Argentina prezidenti FİA-nın başçısı ilə görüşüb

Argentinada milli mərhələnin Formula1 təqviminə qaytarılması istiqamətində ciddi addımlar atılır. Bu yaxınlarda Buenos Ayresdəki trasın FİM və FİA-nın tələblərinə uyğunlaşdırıldığını yazmışdıq, indi isə daha bir addım atılıb - Argentinanın Prezidenti Xavyer Miley FİA Americas 2026 Konqresi zamanı ölkəsinin avtoidmandakı ambisiyalarını FİA prezidenti Muhəmməd Ben Sulayemlə müzakirə edib.

Miley və Ben Sulayem Argentinanın paytaxtında keçirilən konqresin açılışını birlikdə ediblər. Ölkənin FİA-nın ən güclü çempionatlarını cəlb etmək istəyi Şimali və Cənubi Amerikada avtoidmanın gələcəyi ilə bağlı daha geniş müzakirələrin bir hissəsinə çevrilib.

Miley bildirib ki, Formula1-in və Dünya Ralli Çempionatının (WRC) ölkəyə qayıtması üçün Argentinada bütün zəruri şərtlər var. O, ölkənin avtoidman ənənələrini və onun yetişdirdiyi sürücüləri də xatırladıb.

FİA prezidenti yerli hakimiyyətin bu ideyasını dəstəkləyib, lakin Buenos Ayresdə aparılan danışıqlar Argentinaya təqvimdə yer veriləcəyinə zəmanət vermir. Növbəti addım zəruri maliyyə təminatlarının təqdim olunması və rəsmi ərizənin verilməsidir.

,