Stefano Domenikali Formula1-in bu günü və gələcəyi haqqında…

Monza paddokunda Formula1-in icraçı direktoru Stefano Domenikali təqvim, sprint formatlı mərhələlər və gələcək planlardan danışıb…

Stefano Domenikali: “Təsdiqləmək istəyirəm ki, hazırkı məqamda təqvim qüvvədə qalır. Qətər və Əbu Dabi tərəfindən təsdiq almışıq, amma açıq şəkildə müzakirə edə bilmədiyim məsələlər barədə danışmayacağam. Hadisələrin inkişafını izləyirik, daim əlaqədəyik. Əgər şərait təhlükəsizliyi və mərhələnin keçirilməsini tam təmin etməyə imkan verməsə, başqa qərarlar qəbul etməli olacağıq. Amma hazırda təsdiqləyirəm: təqvim onu necə bilirsinizsə, elə də qalır.

Gələn bazar bizi Madriddə, yeni trasda yarış gözləyir. Orada, demək olar ki, hər şey hazırdır və ya son anda hazır olacaq. Bu, ideal deyil, amma hər zaman nəyisə yaxşılaşdırmaq olar. Gələn il təqvimdə Portuqaliya da olacaq, Türkiyə də. Son aylarda əldə etdiklərimizi nəzərə alsaq, aydın olur ki, biz uzun müddət yerimizdə saya bilmərik.

Bugünkü uğurlarla kifayətlənməməliyik, yeni inkişaf imkanlarını dəyərləndirərkən realist qalmaq lazımdır. Hər şey o qədər sürətlə dəyişir ki, reaksiya verməyə hazır deyilsinizsə, dərhal geridə qalırsınız.

2027-ci ildə şənbə sprinti olan mərhələlərin sayı bu ildəkindən çox olacaq. Onlardan biri Monzada keçiriləcək. Hələlik dəqiq sayı deyə bilmərəm, amma onların sayı mərhələlərin yarısından az olacaq.

Gənc auditoriya üçün cümə günü nəyinsə əhəmiyyətli baş verdiyi uik-endlər daha cəlbedicidir. Uzun illərin azarkeşləri üçün – mən də özümü onların sırasına aid edirəm – hətta sərbəst yürüş də maraqlı ola bilər, amma geniş auditoriya üçün sıralanma turu cümə günü daha aktual kontent deməkdir. Nəticələr öz sözünü deyir. Təşkilatçılar, media, azarkeşlər – böyük əksəriyyət bu dəyişiklikləri idmanın dinamik forması kimi qəbul edib və bu, kommersiya baxımından da maraqlı nəticələr verir.

2027-ci ildə yarış məsafəsinin qısaldılması? Burada problem görmürəm. Söhbət iki-üç dövrədən gedir. Əgər bundan çox olsaydı, bunu müzakirə etməyə dəyərdi, amma indi bu məni narahat etmir.

Hazırkı reqlamenti əvəz edəcək qaydalarla bağlı müzakirələr davam edir. Bu məsələ üzrə FİA və bütün maraqlı tərəflərlə ünsiyyətdəyik. Hazırda qüvvədə olan qaydalar müzakirə olunarkən hamı əmin idi ki, avtomobil sənayesi elektromobillərə keçəcək. Aydındır ki, belə olmadı.

Qarşımızda belə bir vəzifə var: bir tərəfdən istehsalçıların iştirakını təmin etmək, digər tərəfdən isə müstəqilliyi qorumaq. Aydındır ki, texnoloji layihə nə qədər az mürəkkəb olarsa və bu, xərc və səmərəlilik üzrə hədəf göstəricilərlə uzlaşarsa, bu, müstəqilliyimizə bir o qədər çox töhfə verər.

Bir neçə əsas məsələ var. Onlardan biri ekoloji təmiz yanacaq növlərindən istifadədir. Digəri maşınların çəkisinin azaldılmasıdır. Biz sürücülərin özlərinə tabe olan maşınların imkan həddində hücum etdiyini görmək istəyirik. Sürücü əsas qəhrəman olaraq qalmalıdır”.