Monzadakı əfsanəvi avtodromun tarixinin bir çox səhifəsi Pirelli ilə bağlıdır. Elə onu demək kifayətdir ki, 1922-ci il sentyabrın 10-da məhz burada keçirilən İtaliyanın ilk Qran Prisinin qalibi Pyetro Bordino olmuşdu və onun Fiat 804 maşını bu şirkətin istehsalı olan təkərlərlə təchiz edilmişdi.

Bu gün Pirelli qarşıdakı yarışın qalibinin və mükafatçılarının alacaqları kubokları təqdim edib – onlar italiyalı rəssamlar Stella Skala və Simeone Krispino tərəfindən hazırlanıb. Bu mövzuya da toxunulan press-relizdə qeyd olunur ki, onların yaradıcılıq üslubunda ironiya ətrafımızdakı reallığın ziddiyyətlərini və mürəkkəbliyini duymaq bacarığı ilə birləşir. Kuboklar 3D çap üsulu ilə hazırlanıb, daha sonra rənglənib, qalvanizasiya olunub və cilalanıb. Rəssamların sözlərinə görə, “İdeya qədim ənənə ilə bağlıdır: o zaman kubok əldən-ələ ötürülür və bir növ cam rolunu oynayaraq ümumi bayram hissi yaradırdı. Biz istədik ki, bu idman trofeyi bir nəfərin qazandığı qələbəni simvolizə etsin, amma eyni zamanda belə nailiyyət komanda ruhunu da əks etdirsin. Formula1-ə tətbiq etdikdə bu, həm komandaları, həm azarkeşləri, həm də ümumiyyətlə sürücüləri əhatə edən hər şeyi nəzərdə tutur”.
Monzadakı mərhələ üçün təkər istehsalçıları ən yumşaq üç tərkibi hazırlayıblar: C3 Hard, C4 Medium, C5 isə Soft rolunu oynayacaq. Nəzəri cəhətdən, bazar gününə proqnozlaşdırılan kifayət qədər mülayim temperatur fonunda, Qran Pri günü hər üç tərkib taktiki sxemlərdə istifadə oluna bilər.
Uzunluğu 5.793 km olan və 11 döngədən ibarət bu tras Formula1 təqvimində ən sürətli traslardan biridir. Amma gözlənilir ki, bu il əyləcləmə zonalarında ön təkərlərə düşən yüklər bir qədər az olacaq, çünki çox güman, döngəyə giriş sürətləri aşağı düşəcək. Bunun əvəzində isə sürücülərin güc qurğularının maksimal gücündən istifadə etdiyi sürətlənmə mərhələsində arxa təkərlərə düşən yüklər artacaq.
Əyləcləmə zamanı stabillik və döngəlardan çıxışda, xüsusən də ilk şikanada və Ascari-də aparıcı təkərlərin yaxşı ilişməsi sürücülərin rəqibləri üzərində nə dərəcədə üstünlük qazana biləcəyini müəyyən edən iki əsas amildir.
Bu trasda komandalar düzlükdə maksimal sürətə üstünlük verərək maşınları minimum asfaltayatma qüvvəsinə kökləsələr də, örtük adətən ilk məşq günündən etibarən kifayət qədər yaxşı ilişmə təmin edir.
Yarış ərzində arxa təkərlərin qızması riski var, amma deqradasiyanın təkərin effektivliyinə çox ciddi təsir göstərməməsi gözlənilir. Deməli, Monzada ötmə etmək mümkün olsa da, ən real ssenari bir pit-stoplu taktika olacaq.





