S.Domenikali: Amerikalı pilot lazımdır

Formula1-in rəhbəri Stefano Domenikali bildirib ki, Formula1-in güclü amerikan sürücüyə ehtiyacı var.

F-1.az xatırladır ki, Amerika son illərdə Formula1-ə maraq salıb. 2011-ci ildə ABŞ-da yarış keçirilmədiyi halda, gələn ildən təqvimdə 3 Amerika yarışı olacaq. Ancaq Yeni Dünyanın sakinləri deyəsən bununla kifayətlənməyəcək. Çünki Nyu York da yarış keçirmək üçün işlər görür.

Buna baxmayaraq peletonda amerikalı sürücü yoxdur. Formula1-də yarışmış son amerikan Aleksander Rossi (2015) olub. Ondan əvvəl isə Skot Spid, Maykl Andretti və Denni Sallivan Formula1-də mübarizə aparıb.

Yarış qazanan son amerikalı pilot isə 1978-ci ildə Mario Andretti olub. Ümumilikdə isə ABŞ-dan olan iki sürücü – Fil Hill və Mario Andrerti – Formula1-də titula sevinib.

Stefano Domenikali: “Formula1-in doğrudan da amerikalı sürücüyə ehtiyacı var. Amma o güclü olmalıdır. Bu, önəmlidir, çünki sürücü qabiliyyəti də fərq yaradır. Buna görə də əsl qəhrəmana ehtiyac var. Amerikalılar da bu işdə maraqlı olmalı və sürücülərin inkişafına kömək etməlidirlər”.