin davamı üçün çox gözləməli olmayacağıq. Gələn həftəsonu okeanın o tayında – Mayamidə bizi yenidən gərgin yarış gözləyir…

Yer N Sürücü Komanda Zaman Pit
1 11 Serxio Peres Red Bull 1
2 1 Maks Ferstappen Red Bull + 0:02.137 1
3 16 Şarl Lekler Ferrari + 0:21.217 1
4 14 Fernando Alonso Aston Martin + 0:22.024 1
5 55 Karlos Sayns Ferrari + 0:45.491 1
6 44 Lyuis Həmilton Mercedes + 0:46.145 1
7 18 Ləns Stroll Aston Martin + 0:51.617 1
8 63 Corc Rassell Mercedes +1:14.240 2
9 4 Lando Norris McLaren + 1:20.376 1
10 22 Yuki Tsunoda AlphaTauri + 1:23.862 1
11 81 Oskar Piastri McLaren + 1:26.501 1
12 23 Aleksander Elbon Williams + 1:28.623 1
13 20 Kevin Maqnussen Haas + 1:29.729 1
14 10 Pyer Qasli Alpine + 1:31.332 2
15 31 Esteban Okon Alpine + 1:37.794 1
16 2 Loqan Sarcent Williams + 1:40.943 1
17 27 Niko Hülkenberq Haas +1 dövrə 1
18 77 Valtteri Bottas Alfa Romeo +1 dövrə 3

 

Sürətli dövrə: Corc Rassell (Mercedes) – 1:43.320  (51-ci dövrə, 208.566 km/saat

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Quanyu Çjou Alfa Romeo 38 mexaniki problem
Nik de Friz AlphaTauri 11 mexaniki problem

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 1 Maks Fertappen Oracle Red Bull Racing 98
2 11 Serxio Peres Oracle Red Bull Racing 87
3 14 Fernando Alonso Aston Martin Aramco Cognizant F1 Team 60
4 44 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 48
5 55 Karlos Sayns Scuderia Ferrari 34
6 16 Şarl Lekler Scuderia Ferrari 28
7 63 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 28
8 18 Ləns Stroll Aston Martin Aramco Cognizant F1 Team 27
9 4 Lando Norris McLaren F1 Team 10
10 27 Niko Hülkenberq MoneyGram Haas F1 Team 6
11 81 Oskar Piastri McLaren F1 Team 4
12 77 Valtteri Bottas Alfa Romeo F1 Team Stake 4
13 31 Esteban Okon BWT Alpine F1 Team 4
14 10 Pyer Qasli BWT Alpine F1 Team 4
15 24 Quanyu Çjou Alfa Romeo F1 Team Stake 2
16 22 Yuki Tsunoda Scuderia AlphaTauri 2
17 20 Kevin Maqnussen MoneyGram Haas F1 Team 1
18 23 Aleksander Elbon Williams Racing 1

 

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 180
2 Aston Martin Aramco Cognizant F1 Team Mercedes 87
3 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 76
4 Scuderia Ferrari Ferrari 62
5 McLaren F1 Team Mercedes 14
6 BWT Alpine F1 Team Renault 8
7 MoneyGram Haas F1 Team Ferrari 7
8 Alfa Romeo F1 Team Stake Ferrari 6
9 Scuderia AlphaTauri Honda RBPT 2
10 Williams Racing Mercedes 1
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*