Verlyayn ardıcıl 2-ci qələbəsindən sonra liderliyə yüksəlib

Səudiyyə Ərəbistanının Diriyah şəhərində elektrik maşınların Formula E çempionatında 3-cü yarış da başa çatıb.

F-1.az xəbər verir ki, startda ikinci yerdən daha yaxşı tərpənən Jaguar sürücüsü Mitç Evans liderliyi ələ alıb.

Sürücülər artıq trası daha yaxşı tanıdıqları üçün dünənki səhvlərə yol verməyiblər və daha mükəmməl müdafiə olunublar. Peleton stabilləşib və hamı hücum modunu aktivləşdirməyi gözləyib.

Əvvəlcə Evans trayektoriyadan çıxaraq hücum modunu aktivləşdirib və pouldan start alan Ceyk Hyuz karyerasında ilk dəfə peletona başçılıq edib. Evans 3-cü yerə düşdüyü üçün 2-ci yerə Rene Rast yüksəlib, deməli, McLaren sürücüləri liderliyi ələ alıblar.

Amma növbəti döngədə Hyuz modu aktivləşdirib və həm komanda yoldaşını, həm də Evansı irəli buraxıb. Növbəti dövrədə Rene Rasy hücumu aktivləşdirərkən heç kimi irəli buraxmayıb və liderliyini qoruya bilib və Evansdan uzaqlaşmağa başlayıb.

Elə bu zaman dünənki yarışın qalibi Paskal Verlyayn Hyuzu qabaqlayaraq 3-cü yerə yüksəlib. Daha iki dövrədən sonra Paskal Mitçi də arxada qoyub və 3 saniyə fərq yaratmış Reneyə çatmağa çalışıb.

Tezliklə Reneyə çatan Paskal hücum modu ilə liderliyi ələ alıb və rəqibindən uzaqlaşmağa başlayıb. Bu zaman mövsümdə onun əsas rəqibi Ceyk Dennis aktivləşib. Bir-birinin ardınca 3 rəqibini arxada qoyun Ceyk 2-ci yerə yüksəlib və liderlə arada olan 4 saniyəlik fərqi qapatmağa başlayıb.

Onun köməyinə Niko Müller gəlib – isveçrəli sürücünün qəzasından sonra trasa Təhlükəsizlik Maşını çıxıb və fərqlər sıfırlanıb.

TM trasdan çıxdıqdan sonra mübarizə qızışıb. Amma Paskal rəqibinə heç bir şans verməyib və ondan uzaqlaşmağa başlayıb.

Bir neçə dövrədən sonra fərq 2 saniyəni keçsə də, finişdə rəqibləri cəmi 1.2 saniyə ayırıb.

Son dövrədə McLaren maşınlarında enerji qurtarsa da, Rene Rast finiş xəttini 3-cü keçməklə komandasına ilk podiumu qazandırıb. Ceyk Hyuz isə finiş xəttini onun arxadan itələyən Evansın sayəsində 5-ci yerdə keçib. Bu zaman Sebastyen Buemi sağ tərəfdən Evansı qabaqlayıb və finişdə Ceykə cəmi 0.078 saniyə uduzub.

Mövsümün bütün yarışlarında ilk iki yeri Ceyk Dennis və Paskal Verlyayn tutublar. Porsche komandasının sürücüsü ardıcıl ikinci qələbəsindən sonra turnir cədvəlində 6 xal üstünlüklə liderliyi ələ alıb.

Komandaların yarışında isə Andretti komandası Porsche komandasını cəmi 2 xal qabaqlayır – qeyd edək Amerika komandasının maşınlarında da Porsche elektrik motorları çalışır.

Mövsümün 4-cü yarışı iki həftədən sonra Hindistanın Heydərabad şəhərində baş tutacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*