Sepanq rəhbərliyi Formula1-ə qayıtmaq barədə şərtlərini açıqlayıb

Malayziya Qran Prisinin keçirildiyi Sepanq trasının rəhbəri Razlan Razali yarışların daha maraqlı olacağı halda təqvimə qayıda biləcəklərini istisna etməyib.

F-1.az xatırladır ki, Malayziya Qran Prisinin təşkilatçıları sonuncu dəfə bu il yarış təşkil edəcəklərini, gələn ildən təqvimdə olmayacaqlarını açıqlamışdılar. Onlar əslində heç bu il də yarış təşkil etmək istəmirdilər, lakin müqaviləni vaxtından əvvəl pozsaydılar, qanun qarşısında cavab verməli olacaqdılar, buna görə də təqvimdə qalmışdılar.

Bu qərarın verilməsinə maddi problemlər və yerli publikanın yarışa azalan marağı səbəb olub. Razali AutoSport-a müsahibəsində yenidən yarışlar keçirəcəklərini istisna etməyib, lakin indiki vəziyyətdə mümkün olmayacağını bildirirb.

Razlan Razali: “Əlbəttə, tras buradadır və heç yerə getmir. Əgər Formula1 bu problemləri həll etsə, biz qayıdacağıq. Biz istəyirik ki, bu idmana olan maraq əvvəlki səviyyəyə qalxsın. 2014-cü ildə reqlamentdə edilən ciddi dəyişikliklər və V6 motorlara keçid marağın getdikcə azalmasına səbəb oldu. Artıq televiziyadan yarışlara baxanların sayında da azalma var və tribunalara da əvvəlki qədər azarkeş gəlmir. Baxaq görək, yeni rəhbərlik nələrə nail olacaq”.

Sepanqın tribunalarının tutumu 120 mindir, lakin son illərdə yarışa canlı baxan azarkeş sayında kəskin azalma var idi. Ötən il baş tutan Malayziya Qran Prisini tribunadan 45 min nəfər izləmişdi. Razvali Sinqapurun təqvimdə olmasının da Sepanqdakı yarışı izləyənlərin sayına mənfi təsir göstərdiyini hesab edir: “Cənub-şərqi Asiyada iki yarışın olması sözsüz ki, tamaşaçı sayına təsir göstərir. Biz yarışı növbəli təşkil etsək, daha yaxşı olardı. Sinqapur Qran Prisinin təşkilatçıları 2008-ci ildə bu təklifi ediblər. Mən o vaxt bu vəzifədə deyildim və yəqin ki, bizim tərəf imtina edib. Bəs mən indi bu varianta müsbət yanaşıram? Bəli”.

Razvali Sepanqda testlərin keçirilməsinin mümkünlüyünü də istisna etmir, lakin bunun maraqla qarşılanacağına şübhə ilə yanaşır: “Bu ideya barədə düşünmüşəm, lakin azarkeşlərin testlərə maraq göstərəcəyinə əmin deyiləm. MotoGP testləri zamanı tribunalara giriş pulsuz olur, amma Formula1 tərəfindən belə yanaşma gözləmirəm”.

 

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*